NVIDIA şirkətinin baş direktoru Censen Huanq süni intellektin inkişafının radiologiya peşəsinə ciddi təsir göstərəcəyini bildirib. Onun sözlərinə görə, tibbi görüntülərin təhlili sahəsində süni intellektin imkanları insan səviyyəsini üstələyir və bu, radiologiyanın gələcəyi ilə bağlı suallar yaradır.
Aztibb.az xəbər verir ki, C.Huanq bu barədə sosial hesabında paylaşıb. O, radiologiyanı süni intellektin tamamilə aradan qaldıra biləcəyi ilk peşə kimi xarakterizə edib və gənclərə bu sahəyə yönəlməyi məsləhət görmədiyini bildirib.
O qeyd edib ki, kompüter görmə texnologiyaları tibbi təsvirləri təhlil etmək, müxtəlif anomaliyaları aşkar etmək və görüntülərdəki detalları müəyyənləşdirmək qabiliyyətinə malikdir. Huanqın fikrincə, bu sistemlər yorulmadan işləyir və bəzi hallarda insanlardan daha yüksək dəqiqlik nümayiş etdirir.
NVIDIA rəhbəri bu imkanların gələcəkdə radiologiyanın mövcud fəaliyyət modelini köklü şəkildə dəyişə və peşənin aradan qalxmasına səbəb ola biləcəyini iddia edib.

