Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutu, 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri, o cümlədən özəl xəstəxanaların nümayəndələrinin iştirakı ilə nadir xəstəliklər üzrə klinik protokolların tərtibatına dair işçi qrupun toplantısı keçirilib.
Aztibb.az xəbər verir ki, "Chiesi" şirkətinin dəstəyi ilə təşkil edilən toplantının məqsədi nadir hallarda rast gəlinən xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində tibbi yardımın keyfiyyətini artırmaq, bu sahədə çalışan həkim-mütəxəssislər üçün sübutlu təbabət prinsiplərinə əsaslanan vahid müasir milli standartlar və klinik tövsiyələr hazırlamaq olub.
İSİM-in direktoru Səbinə Babazadə giriş sözü ilə çıxış edərək müasir dövrdə klinik protokollara böyük tələbatın olduğunu vurğulayıb. O bildirib ki, vahid tibbi standartların tətbiqi həm həkimlərin fəaliyyətinə, həm də pasiyentlərə göstərilən xidmətin keyfiyyətini artırmağa kömək edir.
Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova nadir xəstəliklərin xüsusilə uşaq və yeniyetmələrin sağlamlığı baxımından erkən diaqnostikasının və düzgün idarə olunmasının dövlət səhiyyə siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
İSİM-in Epidemiologiya şöbəsinin müdiri Billurə Yusifova fenilketonuriya və kistoz fibroz xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə hazırlanan klinik protokolları iştirakçılara təqdim edib.
İSİM-in Epidemiologiya şöbəsinin həkim-metodisti Sevda Qazıyeva iştirakçılara fabri xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokolun tərtibi ilə bağlı görülən işlər barədə məlumat verib.
Klinik protokolların tibb müəssisələrində tətbiqi ilə bağlı işçi qrupunun üzvləri arasında səmərəli fikir mübadiləsi aparılıb.

