Payız və qış aylarında gəmiricilərlə təmas nəticəsində yaranan hantavirus infeksiyasına yoluxma riski artır.
Aztibb.az "Arqumentı i faktı" nəşrinə istinadən xəbər verir ki, infeksiya əsasən siçanların sidik, tüpürcək və nəcisi ilə çirklənmiş tozun nəfəs yollarına daxil olması nəticəsində yayılır və ağır hallarda böyrək çatışmazlığına səbəb ola bilər.
Xəstəlik yüksək hərarət (38,5–40°C), güclü üşütmə, əzələ ağrıları və şiddətli baş ağrısı ilə başlayır. Sonrakı mərhələdə böyrəklərin zədələnməsi, sidikdə qan və hətta kəskin böyrək çatışmazlığı inkişaf edə bilər. Ağır hallarda hemodializ tələb olunur.
İnfeksiyanın əsas daşıyıcıları gəmiricilərdir. Onlar virusu sidik, tüpürcək və nəcis vasitəsilə ətraf mühitə yayırlar. İnsanlar əsasən qaraj, zirzəmi, bağ evi və anbarların təmizlənməsi zamanı havaya qalxan çirklənmiş tozu nəfəsə çəkərək yoluxurlar. Xəstəlik insandan insana keçmir.
Yoluxmadan qorunmaq üçün mütəxəssislər tövsiyə edirlər:
- Quru süpürgə ilə təmizlikdən çəkinin, səthləri əvvəlcə su və ya dezinfeksiyaedici məhlulla isladın.
- Təmizlik zamanı FFP2 sinfindən aşağı olmayan respirator və rezin əlcəklərdən istifadə edin.
- Qida məhsullarını gəmiricilərin çata bilməyəcəyi yerlərdə saxlayın.
- Bağ evində uzun fasilədən sonra istifadə ediləcək qabları qaynar su ilə yuyun.
- Qapalı məkanları təmizləyərkən havalandırmaya diqqət yetirin.
Məqalədə qeyd olunur ki, Rusiyada 2026-cı ildə hemorragik qızdırmanın böyrək sindromu ilə müşayiət olunan forması üzrə 1500-dən çox yoluxma qeydə alınıb. Xəstəliyin yayılması mövsümi göstəricilər çərçivəsində qiymətləndirilsə də, profilaktik tədbirlərə əməl etmək vacibdir.
Həkimlər yüksək hərarət, güclü baş ağrısı və ümumi vəziyyətin pisləşməsi kimi əlamətlər yarandıqda vaxt itirmədən tibbi yardıma müraciət etməyi tövsiyə edirlər.

