Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTTYM) Simulyasiya şöbəsi tərəfindən struktur bölmələrdə ACLS (Təkmil Ürək-damar Həyat Dəstəyi) və ITLS (Beynəlxalq Travma Həyat Dəstəyi) üzrə intensiv səyyar təlimlər təşkil olunur.
Aztibb.az xəbər verir ki, təlimlərin əsas məqsədi təcili tibbi yardım əməkdaşlarının peşəkar hazırlıq səviyyəsini yüksəltmək, praktiki bilik və bacarıqlarını təkmilləşdirmək, eləcə də fövqəladə hallarda effektiv komanda işini gücləndirməkdir.
Mərkəzin təcrübəli həkimləri tərəfindən aparılan praktiki məşğələlər real hadisələrə uyğun ssenarilər əsasında komanda fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilib. Hazırkı mərhələyədək təlimlərdə ümumilikdə 753 əməkdaş iştirak edib ki, onlardan 273-ü həkim, 335-i orta tibb işçisi, 76-sı kiçik tibb işçisi, 69-u isə sürücüdür.
Təlimlərin davam etdirilməsi təcili tibbi yardım xidmətinin keyfiyyətinin artırılmasına, əməkdaşların peşəkar hazırlığının gücləndirilməsinə və pasiyentlərə göstərilən tibbi yardımın effektivliyinin yüksəldilməsinə xidmət edir.

