Koronavirusdan sağalanlar əsasən bu hallardan şikayət edir - Pulmonoloq Ramin Nəriman ilə Müsahibə  
30.12.2020 13:10

COVID xəstələrində kleksan və digər laxtalanma əleyhinə dərmanların hər kəsə təyin edilməsi çox ciddi fəsadlara və əlavə problemlərin yaranmasına səbəb ola bilər.

 

Bu barədə Aztibb.az-a müsahibəsində hazırda koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyən allerqoloq-pulmonoloq Ramin Nəriman deyib.

 

Müsahibəni təqdim edirik:

 

- COVID-19-un yaşlı və xroniki xəstəliyi olanlar üçün təhlükəli olması əvvəldən hər kəsə məlumdur. Lakin son dönəmlərdə cavan, 35 yaş üstü ölümlərlə də çox qarşılaşırıq. Səbəb nələrdir?

 

- Koronavirusa yoluxanlarda yanaşı gedən xəstəliklər olanda daha çox ağırlaşma olur və ölüm hallarına təsadüf olunur. Buna əsasən, 35 yaşdan aşağı olan şəxslərdə də ağırlaşma gözlənilən bir haldır. COVID-də əsas ağırlaşdırıcı hallar piylənmə, şəkərli diabet xəstəliyi olanlarda müşahidə edilir. Bu xəstəliklər gənclərdə də qeydə alınır. Statistikada koronavirusdan vəfat edən şəxslərdə piylənmə, şəkərli diabet, qan dövranı xəstəlikləri və ya oynaq xəstəliklərinin olub-olmaması qeyd olunmur. COVID-19-da yaş senzurası yoxdur. 18 yaşa qədər olanlarda ciddi problem olmur. Digər yaşda olan şəxslər də yoluxa, ağırlaşa, ölüm halları baş verə bilər. Ona görə 35 yaşdan yuxarı şəxslərdə ağırlaşma və ölüm gözlənilən haldır. Yoluxma sayı artdıqca təbii ki, ağırlaşanların və ölənlərin də sayı paralel olaraq artacaq. Ən çox ağırlaşma yaradan hal soyuqdəymədir. Yaşlı şəxslər daha çox evdə olur və qalın geyinir. Gənclər isə yaşlı nəslə nisbətən daha hərəkətli olduğuna, daha nazik geyindiyinə görə soyuqdəymə halları tez-tez qeydə alınır. Bu da daha çox ağırlaşmaya səbəb olur.

 

- Astma xəstələri üçün bu virusun təhlükəli olmadığı deyilir. Səbəb olaraq aerozol istifadəsi göstərilir. Bu fikir nə dərəcə dogrudur?

 

- Ümumiyyətlə allergik xəstəlikləri olan insanlar infeksion xəstəliklərə o cümlədən yuxarı tənəffüs yollarının infeksiyalarına az tutulur. Çünki allergik insanlarda immunitet normadan çox olur. Və təbii ki immunitet də infeksion xəstəliklərdən qoruyur. Astma da allergik xəstəliklər qrupuna aiddir. Astma xəstələrinin immuniteti təhrif olunmuş immunitetdir, normadan artıqdır. Buna görə də o şəxslərin koronavirusa yoluxma ehtimalı azdır. Yoluxduqda da çox yüngül keçirirlər. Dünya alimlərinin fikrinə görə belə xəstələr astma olduqlarına görə COVID tutarlarsa, daha ağır keçirə və ölə biləcəklərini düşünərək qorunma qaydalarına - şəxsi gigiyena, fərdi maskalardan istifadə və sairə daha ciddi riayət edirlər. İnqalyasiya preparatlarının da istifadəsinin rolu var. Onlar həm iltihab əleyhinə təsir göstərir, həm də astma əleyhinə dərmanlar bronx genişləndirici effekt verir. Ona görə də COVID zamanı yaranan ilkin iltihabın qarşısını ala bilirlər.

 

- KT, yaxma və ya qandan analiz nə zaman məsləhət görülür? Koronavirus xəstələri sağaldıqdan sonra yenə əmin olmaq üçün KT etdirməlidirlər? 

 

- COVID-19 infeksiyasının erkən dövrdə daha düzgün və dəqiq təyin edilməsinin ən doğru yolu burun boğazdan edilən yaxmadır. Lakin, testin edilməsi üçün müəyyən qaydalara riayət olunması vacibdir. Belə ki, bu qaydaların pozulması testin virusu aşkarlama faizinə çox neqativ təsir edir və yanlış nəticə vermə ehtimalını yüksəldir. COVID-19 zamanı burun-boğazdan ediləcək yaxmaya hazırlıq qaydası belədir: səhər yuxudan oyanandan sonra ağzınızı yaxalamayın, dişinizi fırçalamayın, su-çay içməyin, yemək yeməyin, siqaret çəkməyin, burnunuzu silib təmizləməyin. Yaxma verdikdən sonra gündəlik həyatınıza davam edə bilərsiniz.

 

Diaqnostikanın digər metodu seroloji metoddur. COVID-19-u təyin etmək üçün erkən dövrdə qanda COVID-19 əleyhinə İgM və İgG yoxlamağın demək olar ki, heç bir diaqnostik əhəmiyyəti yoxdur. Çünki koronavirus əleyhinə İgM və İgG ən tez xəstəlik başlayandan 5-7 gün sonra yarana bilər. Xəstəliyin müalicəsində isə məhz ilk həftə həyati vacib dövrdür. Yəni İgM və İgG əsasında diaqnozlaşdırılan COVID-19 artıq gecikmiş dövrü əhatə edir. COVID-19 xəstəliyinin də ən ağır dövrü 6-12-ci günlərdir. Ona görə COVID-i erkən dövrdə təyin etmək üçün seroloji metoddan istifadə demək olar ki, maliyyə itkisindən başqa bir şey deyil. Xəstələndikdən 4-6 həftə sonra COVID əleyhinə İgG təyin etməklə keçirilən koronavirus xəstəliyindən sonra immunitetin formalaşıb-formalaşmadığını müəyyən etmək olar.

 

Döş qəfəsinin kompyuter tomoqrafiyası (KT, CT) da COVID-19 xəstəliyini aşkarlama metodlarından biridir. Lakin KT-nin də olunması üçün şikayətlər başlayandan sonra ən azı 3 sutka gözləmək lazımdır. KT-müayinənin ən optimal günləri 5-7-ci günlərdir. Əgər xəstədə yaxma metodu ilə COVID-19 xəstəliyi aşkarlanıbsa və pasiyentin vəziyyəti qənaətbəxşdirsə, KT etməyə gərək yoxdur. Xəstəlik sağalandan sonra isə təkrar KT etmək qəti yolverilməzdir. COVID-19 zamanı ağciyərdə yaranan dəyişikliklər 2-3 ay ağciyərdə qala bilər və bu tədricən keçib gedəcək. Amma bu, o demək deyil ki, koronavirus xəstələri 2-3 ay müalicə almalıdır. Yəni, koronavirusun kəskin dövrü (ilk 2-3 həftə) keçdikdən sonra hər hansı bir müalicəyə gərək yoxdur və ağciyərdəki iltihabi proses tədricən keçib gedəcək. 

 

Əlavə olaraq onu deyim ki, soyuq xəstəliyi hədsiz dərəcədə ağırlaşdırır. Onun üçün koronavirusdan sağalandan sonra 2-3 ay soyuqdəymədən qorunmaq lazımdır.

 

- Bu virusun ağciyərdə və ya ümumiyyətlə orqanizmdə hansısa qalıcı fəsadı olur?

 

- COVID demək olar ki, bütün orqan toxumalarını zədələyə bilir. Ağciyərdə olan iltihabi proses vaxtında düzgün müalicə olunarsa, hər hansı fəsad olmadan keçə bilir. Ağciyərin zədələnmə faizi çox olarsa, müəlicə vaxtında, düzgün aparılmazsa və ya COVID xəstəliyi uzun müddət davam edərsə, o zaman ağciyərdə fibroz (ağciyər toxumasının sərtləşməsi) vəziyyət yarana bilir. Bu zaman alınan oksigenin qana keçməsi ləngiyir, çətinləşir. COVID-dən sonra xəstələr uzun müddətli təzyiq yaranmasından, baş, sümük ağrılarından, iştahsızlıq, halsızlıqdan şikayət edir. Aparılmış tədqiqatlara görə, COVID-in qalıcı fəsadlarından biri də mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. O cümlədən söz ehtiyatı azala bilir, ağıl - beyinin fəaliyyəti zəifləyir, hətta Altsheymer xəstəliyinin yaranmasına səbəb ola bilir. Bu sadalanan ağırlaşma, fəsadlardan ən çox mərkəzi sinir sisteminin zədələnməsi zamanı əmələ gələn ağırlaşmaların daimi və ya uzunmüddətli olması tədqiqatlarla təsdiqini tapıb. Təzyiqin qalxması, sümük ağrıları isə müəyyən vaxt keçdikdən sonra nisbətən azalır və aradan qalxa bilir. Son məlumatlara əsasən, bu virus təzyiq xəstəliyinin yaranmasına da səbəb ola bilir. Buna səbəb daxili qatı olan damar endoteli zədələnir, bunun da təzyiqin əmələ gəlməsində müstəsna rolu var. Endotel qatı zədələndiyinə görə, təzyiq xəstəliyinin əmələ gəlməsinə və mövcud təzyiq xəstəliyində təzyiqin daha da artmasına səbəb olacaq vəziyyət yarana bilir. COVID həmçinin qaraciyər, böyrəyi də zədələyə bilir. Ancaq qaraciyər, böyrəkdəki fəsadlar müalicənin gedişində adətən aradan qalxır.

 

- Bəs koronaviruslu xəstələrə verilən dərmanlar qaraciyər probleminə gətirib çıxara bilərmi?

 

- Koronavirusa yoluxanlarda qaraciyər zədələnməsi həm COVID, həm də virus əleyhinə istifadə olunan dərmanların təsirindən yarana bilir. Ancaq qaraciyər zədələnməsi həyati əhəmiyyət kəsb edəcək səviyyədə olmur. Yəni, biz o dərmanları verərkən orqanizmə vurduğumuz zərər və əldə etdiyimiz qazanc olur. Tutaq ki, zərər qaraciyəri müəyyən qədər zədələyə bilir, hansı ki o müalicənin sonrakı gedişində, pasiyent sağaldıqdan sonra tədricən itib gedəcək. Məsələn, koronavirusun müalicəsində ən geniş istifadə edilən dərmanlardan biri favipiravirdir. Bu dərmanların hesabına xəstənin həyatı xilas edilir. Ona görə də yetirilən zərərin yanında əldə etdiyimiz qazanc - insan həyatının xilas edilməsi, xəstəliyin yüngül, ağırlaşmalar olmadan getməsi müqayisə oluna bilməz. İstənilən dərman orqanizm - qaraciyər üçün yükdür. COVID zamanı da kifayət qədər çox dərman istifadəsinə ehtiyac yaranır. Ona görə dərmanların hesabına müəyyən qədər qaraciyər zədələnməsi ola bilir. Ancaq demək olar ki, o zədələnmələrin hamısı sonrakı dövrdə, dərmanların istifadəsini saxladıqda, COVID xəstəliyi sakitləşdikdən sonra keçib gedir. 

 

- "Buzlu şüşə" fikri doğrudurmu? "Döyəcləmə" adlanan "postural drenaj" hərəkətinin tətbiqi nə dərəcədə effektivdir

 

- "Buzlu şüşə" termini koronavirusa bağlı bir termin deyil. O termin COVID-dən çox əvvəl kompyuter tomoqrafiyası zamanı ağciyərdə əmələ gələn iltihabı dəyişikliyi təsvir etmək üçün istifadə edilən bir termindir. Yəni ağciyər iltihabı zamanı şüşə buz bağladıqda yaranan görüntüyə bənzər görüntü yaranır. Ona görə də həmən iltihabı prosesi əks etdirmək, təsvir etmək üçün "buzlu şüşə" terminindən istifadə olunur. Buzlu şüşənin olması o demək deyil ki, ağciyərdə buz var. Ağciyərin iltihabı xəstəlikləri zamanı ağciyərdə bəlğəm, iltihabı maye yığıla bilir. Onu xaric etməyə kömək etmək üçün postural drenaj tətbiq edilir. Postural drenaj zamanı xəstə bir dəfə sağ böyrü, sonra sol böyrü, daha sonra üzü üstə uzanır. Bəlğəmin mərkəzi - baş bronxlara doğru hərəkəti və oradan xaric olmasının asanlaşması üçün bədənin gövdə hissəsi yuxarıda, başıaşağı olmaq şərti ilə döyəcləmə aparılır. Döyəcləmə o demək deyil ki, ağciyərdə buz var və döyəcləmə hesabına o buz sındırılır, xaric olunur. Bu, sadəcə ağciyərdə olan iltihabi proses zamanı yığılmış mayeni - bəlğəmi kənar etmək üçün COVID-dən də qabaq ağciyər xəstəliklərində istifadə olunan köməkçi vasitələrdən biridir.

 

- Bu xəstəliyə tutulmamaq üçün qidalanma zamanı ilk olaraq nələrə diqqət etməliyik?

 

- Elə bir qida mövcud deyil ki, onu istifadə edərək COVID-ə tutulmanın qarşısı alınsın. Lakin qidalanmada bəzi nüanslar var ki, onlara diqqət yetirməyin COVID-də müəyyən dərəcədə qoruyucu effekti ola və yoluxma zamanı da yüngül keçirməyə kömək edə bilər. O cümlədən selen sinklə, vitamin c ilə zəngin qidalar, meyvələr profilaktika məqsədi ilə istifadə oluna bilər. Ancaq bu, COVID-ə aid deyil. Yəni, ümumiyyətlə orqanizmin özünün immun sisteminin möhkəmlənməsinə aid olacaq bir nüansdır. Məsələn, selen sinklə ən zəngin qidalar çiyələk, moruq, böyürtkən, qarağat kimi meyvələrdir. Vitamin c ilə zəngin qidalar isə ən çox sitrus meyvələri - portağal, limon, mandarindir. Bu kimi meyvələrin istifadəsinin vitamin c hesabına qoruyucu effekti ola bilər. Ən əsası isə çox miqdarda soyuq olmayan, ilıq, isti mayenin qəbuludur. Lakin bu, o demək deyil ki, həmin qidalardan istifadə etməklə biz COVID-dən tamamilə qorunacağıq.

 

- Yoluxandan sonra necə qidalanmalı? Hansı qidaların qəbulu məsləhət deyil?

 

- Koronavirusa yoluxandan sonra qıcıqlandırıcı qidalardan imtina edilməlidir. Ümümiyyətlə istənilən iltihabi xəstəliyi qıcıqlandırıcı qidalar artıra bilər. COVID zamanı da bildiyimiz kimi bütün orqanlarda iltihabı proses baş verir. Belə ki, COVID özü həzm traktını zədələyir. COVID əleyhinə istifadə olunan dərmanlar da həzm sistemini qıcıqlandırır. Qıcıqlandırıcı qidaları qəbul edərkən onlar da əlavə olaraq həzm sistemini qıcıqlandırır. Ona görə də COVID-ə yoluxan zaman qıcıqlandırıcı qidalardan, xüsusən də turş, duzlu, istiotlu qıcıqlandırıcı qidalardan imtina olunmalı, ya da istifadəsi məhdudlaşdırılmalıdır. O cümlədən, sarımsaq, çiy soğandan istifadə məhdudlaşdırılmalıdır. 

 

- Mutasiyaya uğramış virusun yeni ştammı barədə fikirləriniz?

 

- Mutasiya istənilən canlının həyatı boyu baş verə biləcək bir prosesdir. Yəni mutasiya hər hansı bir canlının normadan kənar quruluş fenotip, genotip əldə etməsidir. COVID də öz prosesi gedişində təbii ki, mutasiyaya uğrayır. Mutasiya virusun aqressivliyinin, xəstəlik törətmə qabiliyyətinin (virulentlik) artmasına da, azalmasına da səbəb ola bilər. Məsələn, yay fəsli dövründə Cənubi Koreya, Asiya ölkələri və İndoneziyada aparılan tədqiqatlarda belə bir fikir formalaşdı ki, virus mutasiyaya uğrayıb və xəstəlik törətmə, ağırlaşma vermək qabiliyyəti nisbətən azalıb. Ancaq payız fəsli dönəmində artıq Avropa ölkələrindən məlumat gəldi ki, bu mutasiya aqressivlik formasında da özünü göstərə bilər və Avropada müşahidə olunan mutasiya artıq COVID-in aqressivlik əldə etməsinə səbəb oldu. Həqiqətən də gördüyümüz kimi payızda olan dalğa yaz və ya yaydakına nisbətən daha ağır formada oldu, daha çox ölümə səbəb oldu. Son dövrlərdə daha çox Britaniyada olan mutasiyadan danışılır. Avropa ölkələrində, Britaniyanın özündə aparılan tədqiqatlarda da, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarında da göstərilir ki, Britaniyada olan COVID mutasiyası xəstəliyin yoluxma qabiliyyətinin artmasına səbəb olub, amma ağırlaşma, aqressivləşmə - virulentliyin artmasına isə səbəb olmayıb. Yəni yoluxma qabiliyyəti artıb, ancaq ölümə səbəb olma qabiliyyəti azalıb.

 

- COVID xəstələrinə tətbiq edilən laxtalanma əleyhinə dərmanların təsiri necədir? Kleksan kimi dərmanların istifadəsindən sonra hansı problemlər yaranır?

 

- COVID xəstələrində kleksan və digər laxtalanma əleyhinə dərmanların (fraksiparin, oksapar, kardioaspirin, kardiomaqnil, aspirin, tromboass, ksarelto və s.) ucdantutma təyin edilməsi qəti yolverilməzdir. Bu, çox ciddi fəsadlara və əlavə problemlərin yaranmasına səbəb ola bilər. Həmçinin bu dərmanların kor-koranə təyini dərman defisitinin yaranmasına və beləliklə həqiqi ehtiyacı olan xəstələrin bu dərmanları tapa bilməməsinə səbəb olur. COVID zamanı laxtalanma əleyhinə dərman təyin edilərkən tək d-dimer göstəricisi deyil, həmçinin qanda trombositlərin sayı, inr, ppt, pt göstəriciləri nəzərə alınmalıdır. Qaraciyər sirrozu, qida borusu venalarının genişlənməsi, mədə-bağırsaq xorası, Kvinke ödemi, astma və s. kimi yanaşı xəstəliyi olan COVID xəstələrində qanlaxtalanma əleyhinə dərmanlar fərdi seçilməlidir və ciddi nəzarət altında təyin edilməlidir. Məsələn, trombosit sayı düşük olanlarda, anamnezində qida borusu venalarından qanaxma olanlarda, mədə-bağırsaq xorası olanlarda laxtalanma əleyhinə dərmanların qəbulundan sonra daxili, gizli qanaxma başlaya bilər. Bu zaman nəcis qaralacaq. Ona görə belə xəstəliyi olanlar laxtalanma əleyhinə dərman təyin olunarkən nəcisin rənginə diqqət etməlidir və rəng dəyişikliyi müşahidə etdiyi halda dərhal müalicə həkimini məlumatlandırmalıdırlar. Kvinke ödemi olan COVID xəstələrinə tərkibində aspirin olan kardioaspirin, kardiomaqnil kimi dərmanların təyin olunması qəti qadağandır. Çünki, aspirin kvinke ödeminin kəskinləşməsinə səbəb olur. Bəzi astmalı xəstələrdə aspirin və tərkibində aspirin olan dərmanlar boğulma yaradır. Ümumiyyətlə isə laxtalanma əleyhinə dərmanlar təyin edilmiş COVID xəstələrinin 5-7 gündən bir qan təhlilləri aparılmalı və növbəti addım qan təhlillərinə əsaslanmalıdır. COVID zamanı xəstələr özbaşına həkim təyinatı olmadan laxtalanma əleyhinə dərmanların qəbulundan mütləq dərəcədə çəkinməlidirlər.