Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda təhsil alan doktorantlarla görüş keçirilib.
İnstitutdan Aztibb.az-a bildirilib ki, görüşdə doktorantların elmi fəaliyyətini əks etdirən elmmetrik göstəricilər, elmi tədqiqatlar zamanı qarşılaşdıqları problemlər və həmin problemlərin operativ həlli mexanizmləri müzakirə olunub. İnstitutun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev çıxışında elmi müəssisənin əsas fəaliyyət istiqamətlərindən danışıb. O, fundamental tədqiqatlar vasitəsilə Azərbaycan elminin dünya elminə inteqrasiyasının, innovativ elmi nəticələrin sənayedə tətbiqinin və yüksəkixtisaslı kadrların hazırlanmasının əhəmiyyətini vurğulayıb. Doktorantura və dissertantura səviyyəsində kadr hazırlığının mövcud vəziyyətinin qənaətbəxş olmadığını bildirən Əfsun Sucayev Kimya İnstitutunda peşəkar gənc kadrlara ehtiyac olduğunu qeyd edib. O, elmi sahədə aparılan islahatlarda kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
İnstitut rəhbəri Elm və Təhsil Nazirliyinin elm və ali təhsil müəssisələrində doktorantura təhsilinə fərqli yanaşmaların tətbiqi mexanizmi üzərində işlədiyini diqqətə çatdırıb. Doktorantların elmi fəaliyyətlərində daha innovativ və təşəbbüskar olmalarının, həm tədqiqatlarda, həm də elmin idarə edilməsində yeni ideyalarla çıxış etmələrinin vacibliyini bildirib. Bildirilib ki, doktorantların elmi fəaliyyətinin sitat gətirilmə, nəşr fəallığı və digər kəmiyyət-keyfiyyət göstəriciləri əsasında qiymətləndirilməsi üçün vahid rəqəmsal profil infrastrukturunun yaradılmasını zəruridir. Beynəlxalq elmi bazalara inteqrasiyanın və şəffaf bal-kriteriya sisteminin tətbiqinin genişləndirilməsinin əhəmiyyətini də qeyd edib.
O, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin elmi işçilər üçün müəyyənləşdirdiyi maddi mükafatlandırma mexanizmindən doktorantların da yararlanmasının onların elmi fəaliyyətə marağının artırılmasına töhfə verə biləcəyini bildirib. Hazırda institutda təhsil alan doktorantların elmi fəaliyyətinin təhlil edildiyini deyən Əfsun Sucayev qiymətləndirmə zamanı elmmetrik meyarların əsas götürüldüyünü diqqətə çatdırıb. O, doktorantların dərc etdirdikləri elmi əsərlərin mövcud vəziyyətinin araşdırılması nəticəsində ortaya çıxan mənzərənin narahatlıq doğurduğunu vurğulayıb.
Professor elmi nəticələri qənaətbəxş olan doktorantların maddi dəstəklə təmin edilməsi və elmə maraqlarının artırılması məqsədilə laboratoriyalarda müvafiq işlə təmin olunduqlarını da bildirib.
Görüşdə doktorantların təklifləri dinlənilib, onların elmi fəaliyyətinin yaxşılaşdırılması istiqamətində konkret tapşırıq və tövsiyələr verilib.

