18 ölkədən toplanan 88 müxtəlif siqaret növü üzərində aparılan araşdırmada nümunələrin 83-də mikroplastik aşkar edilib. Bir qram tütündə orta hesabla 7,2 plastik hissəcik müəyyən olunub. Tütünün mikroplastiklə çirklənməsi baxımından Türkiyə tədqiqata daxil edilən ölkələr arasında ikinci yerdə qərarlaşıb.
Aztibb.az "CNN Türk"ə istinadən yazır ki, siqaretin insan sağlamlığına məlum zərərləri ilə bağlı daha bir diqqətçəkən araşdırma aparılıb. Bu dəfə tədqiqatçılar filtr əvəzinə birbaşa siqaretin tərkibindəki tütünü araşdırıb və nümunələrin böyük əksəriyyətində mikroplastik aşkar ediblər. Tədqiqat zamanı ümumilikdə 988 plastik hissəcik müəyyən edilib. Ölkələr üzrə nəticələr də diqqət çəkib.
Adana şəhərindəki Çukurova Universitetinin professoru Sedat Gündoğdunun rəhbərliyi ilə aparılan beynəlxalq araşdırmada siqaret tütünündə plastik çirklənməsi öyrənilib. Gündoğdu bildirib ki, 18 ölkədən toplanan 88 müxtəlif siqaret növündən 83-də mikroplastik aşkarlanıb.
Onun sözlərinə görə, bu nəticə hər 10 siqaret qutusundan təxminən 9-da mikroplastiklə çirklənmiş siqaretlərlə qarşılaşmaq deməkdir. Bir qram tütündə orta hesabla 7,2 plastik hissəcik müəyyən edilib.
Çukurova Universitetinin Su Məhsulları fakültəsinin professoru Sedat Gündoğdu Qara dəniz Texniki Universiteti və Rize Rəcəb Tayyib Ərdoğan Universitetinin tədqiqatçıları ilə birlikdə bu beynəlxalq araşdırmanı həyata keçirib.
Tədqiqat üçün Albaniya, Belçika, Bosniya və Herseqovina, Çin, Misir, Finlandiya, Gürcüstan, Almaniya, Yaponiya, Latviya, Monteneqro, Şimali Makedoniya, Polşa, Serbiya, İspaniya, İsveç, Türkiyə və Birləşmiş Krallıqdan könüllülər vasitəsilə 88 müxtəlif siqaret növü toplanıb və onların tütün nümunələri təhlil edilib.
Ümumilikdə 988 plastik hissəcik aşkarlanıb
Mikroskop və qabaqcıl analiz üsulları ilə aparılan araşdırma nəticəsində müxtəlif ölkələrdən toplanmış 88 nümunənin 83-də mikroplastik müəyyən edilib. Ümumilikdə 988 plastik hissəcik sayılıb və bir qram tütündə orta hesabla 7,2 hissəciyin olduğu aşkarlanıb.
Əvvəllər siqaret və plastik çirklənməsi arasındakı əlaqə əsasən filtrlər üzərində araşdırılırdı. Bu tədqiqatda isə ilk dəfə birbaşa tütünün özü təhlil edilib.
Araşdırmanın nəticələri ətraf mühitin çirklənməsi sahəsində nüfuzlu elmi jurnallardan biri olan Environmental Pollution jurnalında dərc olunub.

