Oktyabr ayı dünyada süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə ayı kimi qeyd olunur. Əsas məqsəd xəstəlik barədə məlumatlılığı artırmaq, erkən diaqnostikanın əhəmiyyətini vurğulamaq və qadınları vaxtında müayinələrdən keçməyə təşviq etməkdir.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən Aztibb.az-a bildirilib ki, mammoqrafiya süd vəzilərinin aşağı dozalı rentgen şüaları vasitəsilə görüntülənməsi üsuludur. Müayinə zamanı süd vəzi toxumasında şübhəli kütlələr, kalsium çöküntüləri və digər dəyişikliklər aşkarlana bilər.
Bu üsul xəstəliyin əlamətləri yaranmazdan əvvəl müəyyən edilməsinə imkan verdiyindən süd vəzi xərçənginin erkən diaqnostikasında mühüm rol oynayır.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində süd vəzilərinin həm birtərəfli (unilateral), həm də ikitərəfli (bilateral) mammoqrafiya müayinəsi qarşılanır.
Müayinələr icbari tibbi sığortanın tətbiq olunduğu dövlət tibb müəssisələrində və göndəriş əsasında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin müqaviləli özəl tibb müəssisəsələrində icra olunur.
Mammoqrafiya əsasən süd vəzi xərçənginin erkən aşkarlanması üçün istifadə olunsa da, fibrokistik dəyişikliklərin, kistaların, yağ nekrozunun və süd vəzilərində asimmetriyanın qiymətləndirilməsinə də kömək edir.

