Azərbaycan onkologiya elminin korifeyi - akademik Cəmil Əliyevin 75 yaşı tamam olur
30.03.2021 12:02

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, “Şöhrət" və “Şərəf” ordenli, Əməkdar elm xadimi, akademik Əliyev Cəmil Əziz oğlunun 75 yaşı tamam olur.

 

Cəmil Əziz oğlu Əliyev 30 mart 1946-cı ildə Bakı şəhərində milli elm və səhiyyəmizin görkəmli şəxsiyyətlərindən biri, tanınmış ictimai və dövlət xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində anadan olub.

 

O, 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1973-cü ildə tibb elmləri namizədi adını alıb. 1978-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində böyük müvəffəqiyyətlə “Dəri xərçəngi və melanomasında plastik cərrahiyyə əməliyyatları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1987-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmdə əldə etdiyi nailiyyətləri, qiymətli elmi əsərləri nəzərə alınaraq tanınmış alimə professor elmi adı verilib.

 

Akademik Cəmil Əliyev Azərbaycan SSR Səhiyyə Nazirliyi Onkologiya Mərkəzinin (hazırda Milli Onkologiya Mərkəzi) böyük elmi işçisi (1976), şöbə müdiri (1978), elmi işlər üzrə direktor müavini (1980), baş direktoru (1990-cı ildən), Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının böyük elmi işçisi (1976), kafedra müdiri (1994-cü ildən) vəzifələrində işləyib.

 

Alimin elmi fəaliyyətinin əsas istiqamətlərini süd vəzi xərçəngi, dəri, qırtlaq və digər daxili orqanların bədxassəli şişlərinin epidemiologiyası, müalicə və reabilitasiyası, süd vəzinin bəd və xoşxassəli şişləri olan xəstələrdə B və C virusu hepatitlərinin yayılması problemləri təşkil edir.

 

O, 500-ə qədər elmi əsərin, o cümlədən 18 monoqrafiya və tələbələr üçün dərs vəsaitinin, 10 ixtira və səmərələşdirici təklifin müəllifidir. Respublikada və xarici ölkələrdə keçirilən çoxsaylı konqres, simpozium və s. elmi toplantılarda onkologiyanın əsas problemlərinə dair məruzələrlə çıxış edib, rəhbər orqanlarına sədr və üzv seçilib.

 

Cəmil Əliyev onkologiya sahəsində ölkədə və xaricdə böyük nüfuza malik elmi məktəbin yaradıcısıdır. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 50 fəlsəfə və 10 elmlər doktoru hazırlanıb. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin nəzdində olan fəlsəfə doktoru dissertasiya müdafiəsi üzrə Dissertasiya şurasının sədridir.

 

Akademik Cəmil Əliyev tibb elmində və tibbi kadrların yetişdirilməsində əldə etdiyi mühüm nailiyyətlərə görə 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Görkəmli təbib-alim, həmçinin digər çoxsaylı akademiyaların, o cümlədən Nyu-York Elmlər Akademiyasının (1995), Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Rusiya Elmləri Akademiyasının xarici üzvü (2001), Gürcüstan Elmlər Akademiyasının (2010), Rusiya Təbiət Elmləri Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının (2010), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür (2012).

 

O, 1979-cu ildən Azərbaycan Onkoloqlar və Radioloqlar Cəmiyyətinin sədridir. Cəmil müəllim bir sıra xarici elm və təhsil müəssisələrinin, o cümlədən 1991-ci ildə Xammersmitt Kral Universitetinin, daha sonra ABŞ-ın M.D.Anderson Xərçəng Mərkəzinin fəxri professoru seçilib.

 

Alim 1995-ci ildən “Azərbaycan onkologiya jurnalı”nın baş redaktorudur. Həmçinin “Azərbaycan Tibb jurnalı”nın (1988), “Sağlamlıq” (1995), “Биомедицина” (2003), “Journal of Oncological Sciences” (Türkiyə Tibbi Onkologiya Cəmiyyətinin rəsmi orqanı), “Cərrahiyyə”, “Хирургия. Восточная Европа” jurnallarının redaksiya heyətlərinin üzvüdür.

 

Akademik Cəmil Əliyevin tibb elmi, ölkə səhiyyəsi və bəşəriyyət qarşısında xidmətləri daim yüksək qiymətləndirilib və o, bir sıra beynəlxalq təşkilatların, Azərbaycan dövlətinin və xarici ölkələrin orden və medalları, digər mükafatları ilə təltif edilib, fəxri adlarına layiq görülüb. Görkəmli alim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə elm və səhiyyə sahəsində xidmətlərinə görə “Şöhrət” (2006) və “Şərəf” (2016) ordenləri ilə təltif edilib. O, özünün elmi fəaliyyətində yüksək peşəkarlıqla əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” (2000) və Dağıstan Respublikasının “Əməkdar elm xadimi” (2011) fəxri adlarına layiq görülüb.

 

O, həmçinin SSRİ Tibb Elmləri Akademiyasının “Akademik N.Petrov” adına (1980, “Dərinin bədxassəli şişlərində plastik operasiyalar” monoqrafiyasına görə), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.Topçubaşov” adına (2003) və AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov” adına (2015, Qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı elmi əsərlərinə görə) mükafatları, Avropa Təbiət Elmləri Akademiyasının dünyanın ən məşhur cərrahlarına təqdim edilən N.Piroqov ordeni (2015), “Avropanın fəxri alimi” adı və V.Leybnits medalı (2015), “Türk dünyasına xidmət” Böyük Qızıl medalı (2015), Pavlov adına Qızıl döş nişanı (2016), akademik N.N.Trapeznikov medalı (2020), Dağıstan Respublikasının “Doğma torpağa məhəbbət” medalı (2016), bir sıra dövlət və ictimai təşkilatların fəxri fərmanları, medalları, nişanları və digər mükafatları ilə təltif edilib. Təqdirəlayiq haldır ki, tanınmış alim-təbib BMT-nin Beynəlxalq Mükafatlar Şurasının qərarı ilə “Elm və Sülh elçisi” fəxri adına, “Avropa ali xidmət ordeni”nə (2016) layiq görülüb.

 

Xalqına və dövlətinə sədaqət nümunəsi olan görkəmli alimi yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, elmi, elmi-təşkilati, pedaqoji, həkimlik və ictimai fəaliyyətində nailiyyətlər arzulayırıq.

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb
Qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkən pasiyent Diaqnoz Tibb Mərkəzində sağlamlığına qovuşub