Plastik çay paketləri bir fincana minlərlə mikroplastik hissəcik buraxa bilər - 28 marka araşdırıldı
01.11.2026 11:34

Türkiyədə aparılan araşdırma plastik çay paketlərinin isti suya minlərlə mikroplastik hissəcik və bəzi kimyəvi maddələr buraxa bildiyini üzə çıxarıb.

 

Aztibb.az "npj Science of Food" jurnalında dərc olunan tədqiqatın nəticələri nə diqqət çəkib.

Rəcəb Tayyib Ərdoğan Universitetinin alimləri Türkiyədəki supermarketlərdən alınmış paketlənmiş və çəkilmiş çayın hər birindən 14 marka olmaqla, ümumilikdə 28 markanı araşdırıblar. Nümunələrə qara və yaşıl çaylar daxil edilib.

Paketlənmiş çay markalarından yalnız dördündə neylonun bir növü olan poliamiddən hazırlanmış plastik paketlər aşkarlanıb. Digər 10 markanın paketləri isə kağızdan və ya sellülozadan hazırlanıb. Tədqiqatçılar çay paketlərini təzə qaynadılmış suda üç dəqiqə saxlayaraq suya keçən hissəciklərin sayını müəyyənləşdiriblər.

Nəticələrə görə, plastik paketlərdən hazırlanan çayın bir fincanında 555-dən 2498-dək hissəcik qeydə alınıb. Müqayisə üçün, çəkilmiş çayın bir fincanında cəmi 0,3–2,4 hissəcik aşkarlanıb. Alimlər hesab edirlər ki, bu hissəciklər ətraf mühitdən, kənd təsərrüfatından və istehsal avadanlıqlarından çaya düşə bilər.

Mikroplastik və kimyəvi maddələr sağlamlıq üçün risk yarada bilərmi?

Mikroplastikin əvvəl düşünüldüyü qədər zərərsiz olmaya biləcəyinə dair elmi sübutlar getdikcə artır. Laboratoriya tədqiqatları onun iltihabi proseslərə səbəb ola, orqanizmi reaktiv radikalların, həmçinin bisfenol A və ftalatların təsirinə məruz qoya biləcəyini göstərib.

Araşdırmada sınaqdan keçirilən plastik paketli çay nümunələrinin hamısında bisfenol A və ftalatların müəyyən səviyyələri aşkarlanıb. Markalardan birində isə BBP adlı ftalatın miqdarında qeyri-adi artım qeydə alınıb. Tədqiqatçılar bunun çay paketinin ağzını yapışdırmaq üçün istifadə edilən yapışqandan qaynaqlana biləcəyini ehtimal edirlər. Həmin markanın adı məqalədə açıqlanmayıb.

Bisfenol A və ftalatlar plastik məhsulların elastikliyini, şəffaflığını, möhkəmliyini və davamlılığını artırmaq üçün istifadə edilən sintetik kimyəvi maddələrdir. Onlar ətraf mühitdə geniş yayıldığına, müxtəlif vəhşi heyvanların, eləcə də insanların orqanizmində aşkarlandığına görə bəzən “hər yerdə rast gəlinən kimyəvi maddələr” adlandırılır.

Mövcud elmi məlumatlar bu maddələrin heyvanların sağlamlığına, xüsusilə hormonların istehsalını və fəaliyyətini tənzimləyən endokrin sistemə mənfi təsir göstərə biləcəyini göstərir. Endokrin sistem maddələr mübadiləsi, cinsi funksiya, çoxalma, yuxu və əhval-ruhiyyə kimi bir çox prosesi tənzimləyir.

Bisfenol A-nın miqdarı təhlükəsizlik hədləri daxilində olub

Araşdırmanın müsbət nəticələrindən biri bisfenol A-nın müəyyən edilmiş miqdarının təhlükəsizlik hədləri daxilində qalmasıdır. Avropa Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi normalara əsasən, bir fincan çayın tərkibindəki bisfenol A-nın miqdarı gündəlik qəbul üçün müəyyən edilmiş həddin 4,5–21,7 faizini təşkil edib.

Müəlliflər bu göstəricilərin xüsusilə uşaqlar, hamilə qadınlar və çox çay içən insanlar üçün diqqətlə qiymətləndirilməli olduğunu bildirirlər.

Əvvəlki tədqiqatlarda daha çox mikroplastik aşkarlanmışdı

2019-cu ildə dərc olunmuş əvvəlki araşdırmalardan birində sintetik çay paketlərinin bir fincan çaya milyardlarla mikroplastik və nanoplastik hissəcik buraxa biləcəyi irəli sürülmüşdü.

Yeni araşdırmada isə bir fincanda yüzlərlə, bəzən bir neçə min hissəcik qeydə alınıb. Bununla belə, tədqiqatçılar real göstəricinin daha yüksək ola biləcəyini istisna etmirlər. İstifadə edilən metod nanoplastik hissəcikləri aşkar etməyə imkan verməyib və yalnız ölçüsü 100 mikrometrdən böyük olan hissəciklər plastik kimi müəyyənləşdirilib.

Beləliklə, nəticələr plastik çay paketlərinin isti suya mikroplastik və bəzi kimyəvi maddələr buraxa bildiyini göstərir. Lakin aşkarlanan hissəciklərin insan sağlamlığına konkret təsirini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub