Beynəlxalq İnvaziv Kardiologiya Günü sentyabrın 16-da qeyd olunur və milyonlarla insanın həyatını xilas etməyə kömək edən tibbin nailiyyətlərinə diqqəti cəlb etmək məqsədi daşıyır.
Aztibb.az xəbər verir ki, 1977-ci il sentyabrın 16-da alman həkim Andreas Qrünsiq dünyada ilk uğurlu koronar angioplastika əməliyyatını həyata keçirib. Bu innovativ yanaşma ürəyin işemik xəstəliyinin müalicəsində yeni eranın başlanğıcı olub. 2022-ci il sentyabrın 2-də həmin əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının A/RES/76/302 saylı qətnaməsi ilə az invaziv texnologiyaların inkişafının əhəmiyyətini xatırladan gün kimi rəsmən təsbit edilib.
İnvaziv kardiologiya angioplastika və stentləşdirmədən tutmuş ürəyin aorta qapağının transkateter implantasiyasınadək genişspektrli üsulları əhatə edir. Həmin əməliyyatlar ürək-damar xəstəliklərinin müalicəsində əsl sıçrayış olub, mürəkkəb açıq əməliyyatlara ehtiyac olmadan müalicə aparmağa və pasiyentlərin sağalma prosesini sürətləndirməyə imkan verir.

