Akademik Mirəsədulla Mirqasımovun 140 illiyi qeyd edilib
18.12.2023 16:03

Dekabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, ilk tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.

 

Aztibb.az xəbər verir ki, öncə ictimaiyyət nümayəndələri görkəmli alimin Fəxri Xiyabandakı məzarını ziyarət edib, abidəsi üzərinə tər gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

 

AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan tədbirdə akademik Mirəsədulla Mirqasımovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

 

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyinin “Heydər Əliyev İli”nə təsadüf etməsinin olduqca əlamətdar olduğunu, həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin görkəmli alimin fəaliyyətinə daim yüksək qiymət verdiklərini söyləyib.

 

Akademik Mirəsədulla Mirqasımovun həyat və fəaliyyətinin önəmli məqamlarına nəzər salan AMEA rəhbəri görkəmli alimin hələ Bakı Rus Gimnaziyasında şagird ikən elmə yüksək qiymət verdiyini, həmin dövrdə “Məktəb və həyat” jurnalında çap etdirdiyi “Müsəlman dünyasının mədəni geriliyinin əsas səbəbləri” kimi məqaləsində həqiqi dini inancın elmdən keçdiyini qeyd etdiyini söyləyib.

 

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Mirəsədulla Mirqasımov elm və təhsil yolundan dönməmiş, Odessa şəhərindəki Novorossiysk İmperator Universitetinin Tibb fakültəsində oxuyarkən “Novorossiysk Hospital Terapevtik Klinikasının Materialları” jurnalında çap etdirdiyi “Ağciyər vərəminin süni pnevmotoraksla müalicəsi” adlı elmi-praktik məqaləsi ilə hər kəsin diqqətini cəlb etmişdir. Natiq qeyd edib ki, alimin fəaliyyəti SSRİ-nin hüdudlarından kənara çıxmış, o 1927-ci ildə Almaniyada “Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır.

 

Həmçinin bildirib ki, Mirəsədulla Mirqasımov Bakı Dövlət Universitetində və Azərbaycan Tibb İnstitutunda müəllimlik fəaliyyəti ilə yüksəkixtisaslı həkim kadrların hazırlanması istiqamətində də mühüm işlər görmüşdür.

 

Akademik İsa Həbibbəyli qeyd edib ki, akademik Mirəsədulla Mirqasımovun həkim-cərrah, alim kimi yüksək fəaliyyəti onun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsində önəmli rol oynamışdır və o, qurucu prezident kimi Akademiyanın tarixinə düşmüşdür.

 

“Akademik Mirəsədulla Mirqasımov Elmlər Akademiyasının strukturunu müəyyənləşdirmiş, akademiyanın ilk Nizamnaməsi təsdiqlənmiş, Rəyasət Heyətinin və Elmi Bölmələrin tərkibi müəyyən olunmuş, elmi kitabxanası yenidən formalaşdırılmış, Akademiyanın tərkibində elmi-tədqiqat institutları, eləcə də Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılmışdır və bütün bu islahatlar görkəmli alimin rəhbərliyi altında uğurla həyata keçirilmişdir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

 

AMEA rəhbəri akademik Mirəsədulla Mirqasımovun fəaliyyətinin daim yüksək qiymətləndirildiyini, SSRİ dövründə bir çox mükafatlara layiq görüldüyünü, müstəqillik illərində isə adının əbədiləşdirildiyini, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 130 və 140 illik yubileylərinin təntənəli keçirildiyini vurğulayıb. Həmçinin AMEA-nın Rəyasət Heyətinin Böyük konfrans zalının foyesində və Akademiyanın Mərkəzi Elmi Kitabxanasının Akademiklər zalında akademik Mirəsədulla Mirqasımovun büstünün olduğunu, bugünkü tədbir çərçivəsində isə müstəqillik illərində ilk dəfə olaraq alimin biblioqrafiyasının çap edildiyini deyib.

 

Akademik İsa Həbibbəyli Azərbaycan xalqının, alimlərinin, həkimlərinin, ziyalılarının və onun yetirmələrinin Mirəsədulla Mirqasımovun xatirəsini daim uca tutduğunu, onun tarixi xidmətlərinin gələcək yeni nəsillər üçün məktəb və nümunə olduğunu söyləyib.

 

Sonra AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən akademik Mirəsədulla Mirqasımovun 140 illiyi münasibətilə hazırlanmış sənədli film nümayiş etdirilib.

 

Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov akademik Mirəsədulla Mirqasımovun 140 illik yubileyinin AMEA-da qeyd olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, Mirəsədulla Mirqasımovun Akademiyanın təsisçilərindən biri kimi AMEA-nın yaranması və formalaşmasında son dərəcə böyük xidmətləri olmuşdur.

 

Qeyd edib ki, akademik Mirəsədulla Mirqasımovun elmi fəaliyyəti ilə bərabər cərrahi fəaliyyəti də son dərəcə böyük olub: “Alimin böyük cərrah və elm xadimi kimi yetişməsində müvəffəqiyyətlə bitirdiyi o dövrün çox tanınmış, nüfuzlu Novorossiysk İmperator Universitetinin böyük rolu olmuşdur. Həmçinin Odessadakı professor K.M.Sapetskinin rəhbərlik etdiyi klinikada çalışması onun yaxşı cərrah kimi yetişməsində böyük rol oynamışdır. Hər bir alimin arzusu elmi məktəb yaratmaqdır və bu baxımdan Mirəsədulla Mirqasımov xoşbəxt alimdir ki, onun elmi məktəbi bu gün də yaşayır”.

 

Sonra Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini İlqar Qasımov çıxış edərək akademik Mirəsədulla Mirqasımovun Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafındakı tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, akademik Mirəsədulla Mirqasımov özünün bütün böyük və məhsuldar ömrünü urologiya, cərrahiyyə və onunla bağlı sahələrin mühüm məsələlərinin işlənib hazırlanmasına və inkişafına, Azərbaycan elminin təşkilatlanmasına həsr etmişdir.

 

Tədbirdə, o cümlədən AR ETN Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar və Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli çıxış edərək görkəmli alimlə bağlı xatirələrini bölüşüb, Mirəsədulla Mirqasımovun yüksəkixtisaslı tibb üzrə kadrların hazırlanmasındakı fəaliyyətindən və onun elmi axtarışlarının bu gün də öz aktuallığını qorumasından danışıblar.

 

Daha sonra məruzələr dinlənilib.

 

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Akademik Mirəsədulla Mirqasımovun həyatı və elmi-pedaqoji fəaliyyəti” mövzusunda məruzəsində bildirib ki, özünəməxsus məktəb yaratmış böyük Azərbaycanlılar sırasında ölkəmizdə tibb elminin və təhsilinin, ümumi cərrahiyyə və urologiyanın əsasını qoymuş, milli səhiyyənin qurucularından biri olmuş, görkəmli ictimai xadim və bacarıqlı elm təşkilatçısı, mükəmməl və parlaq həkim-klinisist, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü və ilk prezidenti, tibb elmləri doktoru, professor Mirəsədulla Mirqasımovun da adını fəxrlə çəkmək olar. O qeyd edib ki, Mirəsədulla Mirqasımov bütün həyatını və fəaliyyətini Azərbaycan səhiyyəsinə və elminə, tibb üzrə kadrların hazırlanmasına həsr etmiş, nailiyyət və ənənələri ilə məşhur olan ciddi, dərin elmi məktəb yaratmış ilk elm xadimlərindən olmuşdur.

 

Bildirib ki, akademik Mirəsədulla Mirqasımov ilk təhsilini ibtidai məktəbdə alıb, bir müddət mədrəsədə oxuduqdan sonra Bakı Rus Gimnaziyasına daxil olaraq təbiət qanunları, insan, heyvan və bitki dünyasının xüsusiyyətləri ilə tanış olmaq imkanı qazanıb. Məruzəçi diqqətə çatdırıb ki, 1908-ci ildə gimnaziyanı bitirən Mirəsədulla Mirqasımov Odessa şəhərindəki Novorossiysk İmperator Universitetinin (hazırda İ.İ.Meçnikov adına Odessa Milli Universiteti) Tibb fakültəsinə daxil olmuşdur.

 

Akademik İradə Hüseynova vurğulayıb ki, artıq mükəmməl cərrahi təlim almış Mirəsədulla Mirqasımov 1916-cı ildə Bakıya qayıdaraq öz taleyini və elmi-tibbi fəaliyyətini bütünlüklə Azərbaycan səhiyyəsi ilə bağlamış, Bakı Dövlət Universitetində və Azərbaycan Tibb İnstitutunda yerli mütəxəssislərin hazırlanmasında məharətlə xidmət göstərmişdir: “Alimin 45 illik elmi-təcrübi, həkimlik və elmi-pedaqoji fəaliyyəti dövründə nüfuzlu jurnallarda işıq üzü görmüş qiymətli əsərləri, elmi cəmiyyətlərin yığıncaqlarında, konqreslərdə, konfranslarda, digər tədbirlərdə çoxsaylı məruzə və çıxışları, fundamental monoqrafiyaları həkim və alim ictimaiyyətinin diqqətini hər zaman özünə cəlb etmişdir”.

 

Məruzəçi bildirib ki, professor Mirəsədulla Mirqasımovun 1933-cü ildə ümumi cərrahiyyə üzrə Azərbaycan dilində ilk dərsliyi yazaraq nəşr etdirməsi mühüm hadisə idi. Akademik İradə Hüseynovanın sözlərinə görə, Mirəsədulla Mirqasımov danılmaz yüksək şəxsi keyfiyyətləri, elmi bilikləri, hər iki dünya müharibəsində topladığı böyük təcrübənin səmərəli tətbiqi ilə respublikada xəstəxana xidmətlərinin inkişafına və möhkəmlənməsinə böyük töhfələr vermişdir.

 

“Bütün bunlar, eləcə də professor Mirəsədulla Mirqasımovun ictimai fəallığı, həm sadə insanlar, həm də elmi ictimaiyyət arasında qazandığı böyük nüfuz onun 1945-ci ildə yaradılan Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri olması, hətta hazırlıq işlərinin aparılması, sənədləşdirilmə və s. kimi fəaliyyətləri öz öhdəsinə götürməsi ilə nəticələnir. Azərbaycan elmi fikrinin inkişafı tarixində ilk dəfə olaraq elmi fəaliyyət mükəmməl təşkilati struktura malik sistemli xarakter almağa başlayır. Ümumi iclasda Azərbaycan SSR EA-nın 15 həqiqi üzvündən biri və ilk prezidenti seçilir. Alimin Akademiyanın formalaşmasında və inkişafında oynadığı rol ən yüksək qiymətə layiqdir”, - deyə İ.Hüseynova vurğulayıb.

 

Tədbirdə, o cümlədən Azərbaycan Tibb Universitetinin Birinci cərrahi xəstəliklər kafedrasının müdiri AMEA-nın müxbir üzvü Nuru Bayramovun “akademik Mirəsədulla Mirqasımovun Azərbaycan Tibb Universitetinin inkişafında rolu” və Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin “Azərbaycanda urologiya elminin təşəkkülü və inkişafı” mövzusunda məruzələri dinlənilib.

 

Sonda akademik Mirəsədulla Mirqasımovun oğlu Xalq artisti Oqtay Mirqasımov çıxış edərək atasının yubileyinin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları