Yeni Klinikanın Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyətə başlamasından bir il ötür. Bu müddət ərzində mərkəzdə 115 mindən çox reabilitasiya xidməti göstərilib.
Aztibb.az xəbər verir ki, Mərkəzin fəaliyyəti barədə məlumat verən tibb üzrə fəlsəfə doktoru, reabilitoloq, fizioterapevt və osteopat Pərvin Əkbərovun sözlərinə görə, innovativ texnologiyalar, peşəkar komanda və fərdi reabilitasiya proqramları vasitəsilə müasir reabilitasiya xidmətlərinin daha geniş pasiyent kütləsi üçün əlçatanlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb.
Mərkəzin bir illik fəaliyyət göstəricilərinə əsasən, ümumilikdə 115 000-dən çox reabilitasiya xidməti göstərilib. Bu xidmətlərin 104 000-dən çoxu icbari tibbi sığorta çərçivəsində, 10 500-dən çoxu isə ödənişli əsaslarla həyata keçirilib.
Mərkəzdə tətbiq olunan qabaqcıl robotik texnologiyalar, genişləndirilmiş ambulator və stasionar xidmətlər, eləcə də icbari tibbi sığortanın imkanları reabilitasiya xidmətlərinin əlçatanlığının artırılmasına şərait yaradıb.
Yeni Robotik Reabilitasiya Mərkəzinin əsas məqsədi daha çox pasiyentə xidmət göstərmək, innovativ reabilitasiya metodlarını əlçatan etmək və insanların hərəkət qabiliyyətinin bərpası prosesində müasir tibbi imkanlardan istifadəni genişləndirməkdir.
Mərkəzin bir illik fəaliyyəti robotik reabilitasiya texnologiyalarının səhiyyədə tətbiqinin genişləndirilməsi və pasiyentlərin bərpa prosesinə dəstək baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilir.

