Radiasiyadan qorunmaq üçün hazırlanan yeni preparatların hələlik təcili yardım vasitələrinin siyahısına daxil edilməsi məqsədəuyğun deyil. Bunun üçün preparatın hazırlanması üzrə bütün klinik tədqiqat mərhələləri tamamlanmalı, onun yalnız təhlükəsizliyi deyil, həm də effektivliyi sübut olunmalıdır.
Aztibb.az "Medikforum"a istinadən yazır ki, toksikoloq Aleksey Vodovozov bu barədə açıqlama verib.
Mütəxəssis preparatın hazırlanmasını perspektivli hesab etsə də, yekun nəticələrə yalnız sınaq proqramının tam başa çatmasından sonra gəlməyin mümkün olduğunu vurğulayıb.
“Bütün tədqiqat mərhələləri başa çatmalı, kapsulun yalnız təhlükəsiz olduğu və orqanizm tərəfindən yaxşı qəbul edildiyi deyil, həm də effektiv təsir göstərdiyi təsdiqlənməlidir”, – Vodovozov bildirib.
Nəşrin məlumatına görə, Kaliforniyada preparatın hazırlanması üzərində təxminən 30 il çalışıblar. İlk sınaq 18–65 yaş arası 42 könüllünün iştirakı ilə keçirilib.
İştirakçılara 100 milliqramdan 7,5 qrama qədər müxtəlif dozalarda maddə verilib. Sınağın nəticələrinə əsasən, iştirakçıların həyatı üçün ciddi təhlükə yaradan hallar qeydə alınmayıb.
Bununla belə, ilkin nəticələr preparatın həqiqətən də orqanizmi radiasiyanın təsirindən qorumaq qabiliyyətinə malik olduğunu təsdiqləmir. Bunun müəyyən edilməsi üçün hazırlanma prosesi davam etdirilməli, əlavə tədqiqatlar aparılmalı və preparatın təsiri ilə bağlı daha əhatəli məlumatlar əldə edilməlidir.

