Yaş artdıqca ağciyərlərin infeksiyalara qarşı müdafiəsinin zəiflədiyini bildirən pulmonoloq Merda Erdemir Işık xüsusilə 65 yaşdan yuxarı insanlarda pnevmoniyanın adi əlamətlərlə özünü göstərməyə biləcəyinə diqqət çəkib.
Aztibb.az "Medimagazin"ə istiandən yazır ki, həkimin bildiridiyinə görə, yaşla əlaqədar tənəffüs sistemində baş verən dəyişikliklər ağciyərlərin infeksiyalara qarşı müqavimətini azaldır. Ağciyər toxumasının elastikliyini itirməsi, tənəffüs əzələlərinin zəifləməsi və immun sistemindəki dəyişikliklər mikroblara qarşı müdafiəni çətinləşdirir.
Yaş artdıqca ağciyərlərin müdafiəsi zəifləyir
Mütəxəssisin sözlərinə görə, yaşlı insanlarda döş qəfəsinin hərəkətliliyi azalır, diafraqma əzələsi zəifləyir və ağciyərlərin tənəffüs ehtiyatı aşağı düşür. Eyni zamanda, tənəffüs yollarını mikroblardan təmizləyən təbii mexanizmlər də əvvəlki kimi işləməyə bilər.
Bu zaman öskürək refleksi zəifləyir, ifrazat qatılaşır və bəlğəmin xaric edilməsi çətinləşir. Nəticədə mikroblar tənəffüs yollarında daha asan toplanır.
Gənclərdə yüngül keçən infeksiya yaşlı insanlarda, xüsusilə xroniki xəstəliklər olduqda, ciddi fəsadlara səbəb ola bilər.
Pnevmoniya həmişə yüksək hərarətlə müşayiət olunmur
Pulmonoloq bildirib ki, yaşlı insanlarda pnevmoniya yüksək hərarət, güclü öskürək və çoxlu bəlğəm kimi klassik əlamətlər olmadan da inkişaf edə bilər.
Xəstəlik bəzən qəfil çaşqınlıq, başgicəllənmə, səbəbsiz halsızlıq, yıxılma hallarının artması və ya hərarətin yüksəlməsi əvəzinə bədən temperaturunun aşağı düşməsi ilə özünü göstərir. Bu əlamətlər xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirə bilər.
Buna görə də yaşlı insanın sağlamlıq vəziyyətində qəfil dəyişikliklər baş verdikdə ağciyər infeksiyası ehtimalı da nəzərə alınmalıdır.
Nəfəs darlığını yaşlanmanın təbii nəticəsi hesab etmək olmaz
Mütəxəssis gündəlik fəaliyyət zamanı yaranan nəfəs darlığının normal qəbul edilməməli olduğunu vurğulayıb. Pilləkən qalxarkən, düz yolda yeriyərkən və ya geyinərkən nəfəs almaqda çətinlik yaranırsa, bunun səbəbi araşdırılmalıdır. Gündəlik həyata mane olan nəfəs darlığı müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər.
65 yaşdan yuxarı insanlara peyvənd və fiziki aktivlik tövsiyə olunur
Ağciyər sağlamlığının qorunması üçün siqaretdən imtina etmək, müntəzəm fiziki aktiv olmaq və peyvəndlənməyə diqqət yetirmək vacibdir. Mütəxəssis siqareti istənilən yaşda tərgitməyin infeksiya riskini azaltdığını və qanın oksigenlə təminatını yaxşılaşdırdığını bildirib.
O, 65 yaşdan yuxarı şəxslərə pnevmokok və hər il payızda qripə qarşı peyvənd olunmağı, müntəzəm gəzinti etməyi və kifayət qədər maye qəbul etməyi tövsiyə edib. Peyvəndlərin növü və vaxtı fərdi sağlamlıq vəziyyətinə uyğun olaraq həkimlə dəqiqləşdirilməlidir.
Bu əlamətlər varsa, həkimə müraciət edin
İki həftədən çox davam edən öskürək, xırıltılı tənəffüs, bəlğəmin rəngində dəyişiklik və ildə iki dəfədən çox təkrarlanan aşağı tənəffüs yolları infeksiyaları diqqətdən kənarda qalmamalıdır. Bu əlamətlər müşahidə olunduqda pulmonoloqa müraciət etmək tövsiyə edilir. Nəfəs darlığı qəfil və ya ağır olarsa, yaxud şüurda kəskin dəyişiklik yaranarsa, təcili tibbi yardım çağırılmalıdır.

