Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 13:14

Sosial media platformaları istifadəçilər üçün rəqəmsal tələyə çevirilib. Mütəxəssislər bildirirlər ki, gündəmdən geri qalmaq qorxusu (FOMO) ilə güclənən bu problemli istifadə vərdişi depressiya, narahatlıq və stress kimi ciddi psixoloji təsirlərə səbəb ola bilər.

Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, əvvəllər internet insanlar üçün çətin əldə olunan məlumatlara çıxış, uzaqdakı dostlarla ünsiyyət və yeni insanlarla tanışlıq imkanı yaradan virtual mühit idi. 2000-ci illərin əvvəllərində insanlar bu imkanlardan əsasən həftədə və ya ayda bir neçə saat baş çəkdikləri internet kafelərdə yararlanır, oranı tərk etdikdə isə virtual dünyadan uzaqlaşırdılar.

Təxminən on il sonra evlərdə kompüter və internetin geniş yayılması sosial şəbəkələrdən istifadəni gündəlik həyatın bir hissəsinə çevirdi. İlk dövrlərdə Facebook, Instagram və Twitter (X) kimi platformalarda əsas məqsəd ünsiyyət qurmaq və fikirləri bölüşmək idi. Zaman keçdikcə isə insanların harada olduqlarını, nə etdiklərini və nələr yaşadıqlarını davamlı paylaşması ön plana çıxdı.

«Haradayam, nə edirəm?» vərdişi

Bu gün sosial mediada gündəlik fəaliyyətləri, səfərləri, yeməkləri və şəxsi təcrübələri paylaşmaq geniş yayılıb. Platformaların göndərdiyi bildirişlər də istifadəçiləri mütəmadi olaraq geri qayıtmağa təşviq edir.

Lids Universitetinin Media və Kommunikasiya fakültəsinin müəllimi Ludmila Lupinacci bildirir ki, sosial media insanların münasibətlərini möhkəmləndirmək, özünü ifadə etmək və kimliklərini formalaşdırmaq üçün istifadə olunur. Bununla belə, paylaşımlar həmişə düşünülmədən edilmir. İstifadəçilər çox vaxt internetdə necə görünəcəklərini əvvəlcədən düşünür və öz virtual obrazlarını məqsədli şəkildə formalaşdırırlar.

Sonsuz sürüşdürmə istifadəçini platformada saxlayır

Lupinaccinin sözlərinə görə, sosial media platformalarının interfeysi istifadəçilərin keçirdikləri vaxtı və qarşılıqlı əlaqəni maksimum artırmaq üçün hazırlanır. Bildirişlər insanları platformaya qaytarır, sonsuz sürüşdürmə isə onların məzmun istehlakını dayandırmasını çətinləşdirir.

Bu sistemdə məqsəd sadəcə ayrı-ayrı paylaşımlara baxmaq deyil, istifadəçini davamlı məzmun axınının içində saxlamaqdır. Platformalar insanları bəyənmə, şərh, paylaşım və baxış sayı kimi göstəricilərə əsaslanan qarşılıqlı əlaqəyə yönəldir.

Alqoritmlər mübahisəli, qütbləşdirici və güclü emosional reaksiyalar doğuran məzmunları da ön plana çıxara bilər. Nəticədə istifadəçilər həm gündəmdən geri qalmamaq, həm də paylaşımlarının daha çox insana çatmasını təmin etmək üçün davamlı şəkildə platformada qalmağa meyil göstərirlər.

İnsanlar statistik göstəricilərə çevrilir

Sosial media şirkətləri istifadəçi fəallığını iqtisadi gəlirə çevirirlər. Bəyənmələr, paylaşımlar, baxışlar və şərhlər platformaların kommersiya dəyərini artıran əsas göstəricilər sırasındadır.

Beləliklə, insanların şəxsi maraqları və təcrübələri statistik məlumatlara çevrilir. Fərdin özünə verdiyi dəyər isə bəzən paylaşımın əldə etdiyi baxış və bəyənmə sayı ilə ölçülməyə başlayır.

Gündəmən geri qalmaq qorxusu və psixoloji təsirlər

Bu sistemin güclənməsində mühüm rol oynayan amillərdən biri FOMO — başqalarının yaşadığı maraqlı təcrübələri qaçırmaq qorxusudur.

ABŞ-ın Toledo Universitetinin psixologiya professoru Con D. Elhai və həmkarlarının araşdırmasında problemli sosial media istifadəsi depressiya, narahatlıq və stresslə əlaqələndirilir.

Tədqiqatçılar FOMO-nu insanın özünün iştirak etmədiyi halda başqalarının maraqlı və məmnunedici təcrübələr yaşaya biləcəyi barədə narahatlığı, eləcə də başqalarının nə etdiyini daim izləmək istəyi kimi izah edirlər.

Araşdırmaya 18–25 yaşlı universitet tələbələri qatılıb. Nəticələr göstərir ki, başqalarının sosial təcrübələrini qaçırmamaq istəyi problemli sosial media istifadəsi ilə əlaqəli ola bilər. İnsanlar bu qorxunu azaltmaq üçün smartfonlara və sosial şəbəkələrə daha çox üz tuta bilirlər.

Beləliklə, sosial mediada sonsuz sürüşdürmə təkcə vaxt itkisi məsələsi deyil. Gündəmən geri qalmaq qorxusu, davamlı bildirişlər və qarşılıqlı əlaqə ehtiyacı insanların rəqəmsal mühitdə keçirdikləri vaxtı artıraraq psixoloji rifahlarına da təsir göstərə bilər.

ÇOX OXUNANLAR
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya  
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
 Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub   
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı