ABŞ-ın "Mass General Brigham" tədqiqatçıları xərçəng xəstələrinin üz fotosunu analiz edərək onların bioloji yaşını və sağ qalma riskini təxmin edə bilən iki süni intellekt aləti işləyib hazırlayıblar.
Aztibb.az "Planet today" nəşrinə istinadən yazır ki, 40 milyondan çox üz fotosu ilə təlim keçmiş "FAHR-Face" modeli əsasında yaradılan bu alətlər "The Lancet Digital Health" jurnalında dərc olunub. Tədqiqata əsasən, "FAHR-FaceAge" üz görünüşündən bioloji yaşı, "FAHR-FaceSurvival" isə xəstələrin sağ qalma riskini qiymətləndirir.
Radioterapiya alan xəstələr üzərində aparılan sınaqlar göstərib ki, süni intellektin bioloji yaşını xronoloji yaşından ən azı 5 il böyük təxmin etdiyi şəxslərin 4 illik müşahidə dövründə ölüm riski 21% daha yüksək olub. Bioloji yaşı ən azı 5 il daha cavan təxmin edilən xəstələrin riski isə 17% aşağı göstərici nümayiş etdirib.
Tədqiqatçılar bu texnologiyanın cərrahiyyə, radioterapiya və ya digər ağır müalicələrdən əvvəl xəstələrin fiziki dözümlülüyünü qiymətləndirməyə kömək edə biləcəyini bildirirlər. Lakin ekspertlər vurğulayırlar ki, fotodan əldə edilən təxminlər təklikdə kliniki qərar vermək üçün kifayət deyildir.
Surrey Universitetinin süni intellekt üzrə mütəxəssisi Miroslav Bober bu araşdırmanın mühüm irəliləyiş olduğunu, lakin alətin hələ kliniki istifadəyə hazır olmadığını qeyd edib. Texnologiya həkimləri əvəz etmək üçün deyil, fərdi müalicə qərarlarını dəstəkləmək üçün nəzərdə tutulub və onun praktiki tətbiqi üçün daha çox müstəqil doğrulama araşdırmalarına ehtiyac var.

