Ebola həyəcanı: Ölümcül epidemiya haqqında nələr məlumdur?
19.05.2026 11:21

Konqo Demokratik Respublikasında (KDR) ortaya çıxan və kütləvi insanın ölümünə səbəb olduğu ehtimal edilən Ebola epidemiyasına görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “beynəlxalq ictimai səhiyyə üzrə fövqəladə vəziyyət” elan edilib.

 

Aztibb.az "France24"ün məlumatına istinadən yazır ki, son 50 ildə Afrikada 15 mindən çox insanın ölümünə səbəb olan bu son dərəcə yoluxucu hemorragik qızdırmanın mövcud epidemiyaya səbəb olan ştaına qarşı hələlik nə vaksin, nə də xüsusi müalicə üsulu mövcuddur.

 

Epidemiyanın mərkəzi Uqanda və Cənubi Sudanla sərhəddə yerləşən ölkənin şimal-şərqindəki İturi əyaləti elan olunub. Qızıl ehtiyatları ilə zəngin olan bu bölgədə mədənçilik fəaliyyəti səbəbindən gündəlik əhali hərəkətliliyi olduqca yüksəkdir. Əyalətin bəzi bölgələrində fəaliyyət göstərən silahlı qrupların yaratdığı zorakılıq halları isə təhlükəsizlik səbəbilə əraziyə çıxışı çətinləşdirir.

 

Regional yayılma riski

 

Virusun artıq İturi əyalətindən və Konqo Demokratik Respublikasının sərhədlərindən kənara yayıldığı bildirilir. Ötən ilin əvvəlindən Ruandanın dəstəklədiyi hökumət əleyhinə M23 qruplaşmasının nəzarətində olan ölkənin şərqindəki böyük şəhərlərdən biri — Qomada bir yoluxma halı aşkarlanıb. Şimali Kivu əyalətinin paytaxtı olan Qoma epidemiyanın mərkəzi İturi ilə qonşudur.

 

Uqanda hökuməti də ölkədə Konqo Demokratik Respublikasından gələn iki Konqo vətəndaşı ilə əlaqəli təsdiqlənmiş bir yoluxma və bir ölüm faktının qeydə alındığını açıqlayıb. Hələlik Uqanda daxilində yerli epidemiya ocağı aşkarlanmayıb. Laborator müayinələr hər üç hadisənin Ebola ilə əlaqəli olduğunu təsdiqləyib.

 

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Africa CDC) virusun Konqo Demokratik Respublikası ilə sərhəddə yerləşən digər Şərqi Afrika ölkələrinə yayılma riskinin yüksək olduğu barədə xəbərdarlıq edib. ÜST isə beynəlxalq səhiyyə qaydaları çərçivəsində ikinci ən yüksək xəbərdarlıq səviyyəsi olan “beynəlxalq ictimai səhiyyə üzrə fövqəladə vəziyyət” qərarını qüvvəyə mindirib.

 

Mövcud ştama qarşı vaksin yoxdur

 

Hazırkı epidemiyaya qarşı xüsusi vaksini və ya spesifik müalicə üsulu olmayan “Bundibugyo” ştamı səbəb olur. Virusun yayılmasının qarşısını almaq üçün qoruyucu tədbirlərə ciddi əməl olunması və yoluxma hallarının sürətlə müəyyən edilərək təmasların məhdudlaşdırılması əsas götürülür.

Ebolaya qarşı mövcud vaksinlərin yalnız tarixdə ən böyük epidemiyalara səbəb olmuş “Zair” ştamına qarşı təsirli olduğu məlumdur. “Bundibugyo” ştamı daha əvvəl 2007-ci ildə Uqandada və 2012-ci ildə Konqo Demokratik Respublikasında iki epidemiya yaratmış, həmin dövrlərdə ölüm göstəricisi 30–50 faiz arasında dəyişmişdi.

 

Mütəxəssislər narahatdır

 

Konqo Demokratik Respublikasında ən ölümcül Ebola epidemiyası 2018–2020-ci illərdə baş verib və 3500 yoluxma halında təxminən 2300 insan həyatını itirib. ÜST məlumatına görə, bundan əvvəlki epidemiya dalğası ötən ilin sentyabr-dekabr aylarında 45 nəfərin ölümünə səbəb olmuşdu.

 

Ölkənin epidemiya idarəçiliyi sahəsində uzun illərə dayanan təcrübəsinə baxmayaraq, təxminən 100 milyon əhalisi olan bu geniş coğrafiyada qeydə alınan 17-ci epidemiya özünəməxsus xüsusiyyətlərinə görə mütəxəssisləri narahat edir.

 

1976-cı ildə Ebola virusunu kəşf edən alimlərdən biri və virusun yenidən yayıldığını təsdiqləyən Konqo Araşdırma İnstitutunun rəhbəri, virusoloq Jan-Jak Muyembe bildirib ki, epidemiyanın sıx məskunlaşmış əyalətdə başlaması onun çox sürətlə yayılmasına şərait yaradır.

 

Mütəxəssislər qeyd edirlər ki, indiyədək bildirilən bütün şübhəli hallar təsdiqlənərsə, bu epidemiya bütün ştamlar daxil olmaqla dünya tarixində yeddinci ən böyük Ebola dalğası, “Zair” ştamından kənar növlər arasında isə ikinci ən böyük epidemiya olacaq.

 

“Mistik xəstəlik” inancı bildirişi gecikdirdi

 

Epidemiyanın mənbəyini dəqiq müəyyənləşdirmək üçün epidemioloji araşdırmalar davam edir. Hazırkı epidemiya zamanı ilk müəyyən edilən yoluxma halının aprelin 24-də İturi əyalətinin paytaxtı Buniyadakı tibb mərkəzinə müraciət edən bir tibb bacısı olduğu açıqlanıb. Lakin epidemiyanın əsas ocağının bu nöqtədən təxminən 90 kilometr uzaqda yerləşən Monqbwalu səhiyyə bölgəsi olduğu müəyyən edilib.

 

ÜST Monqbvalu bölgəsində dörd gün ərzində dörd tibb işçisinin həyatını itirməsindən sonra mayın 5-də yüksək ölüm göstəricisinə malik xəstəliyin yayıldığı barədə həyəcan siqnalı verib. “Bundibugyo” ştamına yoluxan şəxslərdə ilkin mərhələdə qrip və ya malyariyaya bənzər simptomların müşahidə olunması diaqnostika prosesini gecikdirir.

 

Konqo Səhiyyə Nazirliyi bildirib ki, təsirlənən icmalar xəstəliyi əvvəlcə “mistik xəstəlik” kimi qiymətləndirdikləri üçün halları gec xəbər veriblər və xəstələr səhiyyə müəssisələri əvəzinə dini mərkəzlərə üz tutublar.

ÇOX OXUNANLAR
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Tibb Bacıları Günü münasibətilə tədbir keçirilib
Professor Gəray Gəraybəyli Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi ilə görüşüb
 Mərkəzi Gömrük Hospitalının həkimləri professor Hikmət Əlizadəni kliniki ölümdən xilas edib   
 “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib   
Pirallahı Tibb Mərkəzi tərəfindən Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan velomarafon təşkil edilib
Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti ilə görüşüb
Uşaqlıq boynu xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında kolposkopiyanın rolu
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
Protein sağlam qalmaq üçün vacib qida maddəsidir - Fərhad Burzu
Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Diaqnoz Tibb Mərkəzinin radioloqu Çində beynəlxalq konfransda iştirak edib
Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün ödənişsiz göz əməliyyatları
Səhiyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı müzakirələr aparılıb
 Mərkəzi Gömrük Hospitalının həkimi Hong Kongda baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu barədə çıxış edib