Türkiyəli alimlər xərçəng müalicəsində istifadə olunmaq üçün süd vəzi, prostat və ağciyər xərçəngi hüceyrələrinə təsir göstərən yeni dərman namizədi molekullar hazırlayıblar. Yerli dərman istehsalı baxımından mühüm nailiyyət hesab olunan bu ixtira həm Türkiyədə, həm də Avropada patentləşdirilib.
Aztibb.az "Posta" nəşrinə istinadən xəbər verir ki, tədqiqat Zonguldak Bülent Ecevit Universitetinin Kimya kafedrasının professoru Zuhal Gerçek, İstanbul Medipol Universitetinin Əczaçılıq fakültəsinin professoru Mustafa Güzel və tədqiqatçı Betül Yeşil tərəfindən aparılıb.
“Yeni tirozin kinaza inhibitorlarının sintezi və bioloji aktivliyinin araşdırılması” adlı elmi layihə çərçivəsində sintez edilən molekulların süd vəzi, prostat və ağciyər xərçəngi hüceyrələrinə təsiri laboratoriya şəraitində öyrənilib. Molekulların müxtəlif xərçəng hüceyrələrinə təsiri kompüter modelləşdirilməsi vasitəsilə də təhlil edilib.
İxtira 2024-cü ildə Türkiyənin Patent və Əmtəə Nişanları İdarəsində qeydiyyata alınıb. Avropa üzrə patent müraciəti də müsbət qiymətləndirilib.
Professor Zuhal Gerçek bildirib ki, tədqiqatın əsas məqsədi xərçəng əleyhinə dərman kimi istifadə oluna biləcək molekulları sintez etmək və onların antixərçəng aktivliyini elmi cəhətdən sübut etmək olub.
Onun sözlərinə görə, layihənin birinci mərhələsində molekulların sintezi, ikinci mərhələsində isə onların antixərçəng təsirinin araşdırılması həyata keçirilib. İkinci mərhələ professor Mustafa Güzel və tədqiqatçı Betül Yeşil tərəfindən icra olunub.
Alim qeyd edib ki, aparılan təcrübələr nəticəsində yeni molekulların xüsusilə süd vəzi, prostat və ağciyər xərçəngi hüceyrələrinə təsiri müəyyən edilib. Bu xüsusiyyətlər həm eksperimental, həm də nəzəri təhlillərlə əsaslandırılıb.
Tədqiqatın nəticələri Türkiyədə və Avropada alınmış iki patentlə qorunur. Professor Gerçek bunu ölkədə yerli dərman istehsalının inkişafı istiqamətində mühüm başlanğıc addımı kimi qiymətləndirib.

