“İntihar xəbərləri insanlarda özünü öldürmək fikrini alovlandırır” - Psixoloq İlahə Dadaşova
31.01.2021 11:41

İntihar xəbərləri, bu qəbildən olan videolar, müxtəlif görüntülər insanlarda özünü öldürmək fikrini alovlandırır. Düşünürlər ki, bunu edə bilən var, deməli mən də edə bilərəm.

Bu sözləri Aztibb.az-a müsahibəsində intihar hallarının artmasına münasibət bildirən psixoloq İlahə Dadaşova deyib.

- Son zamanlar intiharların sayı artıb. Bu nə ilə əlaqədardır?

- Ümumiyyətlə intihar psixologiyası ən son həddir. Son həddən öncə insanın müəyyən çırpınışları olur. Mütləq ki ətrafına çarəsiz olduğunu bildirir. Əslində intihar  “vicdanınızla hesablaşın, mən sizdən xilas yolu istədim” tipli mesajdır.

İntihar heç bir halda cəmiyyətdə işıqlandırılmamalıdır. İstər video, istərsə də kriminal xəbərlər formatında yayılmamalı, tədqiqatı da gizlin şəkildə aparılmalıdır. Həmçinin intiharın səbəbləri də gizli saxlanılmalıdır.


- İntihar hadisələrinin işiqlandırılmasının hansı fəsadları ola bilər?

- Bir çox insanda intihar düşüncələri olur. Hər kəsin istər maddi, istər mənəvi və ya məişət problemləri var. O problemlər pik həddə çatanda bir çox insan “ölsəydim bu problemlərdən xilas olardım” kimi fikirlərə düşür, belə ifadələr işlədir. Və bu cümləni işlədən biri həmin anda intihar videoları, intihar xəbərləri ilə rastlaşanda düşünür ki, demək biz tək deyilik. Mənim kimi bunu düşünüb reallaşdıranların da olduğunu fikirləşən şəxs bunun doğru seçim olduğu qənaətinə gələ bilir və o addımı atır.

Cəmiyyətdə həmişə belə olub. İstənilən illərdə hansısa bir intihar hadisəsi çox böyük formatda qabardılıbsa, ondan sonra dəfələrlə zəncirvari intihar hadisələri baş verib. İntiharı düşünüb lakin cəhd etməyən şəxslərdə o fikir oyanır və artıq müəyyən intihar cəhdlərini formalaşdırmağa başlayırlar.

Bəzi insanlar var ki daha əvvəllər intihara cəhdlər ediblər, ancaq sonra fikirlərindən daşınıblar. Sadəcə video, mesaj, xəbərlə o fikir yenidən alovlanır.

- İntiharların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?


- Cəmiyyətin sosial məsələləri ilə bağlı olan qurumlar çox güclü maarifləndirmə işləri həyata keçirməlidir. Son zamanlar təbliğat səhv yöndə aparıldı. O videoları çəkən, paylaşanlar özləri də bilmədən əslində intiharı təbliğ etdilər.

Amma təbliğat fərqli yöndə getməlidir. Təbliğat intiharın çıxış yolu olmadığı, bu addımın əslində səhv düşüncə olduğu və müalicəsinin mümkünlüyü istiqamətində aparılmalıdır. İstənilən problemin intihardan əvvəl də bir neçə çıxış yolu olduğuna dair məlumatlar ictimaiyyətə ötürülməlidir.

Problemi olan insanın ətrafındakı insanlar da duyarlı olmalıdır. İntihar düşüncəsi olan insan yaxınında olan bəzi şəxslərə bunu öncədən bildirir, sətraltı mesajlar verir. Biz bunu bəzən başa düşmürük və ya öz problemlərimizə o qədər başımız qarışır ki, həmin insanı eşitmirik. Bəzən də duymamazlıqdan gəlirik. Ancaq intihar edən şəxs bunu birdəfəlik etmir, mesajı mütləq ki öncədən verir. Öncədən ya tükənmişəm, ya yorulmuşam və yaxud mən problemimi həll edə bilmirəm deyir. Sadəcə, biz bu cümlələri eşitmirik. Buna görə də bu məsələdə insanlarımız bir az diqqətli olmalıdır. Hər bir gəncin, ümumiyyətlə hər bir şəxsin problemlərində ailəsi duyarlı olmalıdır ki, nəticədə intiharla qarşı-qarşıya qalmayaq.

- Psixoloqa hec cür getmək istəməyən və ya getməsi mümkün olmayan insanlar var. Onlara necə kömək etmək olar?

- Dəfələrlə intihara cəhd edən, psixoloqa getməyən şəxsin yaxınları həmin intiharların qarşısını bir neçə dəfə ala bilibsə, bundan sonra da qarşısını mütləq ala biləcəyini düşünməsin. İntihar cəhdləri ani anda baş verə və bununla da həyat sonlana bilər. Ona görə də intihara cəhd anı ilə rastlaşdıqda təcili yardıma zəng edərək, 103-ün tərkibində olan psixi briqadanı çağırmaq lazımdır. İntihar cəhdləri olanda bu psixi briqada komandası tərəfindən həmin şəxs məcburi müalicəyə cəlb edilir, psixi xəstəxanada yatızdırılır. Çünki həmin şəxs özü və ətrafı üçün təhlükə ərz edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub