Alimlər diabetlə diş və implant itkiləri arasındakı əlaqəni təsdiqləyiblər
12.06.2026 09:13

 

Medical Xpress: Diabet diş itkisi riskini artırır

 

I və II tip şəkərli diabetdən əziyyət çəkən şəxslər diabeti olmayan insanlarla müqayisədə dişlərini daha tez-tez itirirlər. Bundan əlavə, onlarda diş implantları ətrafında iltihabın yaranması və implantların itirilməsi riski də daha yüksəkdir.

 

Aztibb.az "Medical Xpress" nəşrinə istinadən yazır ki, stomatoloq Anna Trulenke Erikssonnun sözlərinə görə, stomatoloji yardım diabetin profilaktikası strategiyalarının ayrılmaz hissəsinə çevrilməlidir.

 

Tədqiqat uzunmüddətli müşahidələr əsasında İsveçin yeddi milli reyestrindən əldə olunan məlumatlara söykənir. Araşdırma çərçivəsində I tip diabetli 86 273, II tip diabetli isə 786 305 pasiyentin məlumatları təhlil edilib. Bir sıra göstəricilər əlavə olaraq Danimarka məlumatları ilə də müqayisə olunub.

 

Müəyyən edilib ki, I tip diabetli xəstələrdə qanda şəkərin səviyyəsinə nəzarət zəif olduqda parodontit və diş itkisi riski əhəmiyyətli dərəcədə artır. On il ərzində qeyri-qənaətbəxş qlikemik nəzarətə malik xəstələrin 43,5 faizi ən azı bir dişini itirib. Yaxşı qlikemik nəzarətə malik şəxslərdə bu göstərici 25,3 faiz, diabeti olmayan insanlarda isə 29 faiz təşkil edib. Qanda qlükoza səviyyəsi sabit və normal saxlanıldıqda nəzarət qrupu ilə ciddi fərqlər müşahidə edilməyib.

 

II tip diabet zamanı isə parodontit və diş itkisi riski qanda şəkərin nəzarət səviyyəsindən asılı olmayaraq yüksək olub. Lakin qlikemik nəzarət zəif olduqda risk daha da artıb. On il ərzində zəif nəzarət olunan xəstələrin 54,9 faizi, yaxşı nəzarət olunanların 44 faizi və nəzarət qrupunun 37,8 faizi ən azı bir dişini itirib. Beş və daha çox diş itkisi zəif qlikemik nəzarətə malik pasiyentlərin 12,6 faizində qeydə alınıb. Diabeti olmayanlarda isə bu göstərici 3,7 faiz olub.

 

Diş implantı daşıyan pasiyentlər arasında hər iki tip diabetdən əziyyət çəkən şəxslərdə periimplantit – implant ətrafındakı toxumaların iltihabı – və implantın itirilməsi halları daha çox müşahidə olunub. Bu risk xüsusilə qanda şəkərin səviyyəsi qənaətbəxş nəzarətdə olmayan xəstələrdə yüksək olub.

 

Araşdırma həmçinin göstərib ki, tam dişsizlik riski aşağı sosial-iqtisadi statusa malik diabetli şəxslər arasında daha yüksəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub