Məktəblərin açılmasına az vaxt qalmış mütəxəssislər valideynlərə mühüm xəbərdarlıq ediblər. Tətil müddətində pozulan yuxu rejimi, ekran qarşısında keçirilən vaxtın artması və gündəlik vərdişlərin dəyişməsi uşaqların məktəbə uyğunlaşmasını çətinləşdirə bilər. Mütəxəssislər yeni dərs ilinə daha rahat başlamaq üçün 8 mühüm addım açıqlayıblar.
Aztibb.az CNN Türk-ə istinadən yazır ki, yay tətilində gec yatmağa və gec oyanmağa öyrəşən uşaqların məktəb rejiminə birdən-birə uyğunlaşması asan olmur. Mütəxəssislərin fikrincə, yuxu rejiminin qəfil dəyişdirilməsi səhərlər oyanmaqda çətinlik, gün ərzində yorğunluq, diqqətin yayınması və narahatlıq kimi problemlərə səbəb ola bilər.
Uşaq və yeniyetmə psixi sağlamlığı üzrə mütəxəssis Özge Çelik Büyükceran məktəbə hazırlığın yalnız məktəb ləvazimatlarının alınmasından ibarət olmadığını bildirib. Onun sözlərinə görə, uşaqlar yeni tədris ilinə həm fiziki, həm də emosional baxımdan hazırlanmalıdır.
Yuxu rejimini tədricən dəyişdirin
Mütəxəssislər məktəb başlamazdan ən azı bir həftə əvvəl uşağın yatmaq və oyanmaq saatlarının tədricən dəyişdirilməsini tövsiyə edirlər.
Uşağı məktəb başlamazdan bir gecə əvvəl tez yatızdırmağın əksər hallarda kifayət etmədiyini bildirən ekspertlər yuxu saatının hər gün 15–30 dəqiqə daha erkən vaxta çəkilməsinin daha məqsədəuyğun olduğunu qeyd edirlər.
Səhər gün işığından yararlanmaq, fiziki aktiv olmaq və səhər yeməyi saatını məktəb rejiminə uyğunlaşdırmaq bioloji saatın yenidən tənzimlənməsinə kömək edə bilər.
Ekran qarşısında keçirilən vaxtı məhdudlaşdırın
Telefon, planşet və kompüterdən, xüsusilə axşam saatlarında istifadə yuxuya getməyi çətinləşdirə bilər.
Mütəxəssislər uşaqların yatmazdan ən azı bir saat əvvəl rəqəmsal cihazlardan uzaq qalmasını, imkan daxilində telefon və planşetlərin yataq otağında saxlanılmamasını tövsiyə edirlər.
Bu prosesdə valideynlərin də öz ekran istifadəsinə diqqət yetirməsinin vacib olduğu bildirilir. Məktəb başlamazdan bir neçə gün əvvəl səhər rejiminin formalaşdırılması isə uşağın yeni gündəlik qaydalara uyğunlaşmasını asanlaşdıra bilər.
Səhər hazırlığını əvvəlcədən sınaqdan keçirin
Çanta və geyimlərin axşamdan hazırlanması, səhər yeməyi və məktəbə hazırlaşmaq üçün tələb olunan vaxtın əvvəlcədən müəyyənləşdirilməsi səhərlər yarana biləcək stresi azaltmağa kömək edir.
Bəzi uşaqlarda məktəb başlamazdan əvvəl həyəcanla yanaşı, narahatlıq da müşahidə oluna bilər. Mütəxəssislər qarın ağrısı, ürəkbulanma, ağlama, narahatlıq və valideyndən ayrılmaq istəməmək kimi halların meydana çıxa biləcəyini bildirirlər.
Ekspertlər valideynlərə uşaqların keçirdiyi hissləri kiçiltməməyi tövsiyə edirlər. “Bunda qorxacaq nə var?” kimi yanaşmalar əvəzinə uşağa hisslərini ifadə etmək imkanı verilməsi daha düzgün hesab olunur.
Uşağın hisslərini dinləyin
Məktəbə qayıdış uşaqlar üçün yalnız gündəlik rejimin dəyişməsi deyil, həm də emosional baxımdan yeni mərhələyə keçid deməkdir. Buna görə valideynlər uşaqların narahatlıqlarını dinləməli, onları mühakimə etmədən hisslərini ifadə etməyə təşviq etməlidirlər.
Uşağın narahatlığı uzun müddət davam edərsə və gündəlik fəaliyyətinə ciddi təsir göstərərsə, mütəxəssis dəstəyi almaq məqsədəuyğundur.

