Danimarka Krallığının Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 76-cı sessiyası keçirilib.
Sessiyanın əsas məqsədi Avropa regionunda səhiyyə sistemlərinin qarşısında duran aktual çağırışların müzakirəsi, əhalinin sağlamlığının qorunması və təşviqi istiqamətində prioritetlərin müəyyənləşdirilməsi, həmçinin üzv dövlətlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi olub.
Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, tədbirdə qeyri-infeksion xəstəliklərlə mübarizə, əhalinin sağlamlığının və rifahının təşviqi, səhiyyə sistemlərinin dayanıqlığının gücləndirilməsi, eləcə də süni intellektin tətbiqi və rəqəmsal transformasiya kimi mühüm məsələlər müzakirə olunub.
Sessiyada Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vüqar Məmmədov iştirak edib. O, müzakirə olunan aktual məsələlər üzrə Azərbaycan Respublikası adından çıxışlar edərək ölkəmizin mövqeyini, səhiyyə sahəsində həyata keçirilən islahatları və mövcud təcrübəni beynəlxalq iştirakçıların diqqətinə çatdırıb.

