Sağalaraq evə yazılan xəstələrin sayında artım müşahidə olunur, ölüm səviyyəsi isə... – MÜSAHİBƏ
29.07.2020 11:05

“İstərdim ki, hər şey tezliklə başa çatsın, hər bir həkim aid olduğu sahədə öz fəaliyyətini davam etdirsin”

 

Bu gün COVID-19 pandemiyasına qarşı ön cəbhədə gecə-gündüz mübarizə aparan peşəkar həkimlərimiz və fədakar tibb işçilərimiz günümüzün əsl qəhrəmanları hesab olunur. Koronaviruslu xəstələrin müalicəsində, ağır xəstələrin həyata qayıtmasında iştirak edən həkimlərimiz sağlamlıqlarını riskə ataraq bu savaşda qalib çıxmaq üçün əllərindən gələni əsirgəmirlər.

 

Bu mübarizəyə cəlb olunmuş həkimlərimizdən biri 26 saylı Birləşmiş şəhər xəstəxanasının həkim-ginekoloqu Zeynəb Kərimovadır. Azərbaycanda koronavirus infeksiyasının yayıldığı ilk günlərdən onunla mübarizəyə qoşulmuş həkim Z.Kərimova Aztibb.az-a müsahibəsində fəaliyyət göstərdiyi xəstəxanadakı mövcud vəziyyət, xəstələrin durumu, həkimlərin mübarizəsi ilə bağlı fikirlərini bölüşüb.

 

Hazırda işlədiyi xəstəxananın bütün palatarında orta ağır və ağır vəziyyətdə olan, xüsusi diqqət, əlavə avadanlıq tələb edən və süni tənəffüs aparatına ehtiyac duyan xəstələrin yerləşdirildiyini bildirən həkim qeyd edib ki, ötən ayla müqayisədə, sağalaraq evə yazılan xəstələrin sayında artım müşahidə olunur, ölüm səviyyəsi isə azalıb: “Fikrimcə bu, tibbi heyətin təcrübəsinin bir qədər artması və xəstələrin həkimlərə etibarının yüksəlməsi ilə əlaqədardır. Bundan 2-3 ay öncə, tibbi heyət bu xəstəliklə mübarizə üsulları ilə bağlı məlumatı yalnız protokollardan əldə edirdi”.

 

Koronavirusun mutasiyası ilə bağlı məlumat verən Z.Kərimova virusun mutasiyasının artıq bir neçə aydır baş verdiyini və xəstəliyin mart ayına nisbətən özünü daha aqresiv formada göstərdiyini vurğulayıb. Əlavə edib ki, son tədqiqatlara görə, SARS-CoV-2 tipli mutasiyanın daha tez və çoxsaylı yoluxma hallarına gətirib çıxarması iddia olunur.

 

“Koronavirus təkcə ağ ciyərləri deyil, qaraciyər və bağırsaqları da zədələyir. Bu virus insanın immunitetinə qarşı daha davamlıdır”, – deyə həkim qeyd edib.

 

Həkim-ginekoloq COVID-19-un diaqnostikası və müalicəsinə nəzarətdə istifadə olunan üsuldan da bəhs edib. Mütəxəssis boğazdan götürülmüş yaxmanın nəticəsinin prosesə ikincili infeksiya qoşulduqdan sonra neqativ ola biləcəyini diqqətə çatdırıb: “Bu zaman şəxsin nə vaxtsa koronavirusa yoluxub-yoluxmadığını müəyyən etmək üçün seroloji metoddan istifadə olunur. Xəstə evə yazıldıqda 48 saat intervalla götürülmüş yaxmanın nəticəsi neqativ olmalı, ağ ciyərlərin rentgeni və kompüter tomoqrafiyası aparılmalıdır. Bununla yanaşı, xəstə 14 gün evdə karantin rejimində sahə həkiminin nəzarəti altında olmalıdır”.

 

Süni tənəffüs aparatına qoşulmuş xəstələrdə tez-tez ölüm hallarına rast gəlinməsi səbəblərini də açıqlayan Z.Kərimova əlavə edib ki, təəssüf ki, süni tənəffüs aparatına qoşulmuş xəstələlərdə letallıq, yəni ölüm səviyyəsi dünyanın ən qabaqcıl səhiyyəsinə sahib olan ölkələrdə belə 80 faiz təşkil edir. Onun sözlərinə görə, bunun əsas səbəbi yanaşı xəstəliklərin olması və müalicədə istifadə olunan dərmanların yan təsirləridir. Şəkərli diabet, piylənmə, arterial hipertoniya, ürək çatışmazlığı, onkoloji xəstəliklər, hemodializ tələb edən böyrək çatışmazlığı bu xəstəliyin gedişatını ağırlaşdırır və süni tənəffüs aparatının effektivliyini kəskin aşağı salır.  

 

Z.Kərimova, həmçinin payız aylarında virusun ikinci dalğasının gözlənilməsi ilə bağlı suallarımızı cavablandırıb.

 

“Qənaətimə görə, biz hazırda ikinci dalğanı yaşayırıq. Payız aylarında yoluxma halları hava şəraiti və karantin rejiminin aradan qaldırılması ilə əlaqədar olaraq arta bilər, lakin payızda virusa qarşı vaksinin hazır olacağına dair böyük ümidlər var”.

 

Müsahibimiz tibb işçiləri arasında ən çox yoluxanlar haqqında da məlumat verib. Qeyd edib ki, ən çox yoluxanlar arasında Reanimasiya şöbələrinin və Təcili Yardımın əməkdaşları yer alır. Onlar xəstələrlə daha sıx və uzunmüddətli əlaqədə olur, personal çatışmazlığı səbəbindən fasiləsiz işləyir və daha çox “virus dozası” qəbul edirlər. Yorğunluq və yuxusuzluq isə immuniteti aşağı salır.

 

Xəstəxanada çalışan tibbi heyətin virusdan qorunmaq üçün bütün təhlükəsizlik tələblərinə ciddi riayət etdiklərini bildirən Z.Kərimova bu zaman kostyum, maska və eynəyin düzgün geyinilib-çıxarılmasının çox vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, növbədən dərhal sonra tibbi heyətdən 2 dəfə yaxma götürülür.

 

“Valideynlərimi yoluxdurmaqdan çox qorxuram, ona görə də, növbədə olmadığım müddətdə də onlarla görüşmürəm”, – deyə bildirən müsahibimiz xəstələr daha məsuliyyətli davranarsa bu virusdan tezliklə qurtulmağın mümkün olduğunu bildirib.

 

Sonda Z.Kərimova virusa yoluxmamaq üçün insanlara məsləhətlərini verib.

 

“Bütün deyilən tövsiyələrə əlavə olaraq, qeyd edim ki, temperaturunuzu tez-tez nəzarətdə saxlayın, ümumi vəziyyətinizdəki dəyişikliklərə fikir verin, bol maye və vitamin qəbul edin. Həkimə müraciət etməkdən çəkinməyin və stresdən uzaq olun”.

 

 

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub