Meyvə şirələrinin faydası  
10.03.2021 14:30

Təzə sıxılmış meyvə şirələri konsentrat meyvə şirələrindən çox faydalıdır. Konsentrat meyvə şirələri vitaminsiz şəkərli içkilərdir. Təzə sıxılmış meyvə şirələrinin tərkibi isə vitamin və minerallarla zəngindir. Meyvə şirələri uşaq yaşlarından etibarən həyatımızın hər dövründə ləzzətlə istehlak edilən və sağlamlıq baxımından insan həyatında əvəzsiz yeri olan içkilərdir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasının mütəxəssislərinin hazırladığı maarifləndirici materialda bildirilir.

 

Meyvə şirələrinin tərkibi vitamin, minerallar, lif və flavonoidlərlə zəngindir. Sağlamlıq üçün olduqca faydalı olan həmin şirələr immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir. Hər şirənin öz faydası var. Amma düzgün qəbul edilmədikdə meyvə şirələrinin orqanizmə heç bir faydası dəymir. Ona görə də təzə sıxılmış meyvə şirələrini ən qısa müddətdə istehlak etmək lazımdır. Meyvə şirələri uzun müddət saxlanılanda vacib mineralları və vitaminləri itirir. Xüsusən C vitamini ilə zəngin olan meyvə şirələrində həmin vitamin oksidləşərək sirkəyə çevrilir. Bununla yanaşı, uzun müddət saxlanılan meyvə şirələrində qısa müddət sonra bakteriya artmağa başlayacaq.

 

Təzə çəkilmiş meyvə şirəsini 2 saatdan çox olmamaq şərtilə istehlak etmək daha faydalıdır. Əgər meyvə suyu bu müddətdən artıq saxlanılmalıdırsa, onda vitaminlərini qorumaqla saxlanmasını təmin etmək lazımdır. Belə ki, şirələrin plastik qablarda ağzı tam bağlanmamış və ya ağzı açıq şəkildə otaq temperaturunda saxlanılması düzgün deyil. Həmin vəziyyətdə saxlanılan meyvə şirələrində dad və ya qoxu dəyişikliyi başlayacaq və o, sürətlə köhnələcək. Meyvə şirələri hava ilə təmasda olmayan, quru və günəş işığına məruz qalmayan yerdə, xüsusən də möhkəm bağlanılmış şüşə qablarda və soyuducuda saxlanılmalıdır. Qoxusu və dadı dəyişmiş meyvə şirələri istehlak edilməməlidir.

 

Meyvə yeməkdən zövq almadıqda onun şirəsini içməklə gündəlik bir sıra minerallara, vitaminlərə və fitokimyəvi maddələr kimi bioaktiv birləşmələrə olan ehtiyacı ödəmək üçün faydalanmaq olar. Həmçinin meyvələrin lətli hissələrini şirələrə qarışdırmaqla daha sağlam fitonutrientlər və lif ehtiva edən bir içki əldə etmək mümkündür ki, bu zaman şirənin tərkibində olan lif toxluq hiss etməyə kömək edə bilər.

 

Qeyd edək ki, şirələrin tərkibində olan C vitamini, polifenol və karotenoidlər kimi bir çox maddələr sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə C vitamini orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığına görə infeksion və iltihabi xəstəliklərdən qoruyur, hipertoniya xəstələrində təzyiqin tənzimlənməsinə yardımçı olur, ürək xəstəliyi riskini azaldır.

 

Mütəxəssislər portağal, üzüm, qreypfrut, nar, alma və albalıdan əldə olunan meyvə şirələrinin orqanizmə daha faydalı olduğunu bildirirlər. Portağal şirəsinin əsasən C vitamini, kalsium, maqnezium mineralları ilə, üzüm şirəsinin A, B, C vitaminləri, kalium və dəmir mineralları ilə, qreypfrut şirəsinin C vitamini və lif ilə, alma şirəsinin kalium, maqnezium, kalsium mineralları, C, K və E vitaminləri ilə, nar şirəsinin A, C, E, B5 vitaminləri, kalsium, kalium və dəmir mineralları, albalı şirəsinin isə kalium mineralı və A vitamini ilə zəngin olduğu bildirilir.

 

Bir stəkan portağal şirəsi gündəlik C vitamini ehtiyacını ödəyir. Fol turşusu, kalium, B1, B2, B6 vitaminləri və müxtəlif minerallarla zəngin olan portağal suyu xərçəng hüceyrələrinin inkişafına qarşı effektlidir. Portağal suyu bəzi dərmanların təsirini azalda bildiyindən diqqətlə istehlak edilməlidir. Həmçinin gecə yarısı içilən portağal suyu yuxusuzluğa səbəb ola bilər.

 

Üzüm şirəsi güclü antioksidant xüsusiyyətləri sayəsində bədəndəki sərbəst radikallarla mübarizə apararaq immun sistemini gücləndirir. A, B və C vitaminləri ilə zəngin olan üzüm şirəsi çox miqdarda kalium və dəmir ehtiva edir. Üzüm suyu immun sisteminə və ürək-damar sağlamlığına müsbət təsir göstərir, xolesterol və şəkəri tarazlaşdıraraq ürək sağlamlığını təmin edir.

 

Alma şirəsi kalium, maqnezium, kalsium və K vitaminini özündə ehtiva edir. Həmçinin C və E vitaminləri ilə zəngin olan alma şirəsi yaddaşı gücləndirir, stres və yaşlanmanın təsirlərini azaldır.

 

İmmun sistemini gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Sağlam qidalanmaq üçün qida rasionunda kifayət qədər meyvə olmasını təmin etmək, mövsümi meyvələrdən, eləcə də təzə sıxılmış meyvə şirələrindən istifadə etmək vacibdir. Müntəzəm olaraq meyvə şirələrini istehlak etməklə orqanizmi sağlam, gümrah və enerjili saxlamaq mümkündür.

 

Meyvənin keyfiyyəti hazırlanan şirənin keyfiyyətinə də böyük təsir göstərir. İstifadə olunan meyvə tam yetişməli, zədələnmiş və ya çürük olmamalıdır. Həmçinin şirə hazırlayarkən meyvənin axar suyun altında təmiz yuyulandan sonra üzərindəki suyun çəkilməsi şərtdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır