Elm dünyasında etik müzakirələrə səbəb olan cəsarətli və radikal özünümüalicə üsulu diqqət çəkib. Xorvatiyalı virusoloq, doktor Beata Halassy üç dəfə təkrarlanan süd vəzi xərçənginə qarşı standart müalicə variantları tükəndikdən sonra laboratoriyasında hazırladığı virusları öz orqanizmində sınaqdan keçirmək qərarına gəlib.
Aztibb.az "Vaccines" dərgisinin məlumatına istinadən yazır ki, öz üzərində apardığı bu elmi təcrübə tibb ədəbiyyatında nadir rast gəlinən nəticə ilə yekunlaşıb və xərçəng müalicəsində yeni imkanların araşdırılmasına yol açıb.
Doktor B.Halassy müalicə prosesində xərçəng hüceyrələrini hədəf alaraq immun sistemini aktivləşdirən onkolitik viroterapiya (OVT) üsuluna müraciət edib. O, laboratoriya şəraitində hazırladığı qızılca və vezikulyar stomatit viruslarından ibarət xüsusi qarışığı birbaşa şişin yerləşdiyi nahiyəyə yeridib. İki ay davam edən intensiv müalicə müddətində virusların yaratdığı immun cavab nəticəsində şişin nəzərəçarpacaq dərəcədə kiçildiyi, yumşaldığı və sağlam toxumalardan ayrılaraq cərrahi müdaxilə üçün əlverişli vəziyyətə gəldiyi müşahidə olunub.
Müalicədən sonra uğurlu əməliyyat keçirən Halassy aradan dörd il keçməsinə baxmayaraq, xərçəngdən azad vəziyyətdədir. Bu klinik hadisə, xüsusilə müalicə imkanları məhdud olan xərçəng növlərində fərdiləşdirilmiş viroterapiyanın potensialını nümayiş etdirir. Lakin proses təkcə tibbi nəticələri ilə deyil, elmi məqalənin nəşri zamanı qarşılaşılan çətinliklərlə də diqqət çəkib. Halassy-nin məqaləsi təhlükəsiz olmayan özünümüalicə üsullarını təşviq edə biləcəyi ilə bağlı narahatlıqlara görə bir sıra elmi jurnallar tərəfindən rədd edilib.
Nəhayət, 2024-cü ildə dərc olunan tədqiqat elmi ictimaiyyətdə etik sərhədlərin müzakirəsinə səbəb olub. Mütəxəssislər əldə edilən nəticənin diqqətəlayiq olduğunu qəbul etsələr də, klinik nəzarət olmadan həyata keçirilən bu cür fərdi müdaxilələrin həyati risklər daşıdığını və qətiyyən müstəqil şəkildə sınaqdan keçirilməməli olduğunu vurğulayırlar. Halassy isə öz təcrübəsinin xərçəng tədqiqatlarında viroterapiyaya daha çox diqqət yetirilməsi üçün təkan olacağına ümid edir.

