Azərbaycanda İLK dəfə bir xəstəyə iki qaraciyər köçürülüb MƏTBUAT KONFRANSI
08.05.2021 11:40

“Mərkəzi Klinika”da ölkəmizdə ilk dəfə olaraq qaraciyər sirrozundan əziyyət çəkən bir xəstəyə iki qaraciyər transplantasiyası uğurla yerinə yetirilib. Bu, dünyada ən mürəkkəb və riskli əməliyyat hesab edilir. Belə əməliyyatlara dual qaraciyər transplantasiyası deyilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə əməliyyatı aparan cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi mətbuat konfransında məlumat verib.

 

Cərrah-transplantoloq deyib: “Xəstə uzun müddət idi ki, hepatit B ilə əlaqədar olaraq qaraciyər sirrozundan əziyyət çəkirdi. Bununla əlaqədar xarici ölkələrdə də müayinədə olub. Tək çarəsi qaraciyər transplantasiyası idi. Əksər hallarda belə vəziyyətdə donor rolunu xəstənin yaxın qohumları oynayır. Lakin bu dəfə xəstə üzərində əməliyyat aparmaq üçün bir donor kifayət etmirdi. Ona görə də iki donorun hər birinin qaraciyərindən bir pay götürülərək qaraciyər transplantasiyası aparılmasına qərar verildi. Könüllü olaraq donor kimi bacısı və xalası oğlu əməliyyata hazırlandı. Təxminən iki həftə ərzində uzun və çətin bir yol keçdik. 12-14 saat çəkən transplantasiya prosesi uğurla yekunlaşdı. Əməliyyat nəticəsində xəstənin həyatını xilas etmək mümkün oldu və o, hepatit B təhlükəsindən də azad edildi”.

 

O, bu əməliyyatın ölkə səhiyyəsinin bir uğuru kimi dəyərləndirib və qeyd edib ki, 2008-ci ildən indiyədək Azərbaycanda 1500-ə yaxın xəstə üzərində qaraciyər və böyrək transplantasiyası aparıb. Cərrah-transplantoloq bunu gənc tibbi kadrların təhsilinə göstərilən dövlət qayğısı, eləcə də səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir tibbi avadanlıqlarla təchizatına göstərilən dövlət qayğısı ilə əlaqələndirib, əməliyyatın uğurlu alınmasında donor komandasının rəhbəri Dr. Kamran Beydullayevin böyük əməyi olduğunu bildirib və ona xüsusi təşəkkürünü qeyd edib.

 

Klinikanın baş həkiminin müavini, ümumi cərrah Dr. Zaur Xəlilov əməliyyatın mürəkkəbliyi haqqında məlumat verərək deyib: “Hər donor üzərində əməliyyat 5-6 saat davam etdi. Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu əməliyyatın uğurlu alınmasında xəstəxananın anesteziologiya və reanimotologiya bölməsində çalışan tibb işçilərinin və bütün kollektivin çox böyük əməyi var. Eyni zamanda, xəstənin həyata qayıtması üçün sağlamlıq problemi olmadan donor kimi çıxış edən xəstənin yaxınlarının fədakarlığı da hər cür təqdirə layiqdir”.

 

Mətbuat konfransında üzərində qaraciyər transplantasiyası aparılan xəstə Arzuman Sadıqlı çıxış edərək onun həyata qayıtmasında əməyi olan hər bir həkim və tibb işçisinə minnətdarlığını bildirib. “30 yaşım var, evdə iki övladım yolumu gözləyir. Yenidən həyata qayıtdığım, ailəmə, övladlarıma qovuşduğum üçün özümü çox xoşbəxt hesab edir və bunun üçün Mircəlal həkimin rəhbərlik etdiyi əməliyyat qrupuna, xəstəxanaya və tibb heyətinə ən xoş və ülvi hisslərimi çatdırmaq istəyirəm. Özümü çox yaxşı hiss edirəm və yaxın günlərdə evə, ailəmə və övladlarımın yanına dönəcəyəm”,- deyə ürək sözlərini ifadə edib.

 

Xəstənin donorları bacısı Rəna Sadıqova və xalası oğlu Anar Qasımov uğurlu əməliyyat üçün klinikanın kollektivinə təşəkkür ediblər. Xəstənin atası Vəli Sadıqov isə deyib: “Arzumanı müalicə üçün 6 il Gürcüstana və Türkiyəyə aparmışıq. Bizə müxtəlif ölkələrə, klinikalara üz tutmağı məsləhət bilirdilər. Lakin oğlumun xilasının heç də başqa ölkələrdə yox, öz ölkəmizdə , öz səhiyyəmizdə olduğunu öyrəndim və öz təcrübəmdə buna şahid oldum. Öz həkimlərimiz oğlumu bizə yenidən bəxş etdilər”.

 

Mətbuat konfransında məlumat verilib ki, donorlar üç və ya beş gündən sonra evə buraxılıblar. Xəstənin isə evə yazılması planlaşdırılır və o, yaxın günlərdə evə yazılacaq.

 

Qeyd edək ki, Dr. Mircəlal Kazımi Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə qaraciyər transplantasiyası edən cərrahdır. O, komandası ilə birlikdə transplantologiya sahəsində ilklərə imza ataraq regionda ən çox qaraciyər və böyrək transplantasiyası icra edən həkimdir.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb