Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı əməliyyat uğurla icra olunub.
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, 1979-cu il təvəllüdlü qadın pasiyent mədə-bağırsaq qanaxması şikayəti ilə Respublika Klinik Xəstəxanasına müraciət edib.
Aparılan laborator və diaqnostik müayinələr nəticəsində pasiyentdə qida borusunun yuxarı 1/3 hissəsinin qanaxma verən törəməsi aşkarlanıb.
12.10.2026-cı il tarixində pasiyent Respublika Klinik Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini, professor Sahib Hüseynovun rəhbərliyi ilə əməliyyata alınıb.
Əməliyyat zamanı qida borusunun ekstirpasiyası, limfodisseksiya, ezofaqoqastroanastomozun qoyulması, həmçinin mediastinumun, sol diafraqmaaltı nahiyənin və kiçik çanağın drenajı əməliyyatları icra olunub.
Aparılan müalicə və tibbi müşahidələrdən sonra pasiyent 24.10.2026-cı il tarixində qənaətbəxş vəziyyətdə evə buraxılıb.
Pasiyent göstərilən yüksək səviyyəli tibbi xidmətə, həkimlərin peşəkarlığına və yaradılan şəraitə görə Respublika Klinik Xəstəxanasının rəhbərliyinə və bütün tibbi kollektivinə təşəkkürünü bildirib.

