Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Prezident təqaüdünə layiq görülən 26 tələbə ilə görüşüb.
Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələri və onların timsalında valideynləri təbrik edən rektor bu uğurun böyük zəhmət və əzmkarlığın nəticəsi olduğuna diqqət çəkib.
Rektor qeyd edib ki, ali məktəbə qəbul olaraq, tələbə adını qazanmaq gənclərin həyatında ilk mühüm nailiyyətdirsə, Prezident təqaüdünə layiq görülmək bu uğurun daha bir mühüm və əlamətdar mərhələsidir.
Gəray Gəraybəyli Prezident təqaüdçüsü adını qazanmağın çətin, bu ada layiq qalmağın isə daha böyük məsuliyyət tələb etdiyini bildirib. O, tələbələrin əldə etdikləri nəticələrlə kifayətlənməməli, biliklərini davamlı şəkildə artırmalı, yüksək akademik göstəricilərini qorumalı və gələcək hədəflərinə doğru əzmlə irəliləməli olduqlarını nəzərə çatdırıb.
Rektor universitet rəhbərliyinin tələbələrin potensialının reallaşdırılmaları, akademik inkişafı və uğurları üçün lazımi şərait yaradacağını və onlara bundan sonra da dəstək göstərəcəyini vurğulayıb. Eyni zamanda, ATU-da tələbə biliyinin qiymətləndirilməsi prosesinin şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçirildiyini qeyd edərək, tələbəyönümlü fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirib.
Görüş zamanı rektor Prezident təqaüdünə layiq görülən 26 tələbənin hər biri ilə ayrı-ayrılıqda tanış olub, onların məzun olduqları təhsil müəssisələri ilə maraqlanıb. Tələbələrin yüksək nəticələrini müsbət qiymətləndirən Gəray Gəraybəyli onların Azərbaycanın müxtəlif bölgələrini təmsil etməsini də diqqətəlayiq hal kimi vurğulayıb.
Rektor yüksək bal toplayan abituriyentlərin hər il olduğu kimi, bu il də ATU-ya üstünlük verməsini məmnunluqla qeyd edib. O, cari ildə IV ixtisas qrupu üzrə, xüsusilə tibb sahəsində imtahan nəticələrinin və keçid ballarının əvvəlki illərlə müqayisədə yüksəldiyinə də diqqət çəkib.
Görüşün sonunda tələbələrə mükafatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

