Azərbaycan Tibb Universitetində (ATU) magistratura təhsilinin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin təkmilləşdirilməsi və normativ-hüquqi tələblərə uyğun təşkili məqsədilə magistratura tədrisini həyata keçirən baza kafedraların müdirləri və məsul şəxslərlə görüş keçirilib.
ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə magistratura təhsil pilləsində semestr imtahanlarının test formatında təşkili, sillabuslarda göstərilən elmi və tədris ədəbiyyatlarının əlçatanlığının təmin edilməsi, normativ sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hazırlanması və kafedralarda dərs yükünün səmərəli bölüşdürülməsi məsələləri ətraflı müzakirə olunub. Xüsusilə, imtahanların test formatında keçirilməsinin qiymətləndirmə prosesində obyektivliyin, şəffaflığın və vahid yanaşmanın təmin edilməsinə, magistrantların nəzəri biliklərinin sistemli şəkildə yoxlanılmasına verə biləcəyi töhfə diqqətə çatdırılıb.
Sillabuslarda qeyd olunan ədəbiyyat mənbələrinin magistrantlar üçün əlçatan olması tədrisin elmi əsaslarla qurulmasının və müstəqil tədqiqat bacarıqlarının inkişafının mühüm şərti kimi vurğulanıb. Bu yanaşma *Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 4-cü məqsəd – Keyfiyyətli təhsil* ilə uzlaşaraq, keyfiyyətli tədris resurslarına çıxışın genişləndirilməsini, elmi biliklərin mənimsənilməsini və ömürboyu öyrənmə imkanlarının dəstəklənməsini nəzərdə tutur.
Müzakirələrdə normativ sənədlərin hazırlanması zamanı qanunvericiliyin tələblərinə riayət olunmasının, eləcə də kafedralarda dərs yükünün əsaslandırılmış və səmərəli şəkildə bölüşdürülməsinin tədris prosesinin davamlılığı və idarəetmənin effektivliyi baxımından əhəmiyyəti qeyd edilib. Bu məsələlər institusional məsuliyyətin, şəffaflığın və hesabatlılığın gücləndirilməsi baxımından *DİM 16 – Sülh, ədalət və güclü institutlar* məqsədi ilə əlaqələndirilib.
Görüşün əsas müzakirə istiqamətlərindən biri də magistrantların dissertasiya mövzularının seçilməsi zamanı DİM-lərin nəzərə alınması olub. Bildirilib ki, elmi-tədqiqat mövzuları yalnız akademik maraq və nəzəri əhəmiyyət baxımından deyil, həm də cəmiyyətin aktual ehtiyacları, sağlamlığın qorunması, sosial rifah, ətraf mühitin mühafizəsi və digər qlobal çağırışlar kontekstində qiymətləndirilməlidir. Tədqiqatların müvafiq DİM-lərlə əlaqələndirilməsi magistrantların elmi fəaliyyətinin praktiki əhəmiyyətini artırmaqla yanaşı, onların sosial məsuliyyətli və həll yönümlü tədqiqat yanaşmasının formalaşmasına da xidmət edir. Xüsusilə, səhiyyə və tibb sahəsində aparılan araşdırmalar üçün *DİM 3 – Yaxşı sağlamlıq və rifah*, elmi biliklərin inkişafı və keyfiyyətli təhsil üçün isə DİM 4 prioritet istiqamətlər kimi nəzərdən keçirilə bilər.
Görüşdə, həmçinin, tədris və qiymətləndirmə prosesinin təkmilləşdirilməsi istiqamətində Dövlət İmtahan Mərkəzinin təcrübəsi və test qiymətləndirməsinin təşkili prinsipləri nəzərə alınmaqla, magistratura imtahanlarının daha sistemli, obyektiv və şəffaf təşkili məsələləri diqqət mərkəzində saxlanılıb.
Sonda müzakirə olunan məsələlərin magistratura təhsilinin keyfiyyətinin yüksəldilməsinə, tədris prosesinin normativ tələblərə uyğunlaşdırılmasına, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin ali təhsil mühitində tətbiqinə töhfə verəcəyi vurğulanıb.

