Sağlam gələcək müasir səhiyyə sistemindən başlayır  
17.06.2026 12:23

Hər bir dövlətin gücü yalnız onun iqtisadi qüdrəti, hərbi potensialı və ya siyasi nüfuzu ilə ölçülmür. Güclü dövlətin mühüm göstəricilərindən biri də insan kapitalı, onun sağlamlığı və xalqın rifahıdır. Təsadüfi deyil ki, sağlam cəmiyyət isə güclü dövlətin etibarlı dayağı hesab olunur. Məhz buna görə müasir dünyada səhiyyə sistemi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edilir. 

 

Azərbaycanda da insan amili dövlət siyasətinin mərkəzində dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ölkədə sosialyönümlü dövlət modelinin formalaşmasına, insan sağlamlığının etibarlı qorunmasına möhkəm zəmin yaradıb. Ümummilli Liderin 2001-ci il 4 iyun tarixli sərəncamı ilə təsis olunan 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymətin və dövlətin insan sağlamlığına göstərdiyi xüsusi diqqətin ifadəsidir.

 

Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və yeni keyfiyyət mərhələsinə yüksəlib. Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial islahatların mühüm istiqamətlərindən biri məhz səhiyyə sisteminin modernləşdirilməsi, tibbi xidmətlərin əlçatanlığının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Prezident dəfələrlə vurğulayıb ki, insanların sağlamlığı hər bir dövlət üçün vacib məsələlərdən biridir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasət nəticəsində Azərbaycanın səhiyyə infrastrukturu əsaslı şəkildə yenilənib, ölkənin bütün bölgələrində müasir tibb müəssisələri yaradılıb, yeni diaqnostika və müalicə mərkəzləri istifadəyə verilib.

 

Bu gün paytaxtımızda fəaliyyət göstərən Yeni Klinika, Respublika Diaqnostika Mərkəzi, Milli Onkologiya Mərkəzi, Respublika Perinatal Mərkəzi, eləcə də son illər yenidən qurulan Sabunçu Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və regionlarda istifadəyə verilən onlarca müasir tibb müəssisəsi ölkəmizdə səhiyyənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu əyani nümayiş etdirir.

 

Müasir tibbi avadanlıqlarla təchiz olunan bu müəssisələr sayəsində artıq vətəndaşlar yüksək texnologiyalar tələb edən tibbi xidmətlərdən yaşadıqları bölgələrdə yararlana bilirlər. Bu isə səhiyyə xidmətlərinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, əhalinin vaxt və maliyyə itkilərinin qarşısının alınması deməkdir.

 

Bu məqamda qeyd edək ki, Azərbaycan səhiyyəsinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti  xüsusi yer tutur. Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzinin yaradılması, uşaq reabilitasiya müəssisələrinin inşası, müharibə veteranlarının, qazilərin, şəhid ailələri üzvlərinin, eləcə də aztəminatlı insanların müalicəsinə verilən dəstək, müxtəlif humanitar və sosial layihələrin həyata keçirilməsi Heydər Əliyev Fondunun səhiyyə sahəsində gördüyü mühüm işlərin kiçik bir hissəsidir. Bu layihələr minlərlə insanın sağlamlığının qorunmasına və həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir.

 

Son illər həyata keçirilən səhiyyə islahatlarının mühüm istiqamətlərindən biri də icbari tibbi sığorta sisteminin tətbiqi və təkmilləşdirilməsidir. Bu sistem vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarını genişləndirməklə yanaşı, səhiyyənin maliyyələşdirilməsi mexanizmlərinin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb.

 

Prezident İlham Əliyevin 2026-cı il martın 19-da imzaladığı "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" fərman isə səhiyyə sistemində yeni islahat mərhələsinin əsasını qoyub. Həmin fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb. Bu dəyişiklik səhiyyə və sosial müdafiə sistemləri arasında əlaqələndirmənin gücləndirilməsinə, maliyyə resurslarının səmərəli idarə olunmasına və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

 

Yeni modelə əsasən, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tibbi xidmətlərin maliyyələşdirilməsini və satın alınmasını həyata keçirən qurum kimi fəaliyyət göstərir, TƏBİB isə həmin xidmətlərin təminatçısı rolunda çıxış edir. Beləliklə, səhiyyədə tətbiq olunan "alıcı-təminatçı" prinsipi xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsinə, şəffaflığın və hesabatlılığın artırılmasına imkan yaradır. Eyni zamanda TƏBİB-in səlahiyyətlərinin genişləndirilməsi, dərman və tibbi vasitələrin təminatının mərkəzləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin sürətləndirilməsi və vahid məlumat bazalarının formalaşdırılması səhiyyəmizin çevik, effektiv və vətəndaşyönümlü idarəetmə modelinə keçdiyini göstərir.

 

Ölkəmizdə səhiyyə yalnız yeni xəstəxanaların tikintisi ilə deyil, həm də müasir idarəetmə prinsiplərinin tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və insan amilinə əsaslanan sosial siyasət vasitəsilə inkişaf edir. Dövlətin əsas məqsədi hər bir vətəndaş üçün əlçatan, keyfiyyətli və dayanıqlı səhiyyə sisteminin formalaşdırılmasıdır.

 

Səhiyyə sisteminin uğurlarında peşəkar tibbi kadrların rolu xüsusi əhəmiyyət daşıyır. Son illər həkimlərin və orta tibb işçilərinin peşə hazırlığının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tibb təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların əməyinin layiqincə qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir.

 

Azərbaycan tibb işçiləri Vətən müharibəsi günlərində də yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək xalqımızın qəhrəmanlıq salnaməsinə şərəfli səhifələr yazdılar. Döyüş meydanlarında yaralı hərbçilərin həyatını xilas etmək uğrunda mübarizə aparan hərbi həkimlər, feldşerlər və sanitarlar xidməti borclarını yüksək səviyyədə yerinə yetirdilər. Vətən müharibəsinin yeganə xanım şəhidi olan hərbi feldşer Arəstə Baxışovanın göstərdiyi qəhrəmanlıq Azərbaycan tibb işçilərinin peşəkarlığının və vətənpərvərliyinin parlaq nümunəsi kimi tariximizdə əbədi yaşayacaq.

 

Bu gün Azərbaycan səhiyyəsi tarixinin ən mühüm inkişaf mərhələlərindən birini yaşayır. Müasir tibb müəssisələri, qabaqcıl texnologiyalar, yeni idarəetmə mexanizmləri, həyata keçirilən institusional islahatlar və insan amilini əsas götürən dövlət siyasəti ölkəmizin sosial dövlət modelinin gücünü aydın nümayiş etdirir.

 

"Azərbaycan" qəzeti

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub