İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrin övladları üçün 8 Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı sosial-tibbi aksiya təşkil olunub.
Aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin təşkilatçılığı ilə həyata keçirilib. Layihə çərçivəsində 200 azərbaycanlı uşağa ödənişsiz tibbi müayinə və sağlamlıq xidmətləri göstərilib.
Türkiyədə bu miqyasda və formatda ilk dəfə keçirilən aksiya İstanbulda yaşayan, tibbi sığortası olmayan, maddi imkanı məhdud azərbaycanlı ailələrin övladlarının keyfiyyətli tibbi xidmətlərdən yararlanmasına şərait yaradıb.
Aksiya çərçivəsində peşəkar həkim heyəti tərəfindən uşaqlara pediatriya, qulaq-burun-boğaz, stomatologiya, oftalmologiya və nitq terapiyası istiqamətləri üzrə müayinələr və tibbi xidmətlər həyata keçirilib. Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyevin təşkilatçılığı və dəstəyi ilə tədbir məkanında səyyar laboratoriya da fəaliyyət göstərib.
TADEF-in sədr müavini Pərviz Məmmədzadə, Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin sədri, invaziv nevroloq və insult mütəxəssisi uzman dr. Vüqar Cəfər, Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev, İstanbulda fəaliyyət göstərən Milli Qəhrəman Mübariz İbrahimov adına Özəl "Aygün" Şəxsi İnkişaf Kursu tədris müəssisəsinin müdiri Aydın Həsənoğlu və digər çıxışçılar layihənin sosial əhəmiyyətini vurğulayaraq aztəminatlı ailələrin övladlarının tibbi xidmətlərdən yararlanmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, Zəfər Günü münasibətilə həyata keçirilən bu təşəbbüs xaricdə yaşayan azərbaycanlılara göstərilən diqqət və qayğının, eləcə də Azərbaycan–Türkiyə qardaşlığının humanitar sahədəki təzahürüdür. Çıxışlarda layihədə könüllü iştirak edən həkimlərə, Diasporla İş üzrə Dövlət Komitəsinə, TADEF-ə, Gənc Azərbaycanlılar Dərnəyinə və təşkilati dəstək göstərən hər kəsə təşəkkür edilib. Həmçinin uşaqların vitamin kompleksləri ilə təmin olunmasına verdiyi dəstəyə görə "Vefa İlaç" şirkətinin rəhbəri Xaləddin Quliyevə minnətdarlıq bildirilib.
Layihənin həyata keçirilməsində Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə yanaşı, Türkiyənin müxtəlif tibb müəssisələrində çalışan azərbaycanlı həkimlər də könüllü olaraq yer alıblar.
Qeyd edək ki, bu sosial-tibbi aksiya Azərbaycan–Türkiyə qardaşlığının yalnız siyasi və mədəni sahələrlə məhdudlaşmadığını, humanitar əməkdaşlıq, sosial məsuliyyət və soydaşlarımıza əməli dəstək istiqamətlərində də özünü göstərdiyini bir daha təsdiqləyib. Zəfər Günü münasibətilə təşkil olunan layihə xaricdə yaşayan azərbaycanlı ailələrə dəstək, diaspor həmrəyliyinin möhkəmləndirilməsi və uşaqların sağlam gələcəyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
"Xalq qəzeti"

