Vaxtından əvvəl doğulan körpələrdə ən çox rast gəlinən PROBLEMLƏR/RİSKLƏR - Tanınmış neanotoloq Sevda Əsədova
06.04.2021 12:57

Aztibb.az-ın növbəti müsahibi nüfuzlu səhiyyə ocağı Mərkəzi Klinikanın Pediatriya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, neonatoloq Sevda Əsədovadır. Sevda Əsədova uşaq xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi üzrə ixtisaslaşmış təcrübəli mütəxəssisdir.

 

- Sevda xanım körpələrimiz doğulur, sevincini yaşayırıq, növbə gəlir düzgün rutin müayinələrə. İlk nədən başlanılmalıdır?  

 

Körpələr ata-anaya valideyin olmağın sevincini yaşadır, eyni zamanda valideyinlərin boynuna böyük bir məsuliyyət düşür. Çünki körpənin səhhəti, gələcək həyatına sağlam davam etməsi ilk növbədə onlardan asılıdır. Odur ki, körpə davamlı olaraq bir pediatrın nəzarətində olmalıdır. Bunun üçün müəyyən protokollar da var. Hətta körpə tam sağlam, problemsiz doğulsa belə, ən azı 6 ayına qədər hər ay pediatra göstərilməlidir. Pediatr isə digər funksiyaları özü idarə etmiş olacaq, yəni körpə üçün ehtiyac duyulduqda digər dar ixtisas həkimlərlə konsultasiyanı məsləhət görəcək. Qeyd edim ki, körpəni 6 ayından sonra 1 yaşına qədər hər 2 aydan bir, sonrakı yaşlarından 3 yaşına qədər isə hər 3-4 aydan bir pediatr müayinəsinə aparmaq olar. Körpənin səhhətində naxoşluq olmasa belə ildə 1 dəfə həkim müayinəsi vacibdir. Buna həm peyvənd öncəsi, həm də check-up müayinə aiddir. İstənilən halda körpə müəyyən dövrlərində mütləq pediatr məsləhəti ilə lazımi prosedurlardan keçirilməlidir.

 

 - Pandemiya dönəmi hansı önləyici addımlarla körpələri qrip, pnevmoniya kimi xəstəliklərdən qoruya bilərik?

 

Ümumiyyətlə pandemiya şəraitində istər böyüklər, istərsə də körpələr üçün məlum qaydalara diqqət edilməlidir. Birincisi bilirik ki, xəstəlikdən qorunmanın əsas yolu doğru gigiyenik qaydalara riayət etməkdir. İkinci yerdə izolyasiya gəlir, yani körpələri toplu olan yerlərə aparmamaq. Əgər valideyin öz səhhətində narahatlıq hiss edərsə, maskadan istifadə mütləqdir ki, bu da körpəni yoluxmadan qoruyur. Körpələrin gigiyenik tədbirlərinə gəldikdə, ilk növbədə onların təmizliyinə düzgün riayət edilməlidir. Bu, təkcə pandemiya dövrünə aid deyil. Valideyinlər bu qaydaları hər zaman izləməlidirlər. Çünki körpələr özləri bunu görə bilmədikləri üçün valideyinlərin məsuliyyəti daha çoxdur.       

     

Bəzən görürük ki, valideyinlər körpəni aid olmadığı yerlərə, izdihamlı məkanlara aparırlar, o halda körpə tez yoluxur. Nəzərə alsaq ki, körpənin immun sistemi zəifdir, xüsusilə də 1 yaşına kimi körpələrin immunitetində müəyyən mexanizmlər hələ tam fəaliyyət göstərmir, belə vəziyyət onlar üçün potensial təhlükədir. Bu halda təkcə koronavirus infeksiyası deyil, yaz dövründə baş qaldıran bir çox infeksiyalar var ki, yoluxma baş verdikdə körpələr qarışıq infeksiyalı xəstəliyi daha şiddətli keçirir. Ona görə körpələr mümkün qədər çox izolyasiya edilməlidirlər.   

         

Digər tərəfdən körpələrin qidalanmasına da ciddi fikir vermək lazımdır. Özündə bütün mineralları, vitaminləri toplayan qida növlərindən istifadə vacibdir. Körpələr orqanik tərəvəz və meyvə qəbul etməlidirlər.      

      

Qeyd edim ki, bəzən valideyinlər həddən çox diqqətdən dolayı körpələrə guya qabaqlayıcı tədbir olaraq müxtəlif dərmanlar qəbul etdirirlər. Bu da onların səhhətinə ciddi ziyan vurur. Valideyinlər vitaminlərdən çox istifadə edirlər. Düşünürlər ki, bununla körpələrinin sağlamlığını qoruyurlar amma bu səhv yanaşmadır. Yaxud körpə viral bir infeksiyaya yoluxan kimi antibiotiklərə müraciət olunur. Bilməlidirlər ki, pediatr təyin etmədən heç bir peraparatdan istifadə olunmamalıdır.

 

 - Son vaxtlar peyvənd gündəmi ən çox məşğul edən mövzulardandır. Mövsümdə uşaqların peyvənd edilməsi ilə bağlı tövsiyəniz nədir?  

 

Peyvəndlərin aparılması körpələr üçün həyati vacib məsələdir. Bəzən valideyinlər hüquqlarını aşaraq körpələrini peyvənd etdirməkdən imtina edirlər. Öz körpələri ilə yanaşı digər körpələri də risklə qarşı-qarşıya qoyurlar. Çünki immun sistemi normal inkişaf edən bir körpə infeksiyalara yoluxub xəstəlik keçirsə belə bu onun orqanizimində ciddi fəsadlar törətməz. Lakin biz bunu peyvənd olunmamış körpə üçün deyə bilmərik. Odur ki, profilaktik peyvənd təqviminə uyğun olaraq peyvəndləmə həyata keçirilməlidir. Körpələrin orqanizimdə infeksiyalara qarşı antitellərin əmələ gəlməsi onların qorunması, yaxud heç bir fəsad olmadan xəstəliyi yungül keçirmələri ilə nəticələnir.   

 

Çox vaxt valideyinlər körpələrinin vaxtından əvvəl doğulmasını, zəifliyini yaxud digər problemlərini əsas gətirərək, peyvəndləməni 1 yaşından sonra edəcəklərini bildirilər. Vurğulayım ki, bu olduqca yalnış yanaşmadır. Peyvəndləmə ilə biz körpələrin fəsad yaşama risklərini azaldırıq. Ona görə də bu pediatrlar tərəfindən valideyinlərə izah olunmalıdır və onlar bunu mütləq tətbiq etməlidirlər.   

 

Peyvəndləmədə belə bir problemlərlə də rastlaşırıq ki, bəzən valideyinlər peyvəndin harada vurulması, hansı peyvənddən istifadə edilməsi suallarını ortaya çıxarır. Daha çox valideyinlər peyvənd istehsalçıları ilə maraqlanırlar. İstehsalçının brend olmasını vacib bilirlər, sifarişlə gətizdirirlər. Əsas odur ki, peyvəndləmə bütün prosedur və protokola riayət edilmiş formada, soyuq zənciri qırılmadan, qaydalara uyğun şəraitdə daşınmış, normalara uyğun saxlanılmış peyvəndin alındığı tibbi müəssisədə aparılmalıdır.  

 

 - Təcrübənizdə sizə son zamanlar yeni doğulan körpələrin daha çox hansı xəstəliyinə görə müraciət olunur?   

İxtisasım olaraq yenidoğulmuşların renimasiyası və intensiv terapiyası bölməsi üzrə reanimatoloq çalışdığım üçün müraciət daha çox vaxtından əvvəl doğulmuş körpələr və onlarda ortaya çıxan problemlərlə bağlı olur. Biz çox vaxt ginekoloqlarımıza müraciət edirik ki, bətndaxili yaranan hər bir problem barədə mütləq uşaq doğulmadan öncə məlumat verilməlidir. Körpələr doğulduqda biz bilməliyik ki, onların hansı problemələrinə rast gələ bilərik və bu mənada biz hazırlıqlı olmalıyıq.            

 

Mərkəzi Klinikada Pediatriya şöbəmiz daha çox patoloji hamiləlikdən izlənən yeni doğulanların müayinə və müalicəsi üzrə ixtisaslaşıb. Ən sıx rast gəlinən problem vaxtından tez doğulmuş, bətndaxili müəyyən inkişaf qüsuru olan körpələrdədir. Hansı ki, biz onlara nəzarəti müəyyən dövr kardioloq, endokrinoloq və digər yüksəkixtisaslı təcrübəli həkimlərlə birlikdə aparırıq.    

 

        

 - Vaxtından əvvəl doğulan körpələrin sayı artmaqdadır. Bunun əsas səbəbləri və risklərdən danışmağınızı istərdik.   

 

Təəssüf ki, belə körpələrin sayı artıb. Doğrusu bunun əsas səbəblərindən biri süni mayalanma mərkəzlərimizin inkişafından asılıdır. Çünki bir sıra problemləri olan cütlüklərdə qadının hamiləliyi baş vermir və bunu aradan qaldırmaq üçün mərkəzə müraciət edirlər. Çox vaxt da ilk doğuşda körpədə bir sıra çatışmazlıqlar olur. Bunun birinci səbəbi vaxtından əvvəl doğulmadır. Digər səbəb isə süni mayalanmada əkiz hamiləliyin çox olmasıdır və belə hamiləlikdə də vaxtından əvvəl doğuş riskdir. Bu səbəbdən vaxtından öncə doğulmalar daha çox izlənilir.   

 

Ümumilikdə hamiləliyin 22-ci həftəsi, eləcə də üzərində doğulan körpələr diri doğulan sayılır və çəkisi 500 qr üzərində olan belə körpələrin sağlam həyatı üçün davamlı mübarizə aparılır. 

 

 - Prematür körpələrdə ən çox rast gəlinən problemlər hansılardır? Belə uşaqların öz yaşıdlarına çatması üçün nə qədər vaxt tələb olunur?  

  

Belə körpələrdə ən çox rast gəlinən onların morfofunksional inkişaflarının yetişməməsinə bağlı problemdir. Bu hal hestasiya yaşına görə aşağı bədən kütləsində doğulan körpələrdə daha çox rast gəlinir. Bütün orqan və sistemlər lazımi qədər inkişaf etmədiyi üçün körpənin problemləri davamlı izlənilir. Belə xəstəliklərdən biri ağciyər yetməzliyidir. Hestasiya yaşı aşağı olan körpənin ağciyərlərində surfaktant deyilən maddənin ifarzı gecikir, yalnız 32 həftənin üzərində artıq miqdarda ifraz olunur və 34-cü həftəsində yetkin olur. Bu həftələrdən öncə doğulan körpələrin ağciyərlərinin açıq qalmasında bu maddə iştirak etməlidir. Lakin ifraz olunmadığından ağciyərlər bağlı qalmağa meyillənir və beləliklə körpələrin süni ventilyasiya cihazlarının dəstəyinə ehtiyacı yaranır.

 

Kardioloji yöndən isə əksər halda vaxtından əvvəl doğulan körpələrin ürəyində dəliklərin, protokların, tuktusun bağlanmaması təbiidir. Çünki bu körpələrdə inkişaf lazımi həddə olmadığı üçün dəliklər normal vaxtındakı kimi bağlı olmur. Belə olduqda körpələrin agciyər problemləri başlayır. Odur ki, süni ventilyasiya  cihazlarının dəstəyi vacib buyrulur. Eyni zamanda körpənin endokrin sistemi yetişməmiş olur, immuniteti çox aşağı düşür və tez-tez infeksiyaya məruz qala bilir. Bundan başqa, belə körpələrin sinir sistemi də yetişkən olmur, lazımi refleksləri, bəzi həyatı vacib funksiyaları icra edə bilmir, nəticədə digər orqanlarda da funksional problemlər yaranır. Belə körpələr doğulduqdan sonra neonatal reanimasiya və intensiv terapiya şöbəsində izləmədə olmalıdırlar. Qeyd edim ki, bu kimi xəstəlik halı keçirmiş körpələrin ümumi inkişaf səviyyəsinin vaxtında doğulmuş körpələrdəki səviyyəyə çatması onların hestasiya yaşından asılıdır. Bəzən 1-2 yaşlarında, ən gec halda isə 3 yaşına qədər bu körpələr artıq öz yaşıdlarından seçilmirlər və onlar kimi inkişaflarını davam etdirilər.  

 

 - Erkən doğumun uşaqların gələcək inkişafına hansı mənfi təsirləri ola bilər? Belə uşaqlarda hansı müayinələr mütləqdir?          

  

Qeyd etdiyimiz kimi, bu körpələrdə orqanizmin morfofunksional inkişafı normalara cavab vermədiyindən mənfi təsirlər ortaya çıxır. Körpələr invaziv prosedurlara çox məruz qaldıqları üçün bu onlarda mənfi fəsadlar yaradır. Erkən doğulan körpələrin ağciyərləri yetişkən olmadığı üçün süni tənəffüs cihazlarına, oksigen dəstəyinə ehtiyacları yaranır. Halbuki, cihazın özünün də ağciyərlərə verdiyi toksiki təsir bu körpələrdə fəsad yarada bilər. 

 

Hazırda şöbəmizdə bu məqsədlə çox müasir avadanlıqlardan istifadə edirik. Oksigenin mənfi təsirlərini ölçmək üçün daim körpənin qanında olan oksigenin, karbon deoksidin səvəyyəsi nəzarətdə saxlanılır. 

 

Vaxtından əvvəl doğulmuş körpələrdə digər ən çox rast gəldiyimiz göz dibi diskinin qopması halıdır. Bu körpələrdə korluğa səbəb ola bilir. Bunu önləmək üçün onların 4 həftəsi tamam olduqda göz dibi müayinələri başlanılır. Digər lazım olan tədbirlər korluq fəsadı olmasın deyə neonatal reanimasiyada olduğu dövrdə həyata keçirilir. Bundan başqa, körpənin eşitmə problemi də yarana bilər ki, bu da audioloq tərəfindən izlənilir, eşitmə səviyyələri qorunur, eləcə də uzun müddət antibotik qəbul etmiş körpələrdə yaranan fəsadların aradan qaldırılması müalicələri aparılır. Ona görə biz belə körpələri sıx nəzarətdə saxlayırıq, hətta bu körpələri evə göndərdikdən sonra da mütləq onların nevroloji, kardioloji, göz dibi müayinələri, eşitmə testləri vaxtında aparılır.  Əks halda fəsdalar körpələrdə hər hansı əlilliyə səbəb ola bilər.

 

 - Mərkəzi Klinikada erkən doğulmuş körpələrə tətbiq etdiyiniz müasir müayinə üsulları və xidmətlər haqqında danışardınız.

 

Bizim klinikada erkən doğulmuş körpələrin sayı doğum nisbətinə görə çoxdur. Çünki klinikamızda sırf patoloji hamiləliklər izlənilir və belə hamiləlikdə erkən doğulma riski yüksək olur. Bu sahədə təkmilləşmiş həkim briqadamızda hər bir dar ixtisas üzrə profesional mütəxəssislərimiz var. Klinikada körpələrin renimasiyada olduğu vaxtda göz, eşitmə orqanlarının xəstəlikləri üzrə ciddi müayinəsi, beyin ultra senoqrafiyası, exokardioqrafiyası, beyində MRT, kompüter tomoqrafiyası aparılır. Ehtiyac duyularsa,  cərrahi müdaxilə olunur.

 

Xüsusilə qeyd edim ki, respublikada ilk dəfə 24 həftəsində 500 qr doğulmuş körpə məhz bizim şöbədə sağlamlığına qovuşub. Hazırda onun 8 yaşı var, inkişafı da normal gedir. Klinikamızda 24-25 həftəsində çəkisi 500 qr olan 12 belə körpə doğulub və bu gün onların öz yaşıdlarından heç bir geriləməsi yoxdur.

 

Daha bir 600 qr çəkidə doğulmuş körpə damarın bağlanmaması səbəbindən uzun müddət tənəffüs cihazından asılı oldu. Şöbəmizdə kardiovaskulyar cərrahımız həmin körpənin əməliyyatını icra etdi. Hazırda 3 aylıq olan o uşaq tam sağlamdır, izləmələri aparılır, yaşıdları ilə eyni inkişafdadır.

 

Ümummiyyətlə vaxtından əvvəl doğulmuş körpələrin vəziyyətinin düzgün izlənməsi üçün həkim kollektivində hər bir dar ixtisas mütəxəssisi mükəmməl olmalıdır ki, uşaq müalicələrdən uğurla çıxsın və heç bir əllillik yaşanmasın.             

 

Müsahibə üçün təşəkkür edirik!

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb