Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Qazaxıstanın Astana şəhərində Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) 15 illik yubileyi çərçivəsində keçirilən X Mərkəzi Asiya Beynəlxalq Təhsil Keyfiyyətinin Təminatı Forumunda iştirak edib.
Professor Gəray Gəraybəyli forumun panel müzakirəsində çıxış edərək klinika və təhsilin üçlü inteqrasiya modelinə, süni intellekt və keyfiyyət standartlarına, transmilli akkreditasiya və monitorinqin roluna toxunub. ATU rektoru tədris proqramlarının real klinik praktika ilə uzlaşdırılmasının, süni intellekt və rəqəmsal diaqnostika alətlərinin tibb təhsilinə inteqrasiyasının vacibliyini vurğulayıb. O, IAAR ilə əməkdaşlıq çərçivəsində post-akkreditasiya monitorinqinin ali təhsil müəssisələrində inkişaf tələb edən istiqamətlərin vaxtında müəyyənləşdirilməsinə və təkmilləşdirilməsinə imkan verdiyini bildirib.
Professor Gəray Gəraybəyli ali təhsildə keyfiyyət təminatı sahəsində məhsuldar əməkdaşlıq və birgə fəaliyyətə görə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) Baş direktoru Alina Zhumagulova tərəfindən beynəlxalq sertifikatla təltif olunub.
ATU rektoru Gəray Gəraybəylinin forumdakı çıxışı Qazaxıstanın rəsmi dövlət mətbuatında da ("Kazpravda" qəzeti) yer alıb.

