Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərovun həmmüəllifi olduğu elmi məqalə dünyanın nüfuzlu pediatrik cərrahiyyə nəşrlərindən biri olan “Journal of Pediatric Surgery” jurnalında dərc edilib.
Aztibb.az xəbər verir ki, “Scopus” üzrə Q1 kvartilinə daxil olan, “Web of Science” və “PubMed” bazalarında indekslənən “Elsevier” nəşrinin səhifələrində yer alan tədqiqat anadangəlmə adrenal hiperplaziyanın (CAH) cərrahi müalicəsində total urogenital mobilizasiya (TUM) texnikasının nəticələrinə həsr olunub.
“Konjenital adrenal hiperplaziyanın TUM texnikası ilə cərrahi korreksiyası geniş yaş aralığında təhlükəsizdirmi və kontinensiyanı qoruyurmu? 73 pasiyentdən ibarət tək-mərkəzli təcrübə” adlı araşdırmanın əsas yeniliyi TUM texnikasının tətbiq imkanlarının geniş yaş aralığında və mürəkkəb anatomik şəraitdə qiymətləndirilməsidir. Tədqiqat 2014–2025-ci illər arasında əməliyyat edilmiş 73 kongenital adrenal hiperplaziya (CAH) diaqnozlu pasiyenti əhatə edir. Nəticələr göstərir ki, əvvəllər bu texnika üçün əlverişsiz hesab edilən yaş qruplarında və müəyyən anatomik məhdudiyyətlərin olduğu hallarda belə, düzgün cərrahi yanaşma ilə sidik kontinensiyasını qorumaq mümkündür. Uzunmüddətli izləmə nəticələri də ümidvericidir.
Qeyd edək ki, CAH olan qız uşaqlarında cərrahi korreksiya pediatrik cərrahiyyənin ən mürəkkəb və həssas istiqamətlərindən biridir. TUM texnikasının hansı yaş və anatomik şəraitdə təhlükəsiz tətbiq oluna biləcəyi isə uzun müddətdir elmi müzakirə mövzusudur.
Bu baxımdan tədqiqat TUM texnikasının tətbiq sərhədlərinin yenidən qiymətləndirilməsi, gələcək elmi araşdırmalar və klinik qərarların verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

