8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlərini davam etdirən Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndələri Zəfər Muzeyini ziyarət edib.
Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.
Universitetin Hərbi tibb fakültəsinin bir qrup şəxsi heyəti, o cümlədən fakültənin zabit, müəllim və kursantları ziyarət zamanı muzeydə nümayiş olunan eksponatlarla, Vətən müharibəsi dövrünə aid tarixi fotoşəkillərlə və zəfər tariximizi əks etdirən stendlərlə yaxından tanış olublar.
Şəxsi heyət, həmçinin Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, muzeyin həyətində yerləşən xatirə kompleksi və Zəfər simvolu önündə xatirə şəkilləri çəkdiriblər.
Qeyd olunub ki, bu qəbildən olan tədbirlər gənc hərbi həkimlərin və kursantların vətənpərvərlik ruhunda tərbiyə olunmasında, qəhrəmanlıq tariximizin öyrənilməsində və təbliğində böyük əhəmiyyət kəsb edir.

