Azərbaycan Tibb Universitetinin (ATU) alimləri Daşkənd şəhərində keçirilən III Türkdilli Dövlətlər Kardioloqları Qurultayı və “Özbəkistan–Azərbaycan” Tibb Forumu daxil olmaqla bir sıra beynəlxalq elmi tədbirlərdə iştirak ediblər.
Bu məlumat Aztibb.az-a ATU-dan verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyinin rəhbərliyi ilə geniş tərkibdə təmsil olunan Azərbaycan nümayəndə heyətinin tərkibinə ATU-dan Daxili xəstəliklər kafedrasının dosentləri Törə Sadıqova və Aygün Kazımlı daxil olublar.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilati fəaliyyəti ilə baş tutan tədbirlərdə Törə Sadıqova öz məruzəsində türkdilli ölkələrdə vahid kardio-onkoloji xidmətin yaradılması və bu sahədə ölkələrarası əməkdaşlığın perspektivləri barədə danışıb. Aygün Kazımlı isə “Ağciyər hipertenziyasında sağ mədəcik: funksiyanın qiymətləndirilməsindən nəticələrin proqnozlaşdırılmasına” mövzusunda məruzə ilə çıxış edib.
ATU alimlərinin elmi məruzələri auditoriya tərəfindən böyük maraqla qarşılanıb və təqdim olunan mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbirlər Azərbaycan və Özbəkistan arasında kardiologiya, kardio-cərrahiyyə və transplantologiya sahələrində əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi daşıyıb.
Belə platformalar Azərbaycan tibb elminin beynəlxalq səviyyədə təmsil olunması, region ölkələri arasında elmi əməkdaşlığın gücləndirilməsi və yeni birgə layihələrin formalaşdırılması baxımından mühüm rol oynayır.

