ATU-nun əməkdaşı tibb xidmətləri sahəsində təkliflərini təqdim edir    
29.11.2021 10:38
Azərbaycanda səhiyyə sistemi dövlət tərəfindən ciddi nəzarətdə olan sahələrdən biridir. Tibb xidmətləri bazarının təkmilləşdirilməsi üçün dövlət tərəfindən əlavə tədbirlər görülməlidir. Bu tədbirlər sırasında dərman istehsalı üzrə müəssisələrin yaradılmasının stimullaşdırılmasını qeyd etmək olar. Ölkəmizdə dərman hazırlayan müəssisələrin yaradılması üçün hər cür şərait var və bu, dərmanların qiymətinin xeyli azalmasına səbəb ola bilər.
 
Aztibb.az xəbər verir ki, bu haqda Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova müsahibəsində bildirib.
 
- Əczaçılıq sənayesinin spesifik bir sahə olduğunu və burada dövlət nəzarətinin mütləq olduğunu nəzərə alsaq, dərman hazırlayan müəssisəsinin hansı formada yaradılması daha uyğun olardı?
 
Əvvəla qeyd edim ki, Azərbaycanda dərman preparatlarının istehsalı üçün müxtəlif bitkilər, mineral və təbii resurslarımız var. 2008-ci ildə biyan kökündən hazırlanan məhsulları buraxan zavodun tikintisi bu baxımdan müsbət nümunə kimi göstərilə bilər. Həmçinin ölkəmizdə müasir əczaçılıq sənayesinin əsas tərkib hissəsi olan kimyanın müxtəlif sahələri üzrə təhsil və elmi-tədqiqat institutları şəbəkəsi mövcuddur. Kimya sənayesinin milli iqtisadiyyatın tərkib hissəsi olduğunu nəzərə alsaq, bunu mühüm faktorlardan biri kimi qiymətləndirmək olar. 
Əgər biz ölkəmizə məşhur brendləri cəlb etmək istəyiriksə, burada dövlətin dəstəyi mütləqdir. Hətta belə bir müəssisə hansısa şirkətin ortaq payı ilə yaradılsa, dövlət yenə də bu layihədən ikiqat iqtisadi xeyir əldə etmiş olacaq. Çünki, dərman istehsal zavodu yüksək gəlir gətirməyə başladıqda, dövlət öz paylarını özəlləşdirməyə çıxara bilər. Digər tərəfdən, bu müəssisə dövlət büdcəsinə də vergi ödəyəcək. Belə bir layihənin sosial faydasından danışdıqda isə əhalinin məşğulluğuna veriləcək töhfəni qeyd etmək olar.
 
- Azərbaycanda səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması üçün hansı metodların tətbiqi tələb olunur?
 
İlk növbədə, həm daxili, həm də xarici özəl investisiyaları cəlb etməyə çalışmaq lazımdır. Dövlət tərəfindən belə addımların atılması zəruridir, çünki bu sahəyə investisiya axınını təmin etmək üçün cəlbedici sərmayə mühiti yaratmağa ehtiyac var.
Səhiyyə - dinamik inkişaf edən bir sahə olduğuna görə, daim yeni avadanlıqlar, dərmanlar, diaqnostika və müalicə texnologiyaları olə yenilənir. Bu sahədəki hər bir mütəxəssis bu yenilikləri izləməli, özünü inkişaf etdirməlidir. Bu məqsədlə dövlət müəyyən təlim və təcrübə proqramlarının keçirilməsini stimullaşdırmalıdır.
Bunlarla yanaşı, tibbi texnikadan effektiv istifadənin əhəmiyyətini də qeyd etmək lazımdır. Azərbaycanda həm dövlət, həm də özəl klinikalar çoxsaylı müasir tibbi avadanlıqlarla təchiz olunub. Lakin, əksər hallarda işçilərin əksəriyyəti bu tip innovativ texnikaların bir çox üstünlüklərindən xəbərsizdir. Həm də fərdi tibbi praktikanın inkişafı istiqamətində tədbirlərin görülməsi zəruridir. Çünki, fərdi xidmət göstərən həkimlər rəqabəti artırır.
 
- Məlumdur ki, ölkəmizdə tanınmış təbii müalicəvi bitki və minerallarla zəngin olan məkanlar var. Bu faktdan tibb xidmətləri bazarının təkmilləşdiriməsi üçün necə istifadə etmək olar?
 
Doğrudan da, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafında turizmi prioritet istiqamətlərdən biri kimi seçib. Bu, 2016-cı ildə dövlət başçısı tərəfindən təsdiqlənmiş Strateji Yol Xəritəsində də öz əksini tapıb. Hazırda ölkəmizdə Naftalan müalicəvi sanatoriyası, Naxçıvanda duz mağarası, Şabranda müalicəvi suyun əsasındakı sanatoriyalar uğurla fəaliyyət göstərir.
Hesab edirəm ki, Strateji Yol Xəritəsindəki müvafiq kursa əsasən, müalicəvi turizmin inkişafı perspektiv istiqamətlərdəndir. Lakin, bu proseslərdə də ən azından ilkin mərhələdə dövlətin iştirakı mütləqdir. Bunun üçün həm tibb, həm də turizm mütəxəssislərinin, həmçinin icra orqanları və yerli özünüidarə qurumlarının iştirakı ilə hədəf proqramları hazırlanmalıdır. Müalicəvi turizmin inkişafı həm də Azərbaycan hökumətinin yürütdüyü sosial-iqtisadi siyasətin əsas istiqaməti olan regionların inkişafına da ciddi töhfə verə bilər.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək əminliklə deyə bilərik ki, Azərbaycanda tibbi xidmətlər bazarında dövlət tərəfindən əlverişli biznes mühitinin yaradılması bu bazarda güclü rəqabət yaradacaq. Bu isə, adıçəkilən bazar seqmentində biznes strukturlarının effektiv fəaliyyətinə yol açacaq.
ÇOX OXUNANLAR
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
 Yardımlı rayonunda “Dərsimiz Sağlamlıq” adlı maarifləndirici görüş keçirilib   
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
Revmatoid artritlə mübarizədə ümidverici yeni vasitə aşkar edilib
Təzyiq xəstələri üçün yeni ümid - 
Təcrübəli həkim Nərgiz Kərimova Milli İdman Tibb və Reabilitasiya İnstitutunda işə başlayıb