Özbəkistanın Səmərqənd şəhərində 29-30 oktyabr 2026-cı il tarixlərində “Sərhədsiz Birlik” irsi və nadir xəstəliklərin diaqnostikası və müalicəsi üzrə V Beynəlxalq Forum təşkil olunub.
Aztibb.az-ın xəbərinə görə, forum Azərbaycan, Özbəkistan, Belarus, Rusiya və Qazaxıstan olmaqla beş ölkənin elmi təşkilatçılığı ilə baş tutub.
Azərbaycanın ilk dəfə elmi təşkilatçılar sırasında təmsil olunduğu bu genişmiqyaslı tədbir hər il Avropa və Asiya ölkələrindən 5000–7000 mütəxəssisi bir araya gətirir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Özbəkistan Respublikası Səhiyyə Nazirliyi, Rusiya Akademik N.P.Boçkov adına Tibbi-Genetik Elmi Mərkəzi, Qazaxıstan Respublikasının Tibbi Genetiklər Assosiasiyası və digər qurumların təşkilatçılığı ilə həyata keçirilən forumda geniş təcrübə mübadiləsi aparılıb.
Forumun keçirilməsində əsas məqsəd səhiyyə mütəxəssisləri, alimlər, tibb müəssisələri, xeyriyyə fondları və ictimai birliklərin nümayəndələrini bir araya gətirməklə nadir genetik xəstəliklər sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, diaqnostika və müalicə üsullarını təkmilləşdirmək, eləcə də pasiyentlərin həyat keyfiyyətini yüksəltmək olub.
Tədbirdə 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Gülnarə Cəfərova və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi Günay Əliyeva onlayn iştirak və çıxış ediblər.
G.Cəfərovanın “Azərbaycan Respublikasında bullyoz epidermolizli pasiyentlərin müalicəsi təcrübəsi”, G.Əliyevanın isə “Birincili siliar diskineziya” mövzusunda məruzələri dinlənilib. Onlar ölkəmizdə pasiyentlərin müasir klinik protokollara uyğun dinamik müşahidəsi və müalicəsi barədə ətraflı məlumat veriblər.
Tədbirə 26 ölkədən müxtəlif ixtisaslar üzrə həkimlər və səhiyyə mütəxəssisləri, o cümlədən tibbi genetika mütəxəssisləri, pediatrlar, oftalmoloqlar, kardioloqlar, travmatoloq-ortopedlər, terapevtlər, revmatoloqlar, mama-ginekoloqlar, nevroloqlar, onkoloqlar, hematoloqlar, dermatoveneroloqlar, qastroenteroloqlar, psixiatrlar, klinik psixoloqlar, reabilitasiya mütəxəssisləri, allerqoloq-immunoloqlar, endokrinoloqlar, nefroloqlar, pulmonoloqlar, neyrocərrahlar və funksional diaqnostika mütəxəssisləri qatılıblar. Həmçinin səhiyyənin təşkili üzrə mütəxəssislər, qanunverici və icra hakimiyyəti orqanlarının nümayəndələri də forumda iştirak ediblər.
İki gün davam edən forum çərçivəsində müxtəlif ölkələri təmsil edən aparıcı mütəxəssislər irsi və nadir xəstəliklərin diaqnostikası, müalicəsi, profilaktikası və müasir yanaşmalar sahəsində öz bilik və təcrübələrini bölüşüblər.

