Yaponiyalı tədqiqatçılar xərçəng hüceyrələrinə gen redaktəsi texnologiyasını çatdırmağa imkan verən öz-özünə formalaşan nanohissəciklər hazırlayıblar.
Aztibb.az xəbər verir ki, Tokio Elm İnstitutunun alimləri tərəfindən yaradılan yeni texnologiya CRISPR-Cas9 gen redaktəsi alətini birbaşa şiş hüceyrələrinə çatdırmaq üçün nəzərdə tutulub. Tədqiqatın nəticələri “ACS Applied Materials & Interfaces” jurnalında dərc olunub.
Alimlər nanohissəcikləri üç komponentdən – Cas9 zülal kompleksindən, istiqamətləndirici RNT-dən və tanin turşusundan hazırlayıblar. Bu quruluş xüsusi qoruyucu polimer örtüklə əhatə olunub.
Diametri təxminən 30 nanometr olan nanohissəciklər qan dövranında sabit qalır. Lakin şiş toxumasına xas turş mühitə daxil olduqda qoruyucu örtük parçalanır və gen redaktəsi aləti hədəf hüceyrələrə buraxılır.
Glioma şişi olan siçanlar üzərində aparılan təcrübələrdə yeni platforma hədəf genin 37,2 faiz redaktə olunmasına nail olub. Müqayisə üçün, qoruyucu örtüyü olmayan analoji sistemlərdə bu göstərici cəmi 1,5 faiz təşkil edib.
Tədqiqat zamanı PLK1 və EGFR genlərinin hədəflənməsi bədxassəli şişlərin böyüməsini əhəmiyyətli dərəcədə zəiflədib.
Müəlliflər bildirirlər ki, texnologiyanın insanlarda tətbiqinə qədər onun təhlükəsizliyini və effektivliyini qiymətləndirmək üçün klinik şəraitə daha yaxın modellərdə əlavə sınaqlar aparılmalıdır.
Yeni yanaşma gen redaktəsi texnologiyalarının onkoloji xəstəliklərin müalicəsində daha dəqiq tətbiqi istiqamətində perspektivli elmi nailiyyət hesab olunur.

