Tibbi maarifləndirmənin yetərli olmaması insanları həkimlərə deyil, reklamlara, internetə, bloqerlərə və xalq təbabəti reseptlərinə daha çox etibar etməyə sövq edir.
Aztibb.az "Life" portalına istinadən yazır ki, bu fikri həkim və teleaparıcı Aleksandr Myasnikov özünün “Telegram” kanalında bölüşüb. Onun qiymətləndirməsinə görə, Rusiyada əhalinin tibbi maarifləndirilməsi istiqamətində işlər, demək olar ki, aparılmır.
Həkim buna misal olaraq peyvənddən imtina edilməsini və uşağın qəsdən qızılcaya yoluxdurulmasına üstünlük verilməsini göstərib. O, uşağın xəstəliyi keçirməsi üçün onu qızılcaya yoluxmuş qonşuların yanına aparmağın daha yaxşı olduğu barədə yanlış təsəvvürü tənqid edib.
“Beləcə, insanlar bir ifratdan digərinə atılır”, – deyə Myasnikov yazıb.
Həkim geniş yayılmış yanlış inanclar arasında arterial hipertoniyanın müalicəsində dərman preparatlarından istifadəyə ehtiyac olmadığı düşüncəsini də qeyd edib. O, digər bir ifrat yanaşma kimi uşaqlıq boynu eroziyasının mütləq yandırılmalı, simptomsuz öd kisəsi daşlarının isə hökmən əridilməli və ya cərrahi yolla çıxarılmalı olduğu qənaətini göstərib.
A.Myasnikov əhalinin tibbi savadlılığının artırılmasına çağırış edib.

