Alimlər torlu qişanın yenilənməsinə mane olan PROX1 zülalını hədəfə alaraq gözün təbii bərpa mexanizmini aktivləşdirməyə nail olublar.
Aztibb.az "Sciencefocus"a istinadən yazır ki, məməlilərin torlu qişası zədələndikdə onun hüceyrələri özünü məhdud dərəcədə bərpa edir. Bu, yaşla bağlı makula degenerasiyası və qlaukoma kimi xəstəliklər nəticəsində yaranan görmə itkisinin müalicəsini çətinləşdirir.
Tədqiqatçılar müəyyən ediblər ki, torlu qişanın dəstəkləyici hüceyrələrində olan PROX1 zülalı sinir hüceyrələrinin yenidən yaranmasına mane olur. Siçanlar üzərində aparılan təcrübələrdə bu zülalın fəaliyyətinin bloklanması hüceyrələrin yenidən proqramlaşdırılmasına və işığı qəbul edən toxumanın bərpasına şərait yaradıb. Nəticədə görmə qabiliyyətində uzunmüddətli yaxşılaşma müşahidə olunub.
Tədqiqatın nəticələri görmə itkisini yalnız ləngitmək deyil, gələcəkdə onun müəyyən formalarını bərpa etmək imkanına dair ümid yaradır. Bununla belə, bu yanaşmanın insanlarda effektivliyini və təhlükəsizliyini təsdiqləmək üçün əlavə tədqiqatlar tələb olunur.

