Qaragilə ürək-damar sağlamlığının dəstəklənməsi və xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edə bilən qidalar sırasındadır.
Aztibb.az-ın xəbərinə görə, kardioloqlar qaragilənin müntəzəm qəbulunun xolesterin səviyyəsini normada saxlamağa və ürək-damar sisteminin sağlamlığını qorumağa necə kömək etdiyini açıqlayıblar. Mütəxəssislərin fikrincə, burada əsas məqam yalnız menyuya hansı faydalı qidaların əlavə olunması deyil, həm də onların hansı zərərli məhsulları əvəz etməsidir. Şirniyyat, piroq və digər tərkibində əlavə şəkər olan qidalar əvəzinə qaragilə kimi giləmeyvələrin seçilməsi orqanizmə daxil olan şəkərin miqdarını azaldır. Rasionda şəkərin həddindən artıq olması qanda triqliseridlərin səviyyəsini qaldırır və "yaxşı" xolesterin hesab olunan yüksək sıxlıqlı lipoproteinlərin (YSLP) qatılığını aşağı salır ki, bu da ürək-damar xəstəlikləri riskini birbaşa artırır.
Qaragilə zəngin pəhriz lifləri və güclü antioksidant mənbəyidir. Mütəxəssislər xüsusilə bu giləmeyvəyə tünd göy-bənövşəyi rəng verən maddələr - antosianlar üzərində dayanırlar. Bu bitki birləşmələri hüceyrələri oksidləşdirici stresdən qoruyur və damarların sağlamlığının saxlanılması prosesində fəal iştirak edir. Bununla da, diyetoloqlar vurğulayırlar ki, qaragilə xolesterini təkbaşına salan müstəqil müalicə vasitəsi deyil. Onun potensial faydası ümumi rasiondan və həyat tərzindən asılıdır. Ürək sağlamlığını qorumaq üçün menyuda tərəvəzlər, meyvələr, dənli bitkilər, paxlalılar, qoz-fındıq və balığın olması, doymuş yağların və əlavə şəkərin isə məhdudlaşdırılması tövsiyə edilir.
Qaragiləni qatıq, sıyıq və ya smuzilərə əlavə etmək, yaxud ayrıca istehlak etmək mümkündür. Eyni zamanda, xolesterin səviyyəsi yüksək olan şəxslər yalnız pəhriz dəyişikliyinə arxalanmamalıdırlar. Müalicə zərurəti, profilaktika və digər tibbi tədbirlər mütləq həkim-mütəxəssislə müzakirə olunmalıdır.
Qaragiləni gündəlik rasiona daxil etmək bu seçimlərdən biri ola bilər. Ancaq sağlamlığın etibarlı təminatı yalnız bir meyvədə deyil, müxtəlif və keyfiyyətli qidalanmada, zərərli vərdişlərdən uzaq durmaqda və tibbi tövsiyələrə əməl etməkdədir. Çünki ürəyimizə göstərdiyimiz qayğı, əslində, həyatımıza göstərdiyimiz qayğıdır.

