Azərbaycanın təbii bioresurslarından innovativ sağlamlıq məhsullarına: Rəqəmsal texnologiyalar və süni intellektin yaratdığı yeni imkanlar
08.07.2026 12:52

Azərbaycan zəngin təbii sərvətləri və biomüxtəlifliyi ilə seçilən ölkələrdən biridir. Lakin bu sərvətlərin əsl dəyəri yalnız onların mövcudluğu ilə deyil, elm və innovativ texnologiyalar vasitəsilə insan sağlamlığına xidmət edən yüksək əlavə dəyərli məhsullara çevrilməsi ilə ölçülür. Bu gün rəqəmsal texnologiyalar, süni intellekt, biotexnologiya, nanotexnologiyalar və kompüter modelləşdirilməsi əczaçılıq və kosmetologiyada yeni inkişaf mərhələsi yaradaraq təbii bioresursların potensialından daha səmərəli istifadə edilməsinə geniş imkanlar açır. Bu yanaşma BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs), xüsusilə sağlamlığın qorunması, innovasiya və davamlı inkişaf istiqamətlərinin həyata keçirilməsinə də töhfə verir.
 

Azərbaycanın zəngin flora və faunası, min illərdir xalq təbabətində istifadə olunan dərman bitkiləri, arıçılıq məhsulları, eləcə də heyvan mənşəli bioresurslar, xüsusilə maral pantası mənşəli biomateriallar bioaktiv maddələr baxımından böyük elmi və praktik potensiala malikdir. Bu bioresurslar həm fitokimya (phytochemistry), həm də müasir biotexnologiya baxımından gələcəyin innovativ dərman vasitələrinin, tibbi təyinatlı məhsulların və kosmetik vasitələrin yaradılması üçün mühüm elmi baza hesab olunur.

Lakin təbii mənşəli bioaktiv maddələrin praktik tətbiqində müəyyən çətinliklər mövcuddur. Onların bir hissəsi xarici mühitin təsiri altında sabitliyini itirir, bəziləri isə orqanizm tərəfindən kifayət qədər mənimsənilmir. Müasir dərman daşıyıcı sistemləri (Drug Delivery Systems) bu problemlərin həllinə yönəlmiş ən perspektivli yanaşmalardan biridir. Nanoölçülü sistemlər bioaktiv maddələri xarici təsirlərdən qoruyur, onların sabitliyini artırır, təsirin daha uzunmüddətli olmasına və aktiv maddələrin hədəf nahiyəyə daha dəqiq çatdırılmasına imkan yaradır. Bu isə daha yüksək effektivlik, təhlükəsizlik və müalicə nəticələrinin yaxşılaşmasına şərait yaradır.

Bu prosesdə rəqəmsal texnologiyalar və süni intellekt də mühüm rol oynayır. Böyük həcmli elmi məlumatların təhlili, kompüter modelləşdirilməsi və proqnozlaşdırma metodları perspektivli bioaktiv maddələrin və onların kombinasiyalarının daha qısa müddətdə müəyyən edilməsinə imkan verir, elmi tədqiqat və inkişaf (Research and Development – R&D) prosesini sürətləndirir və innovativ məhsulların hazırlanmasının səmərəliliyini artırır.

Azərbaycan Tibb Universiteti (ATU) bu istiqamətdə ölkəmizin aparıcı elm və innovasiya mərkəzlərindən biri kimi fəaliyyətini davam etdirir. Universitetin Elmi Araşdırmalar Mərkəzində yaradılmış müasir elmi infrastruktur və yüksək texnologiyalı analitik avadanlıqlar, o cümlədən Transmission Electron Microscope (TEM)nanoölçülü sistemlərin öyrənilməsi və xarakterizasiyası üçün geniş imkanlar yaradır. Bununla yanaşı, fəaliyyətə başlayan Data Analitikası və Süni İntellekt Laboratoriyası rəqəmsal texnologiyaların biotibb və əczaçılıq sahəsinə inteqrasiyasını gücləndirərək innovativ tədqiqatların yeni mərhələyə yüksəlməsinə xidmət edir. Bu infrastruktur gələcəkdə texnologiya transferi (Technology Transfer) və elmi nəticələrin praktik tətbiqi üçün də mühüm zəmin yaradır.
 

Bu elmi mühitdə ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında 2020-ci ildən etibarən Azərbaycanın təbii bioresursları əsasında innovativ dərman daşıyıcı sistemləri, nanoəczaçılıq və nanokosmetika istiqamətində məqsədyönlü elmi tədqiqatlar aparılır.

2022-ci ildən başlayaraq Türkiyənin müxtəlif universitetləri ilə qurulan beynəlxalq elmi əməkdaşlıq çərçivəsində nanotexnologiya sahəsində tanınmış alimlərlə birgə araşdırmalar həyata keçirilib, əldə olunan nəticələr yüksək reytinqli beynəlxalq elmi jurnallarda dərc edilib, innovativ həllər isə Avrasiya patentləri (EAPO № 047018, № 053584, № 053810 və s.) ilə qorunub.  Hazırda bu əməkdaşlıq uğurla davam etdirilir və yeni ortaq layihələr həyata keçirilir.

Müasir dövrdə təbii sərvətlərin dəyəri onların xammal kimi istifadəsi ilə deyil, yüksək texnologiyalar vasitəsilə innovativ məhsullara çevrilməsi ilə müəyyən olunur. Bu yanaşma yalnız yeni dərman və kosmetik vasitələrin yaradılmasına deyil, həm də yerli istehsalın inkişafına, ixrac potensialının artırılmasına, ölkənin innovasiya ekosisteminin güclənməsinə, universitet–sənaye əməkdaşlığının genişlənməsinə və elmi nailiyyətlərin iqtisadi dəyərə çevrilməsinə mühüm töhfə verir.

 

Bəlkə də gələcəyin dünya səviyyəli innovativ dərman vasitəsi və ya kosmetik məhsulunun  hazırlanma texnologiyası məhz Azərbaycanın zəngin təbii bioresurslarından - lavanda, qızılgül, üzüm, biyan, nar, kivi, yonca, zəfəran, rozmarin, mayaotu, dəfnə, dərgil,  çaytikanı, kəklikotu, adaçayı, gülümbahar bitkilərindən, arıçılıq məhsullarından, maral pantası kimi heyvan mənşəli biomateriallardan, eləcə də, müalicəvi mineral gillərdən əldə olunan  bioaktiv maddələrin unikal sintezi əsasında həyata keçiriləcək.

 

Bu potensialın reallığa çevrilməsi isə güclü elmi məktəbdən, müasir laboratoriyalardan, rəqəmsal texnologiyalardan, beynəlxalq əməkdaşlıqdan, biomüxtəlifliyin qorunmasına əsaslanan bioresurslardan səmərəli istifadədən və innovativ düşüncədən keçir.

Azərbaycan Tibb Universiteti də bu istiqamətdə həyata keçirdiyi elmi tədqiqatlarla ölkəmizin innovasiya potensialının, beynəlxalq elmi nüfuzunun və davamlı inkişaf məqsədlərinə töhfəsinin daha da güclənməsinə xidmət edir.

 

 

Sevil Mehralıyeva

Dosent, ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının doktorantı, nanoəczaçılıq və dərman daşıyıcı sistemləri üzrə tədqiqatçı

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır