“Torpaqlarımız işğal altında idi və bu, bizim başımızı aşağı salır, boynubüküklük yaradırdı” – Psixoloqla MÜSAHİBƏ  
15.10.2020 12:24

“Qələbəyə addım-addım irəliləməyimiz insanların şüuraltında basdırılmış hisləri tamamilə üzə çıxardı”.

 

Bu sözləri Aztibb.az-a müsahibəsində mövcud müharibə şəraitinin cəmiyyətimizin ruh halına mümkün təsirlərini dəyərləndirən psixoloq İlahə Dadaşova deyib.

 

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

 

- Hazırkı müharibə şəraiti insanlara psixoloji cəhətdən necə təsir edib?

 

- Hər bir millətin, xalqın özünəməxsus kütlə psixologiyası var. Yəni, fərdi şəxslərin deyil, ümumi xalqın psixologiyası kütlə psixologiyası adlanır. Tarixən Azərbaycanın, ümumilikdə türkün kütlə psixologiyası mərdlik, cəsarət və qorxmazlıqla xarakterizə olunub. Bu baxımdan namus, qeyrət həmişə azərbaycanlılar üçün ön planda olub. Torpaqların geri alınmasının 30 il gecikməsi insanlarda kütlə psixologiyasını bir növ şüuraltında basdırıb və fərdi psixologiya yaranmağa başlayıb. Biz artıq kütlədən çıxıb, fərdə çevrilmişdik. Tək-tək hərəkət edir, tək-tək düşünürdük. Əksəriyyətimiz daha çox öz mənafeyimizi fikirləşirdik. Amma şüuraltında yatan heç nə məhv olmur, yoxa çıxmır. Bizim o milli dəyərlərimiz, milli psixologiyamız yoxa çıxmamışdı. Prosesin gecikməsi insanlarda özünəinamı aşağı saldığına görə, əksəriyyət bu hiss və duyğuları basdırmalı olmuşdu. Lakin mövcud müharibə şəraiti, gedişat və qələbəyə addım-addım irəliləməyimiz insanların şüuraltında basdırılmış hisləri tamamilə üzə çıxardı.

Azərbaycanlıların psixologiyasında, türkçülükdə həmişə birlik, cəsarət olub. Başıdik gəzmək, torpaqlarının artıq işğalda olmaması  istər digər xalqların arasında, istərsə də öz aramızda qürurlanmaq ümumilikdə inamı artırıb. Sadəcə bəzi insanlar arasında, daha çox qadınlarda təşvişə meyllilik artıb. Çünki qadınlar daha çox emosionaldır, həssasdır. Sentyabrın 27-sindən bu günədək psixoloq olaraq deyə bilərəm ki, müraciətlərin arasında təşvişlər, narahatçılıqlar daha da çoxalıb. Xüsusən də nevroz problemi olan insanların bu gedişatda narahatlıqlarının artması normaldır. Yəni, gözlənilən bir haldır.

 

- Ordumuzun əldə etdiyi qələbə fonunda insanlarımızda xarakter dəyişikliyi müşahidə oluna bilər?

 

- Xarakter dəyişikliyi özünü fərdi psixologiyadan kütləvi psixologiyaya keçid olaraq özünü göstərir. Bundan sonra artıq hamı bir-birinə kömək etməyə çalışacaq. Əsas səbəb özünəinamın qazanılmasıdır. İnsanlarımız artıq hiss edir  ki, şəhid ailələri, hərbiçi ailələrinə, əsgərlərə köməklik edə bilərəm. Hamı o gücü özündə görür, hiss edir. Bu, xarakter dəyişikliyi deyil, tarixən bizdə olan xüsusiyyətlərin yenidən qazanılmasıdır. Tarix boyu sərkərdələrimizdə, qəhrəmanlarımızda olan xüsusiyyətləri hər birimizin qazanmasıdır. Torpaqlarımız işğal altında idi və bu, bizim başımızı aşağı salır, boynubüküklük yaradırdı, özünə inamsızlığa gətirib çıxarırdı. Bir xalq olaraq özümüzə inanmırdıq, “Görəsən nə vaxtsa o torpaqları ala bilərik?” deyirdik. Bu sualın cavabı formalaşdığına görə, artıq özünə inam var və başıdik gəzə bilirik. Mövcud  proseslər fonunda xalqda olan, lakin şüuraltında yatan xarakterlər üzə çıxdı.

 

- Əgər keçmişdə olduğu kimi ermənilərlə azərbaycanlıların birlikdə yaşaması mümkün olarsa, insanlarımız buna hazırdırmı?

 

- Ermənilərlə azərbaycanlıların bir yerdə yaşaması üçün bizə illər lazımdır. Əslində, əhali arasında sorğu keçirsək, bir çoxlarının cavabı “xeyr” olacaq. Çünki bu, insanlar arasında əlavə təşviş yarada bilər. Tarixən biz bilirik ki, həmişə qonaqpərvərlik, unutqanlıq göstərib birlikdə yaşamışıq. Psixologiyada belə bir qayda var ki, insan səhvlərindən qorxmalı deyil, sadəcə dərs götürməlidir. Xalq olaraq keçmiş səhvlərimizdən dərs götürməliyik. Əgər birlikdə yaşamalı olsaq da, əvvəlki kimi onları içimizə buraxmamalı, aramızda hər zaman məsafə saxlamalıyıq. Çünki onların kütlə psixologiyasında bizdə olmayan hiyləgərlik, arxadan zərbə endirmək kimi xüsusiyyətlər var. Qeyd edim ki, kütlə psixologiyası genetik olaraq ötürülür. İllərlə biz nəyin günahını yaşamışıq? İllərlə birlikdə yaşayıb, arxamıza baxmamışıq. “Bu dəfə olmaz” deyərək bizə edilənləri unutmuşuq. Lakin kollektiv şüuraltı, hər bir millətin kütlə psixologiyası unudulmamalıdır. Erməni xalqında bu xüsusiyyət var. Əgər onlarla birgə yaşayası olsaq, davamlı olaraq bir gözümüz arxada olmalı, özümüzü qorumalıyıq. Bu da insanlarda istər-istəməz əlavə gərginlik yaradacaq. Yaşananları həzm etmək üçün bizə illər lazımdır. O yol uğrunda övladını itirən şəhid anasına bir müddət biz deyə bilməyəcəyik ki, siz Qarabağda erməni xalqı ilə birlikdə yaşayın. Və yaxud orada hər-hansı münaqişə olduqda da azərbaycanlını heç vaxt buna görə günahlandıra bilmərik. Çünki müharibənin özü də insanlara travmadır və insan yaşadığı travmanı asanlıqla unuda bilmir. Bir erməni ilə qonşu olmaq da hər gün o travmanı xatırlamaq deməkdir. Bunları nəzərə alaraq, qeyd etdiyim məsələlərə görə də biz buna hazır deyilik və bəlkə də buna hazır olmaq üçün illər lazımdır.

 

- Koronavirusa yoluxma hallarında da yenidən sürətli artım muşahidə olunur. Bu fonda karantin rejimi uzanarsa, insanlar arasında aqressiya yenidən kütləvi hal ala bilər?

 

- Yenidən karantin başlayarsa, insanlarda aqressiya artacaq. Lakin bundan öncəki qədər olmayacaq. Artıq hər kəsdə belə bir fikir formalaşıb ki, dövlətimiz nə deyəcək, nə qanun qoyacaqsa, biz də ona hazırıq. Çünki dövlət başçısı insanların çoxdan gözlədiyi bir addımı atdı, uğurlu nəticəni aldı. Bununla da insanlardakı əvvəlki aqressiya söndü. Əvvəl iki aqressiya birləşirdi və kəskin psixoloji travmalar yaranırdı. İndi isə biri artıq aradan qalxıb. Bundan sonra yalnız maddi məsələlərlə bağlı insanlarda müəyyən çətinliklər ola bilər. Ancaq insanların uğur və qələbə üçün buna dözə biləcəyini düşünürəm. Bu dəqiqə insanların prioritet məsələsi Qarabağ mövzusu, müharibəni uğurla, qələbə ilə başa vurmağımızdır.

 

İnsanlarda bundan öncəki aqressiya zamanı daxili, maddi, sosial konfliktlər daha çox idi. İndi sanki sosial və daxili konfliktlərimizi həll edirik. Xalq birləşərək maddi problemlərin də öhdəsindən gələ bilər.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib