Qidalanma ilə bağlı geniş yayılmış yanlış fikirlərdən biri bütün karbohidratların orqanizmdə iltihaba səbəb olmasıdır. Əslində isə karbohidratların təsiri onların hansı mənbədən və hansı formada qəbul edilməsindən asılıdır. Tam və az işlənmiş qidalardan alınan karbohidratlar lif, antioksidantlar və digər faydalı birləşmələrlə zəngin ola bilər.
Aztibb.az "Epochtimes" nəşrinə istinadən yazır ki, bu qidalardan şirin kartof (batat), paxlalılar və qarabaşaq xüsusilə diqqət çəkir.
Lif iltihabın azalmasına necə kömək edir?
Tam qidalarda olan karbohidratların mühüm komponentlərindən biri qida lifidir. Liflə zəngin qidalanma xroniki iltihabi xəstəliklərin daha aşağı riski ilə əlaqələndirilir. Bunun səbəblərindən biri bağırsaq mikrobiotasının sağlamlığının dəstəklənməsidir.
Bəzi karbohidrat mənbələrində rezistent nişasta da olur. Bu nişasta nazik bağırsaqda tam həzm olunmur və yoğun bağırsağa çataraq burada bağırsaq bakteriyaları tərəfindən fermentasiya edilir. Nəticədə butirat kimi qısa zəncirli yağ turşuları əmələ gəlir. Bu maddələrin bağırsaq sağlamlığının və iltihab proseslərinin tənzimlənməsində rol oynadığı düşünülür.
Şirin kartof lif, rezistent nişasta və antioksidantlarla zəngindir. Bəzi növlərinin qırmızı, bənövşəyi və ya mavi rəngdə olmasını təmin edən antosianinlər də antioksidant xüsusiyyətləri ilə seçilir.
2026-cı ildə aparılmış laboratoriya tədqiqatında şirin kartofun tərkibində olan beta-sitosterol və kampesterol adlı təbii birləşmələrin siçanların immun hüceyrələri tərəfindən ifraz olunan interleykin-6-nın (IL-6) miqdarını azaltdığı müəyyən edilib. Tədqiqatçılar bu birləşmələrin şirin kartofun potensial iltihabəleyhinə təsirində rol oynaya biləcəyini bildiriblər.
Lakin bu nəticələr laboratoriya və heyvan tədqiqatına əsaslanır. Buna görə həmin təsirin insanlarda eyni şəkildə müşahidə olunacağını söyləmək üçün əlavə klinik araşdırmalara ehtiyac var.
Lobya, mərcimək və noxud kimi paxlalılar həll olunan lif, polifenollar və digər bioloji aktiv maddələrlə zəngindir. Bu xüsusiyyətlər onların bağırsaq mikrobiotasına və metabolik sağlamlığa müsbət təsir göstərə bilməsi ilə əlaqələndirilir.
Noxudla bağlı 12 həftəlik bir araşdırmada prediabeti olan iştirakçılara noxud, qara lobya və ya ağ düyü verilərək nəticələr müqayisə edilib. Altı həftədən sonra noxud qəbul edən qrupda qanda iltihabla əlaqəli müəyyən zülalın daha aşağı səviyyədə olduğu müşahidə edilib.
Qarabaşaq texniki baxımdan taxıl deyil, toxumdur. Təbii olaraq qlütensiz olduğu üçün qlütendən uzaq duran insanlar üçün də uyğun qida alternativlərindən biridir.
Qarabaşaq rutin adlı flavonoidlə zəngindir. Bu maddə qan damarlarının sağlamlığının və qan dövranının dəstəklənməsində rol oynaya bilər.
Kinoa da taxıl kimi istifadə olunsa da, əslində toxumdur. Lif və zülalın birlikdə olması onun qan şəkərinin daha sabit saxlanmasına kömək edə bilən qidalardan biri kimi qiymətləndirilməsinə imkan verir. Bundan əlavə, kinoa bağırsaq mikrobiotasının sağlamlığını dəstəkləyən qida komponentləri ehtiva edir.
Banan kimi meyvələr də karbohidratlarla yanaşı, lif, vitaminlər və digər faydalı qida maddələri ilə təmin edir. Bununla belə, hər bir qidanın sağlam olması onun limitsiz miqdarda qəbul edilməli olduğu anlamına gəlmir.
Əsas məsələ karbohidratları tamamilə rasiondan çıxarmaq deyil, daha çox tam və az işlənmiş qidalardan alınan karbohidrat mənbələrinə üstünlük verməkdir. Tərəvəz, paxlalılar, tam taxıl alternativləri, meyvələr və digər qidalardan ibarət balanslaşdırılmış rasion ümumi sağlamlığın qorunmasına kömək edə bilər.

