Altı həftə ərzində həftədə üç dəfə pilləkənlə qalxmaq ürək-tənəffüs dözümlülüyünü əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər
Təxminən yarım milyon insanın məlumatlarının son təhlilinin nəticələrinə görə, müntəzəm olaraq pilləkənlə qalxan insanlarda ürək-damar xəstəliklərindən ölüm riski 39 faiz, bütün səbəblərdən ölüm riski isə 24 faiz aşağıdır.
Aztibb.az “American Journal of Cardiovascular Drugs” jurnalında dərc olunan məqaləyə istinadən yazır ki, 480 479 nəfərin iştirak etdiyi 9 tədqiqatın sistematik icmalı və meta-analizi təhlil edilıib. İştirakçıların orta müşahidə müddəti 14 il olub. Birləşdirilmiş məlumatlar 35–84 yaş aralığında olan böyükləri əhatə edib və iştirakçıların yarıdan bir qədər çoxu qadınlardan ibarət olub.
“Pilləkənlə qalxmaq fiziki aktivliyi gündəlik həyata daxil etməyin praktik və çox vaxt lazımi qədər qiymətləndirilməyən üsuludur”, – tədqiqatın müəllifi, Şərqi İngiltərə Universitetinin Norviç Tibb Məktəbinin professoru Vasilios Vasilou bildirib.
Pilləkəndən nadir hallarda istifadə edən insanlarla müqayisədə, müntəzəm olaraq pilləkənlə qalxanlarda ürək-damar xəstəliklərindən ölüm riski 39 faiz, bütün səbəblərdən ölüm riski isə 24 faiz aşağı olub. Tədqiqat həmçinin göstərib ki, pilləkənlə qalxan insanlarda infarkt, insult və ürək çatışmazlığı kimi ciddi ürək xəstəlikləri daha az inkişaf edir.
“Pilləkəndən təhlükəsiz şəkildə istifadə edə bilən insanlar üçün bu, gündəlik həyata daha çox fiziki aktivlik əlavə etməyin sadə və ucuz üsuludur”, – Vasilou açıqlamasında deyib.
Müşahidə olunan qanunauyğunluq dəyişməz olub: pilləkənlə qalxmaq riskin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilib. Bəzi tədqiqatlar göstərib ki, pilləkənlə daha tez-tez qalxmaq əlavə fayda verir, lakin bu fayda məhdudiyyətsiz deyil.
Təhlilə daxil edilən iri tədqiqatlardan biri göstərib ki, ən böyük fayda gündə təxminən altı dəfə pilləkənlə qalxmaqla əldə olunur. Lakin bunun rəsmi tövsiyə kimi qəbul edilməsi üçün əlavə tədqiqatlara ehtiyac var.
O, qeyd edib ki, təhlil etdiyi tədqiqatlarda pilləkənlə qalxma müxtəlif üsullarla ölçülüb. Bu isə yalnız mövcud məlumatların təhlili əsasında optimal “doza”nı müəyyənləşdirməyi çətinləşdirir.
Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəbidir. Bu xəstəliklərin yayılması 1990–2019-cu illər arasında təxminən iki dəfə artıb.
Mövcud məlumatlar göstərir ki, altı həftə ərzində həftədə üç dəfə qısa müddətli pilləkənlə qalxma intervallarının fiziki aktivliyə daxil edilməsi ürək-tənəffüs dözümlülüyünü əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

