Qəhvə, çay, süd və meyvə şirələri bəzi dərmanların orqanizm tərəfindən sorulmasına təsir göstərə və onların effektivliyini azalda bilər. Bu barədə bioloqiya elmləri namizədi, Piroqov Universitetinin Biokimya kafedrasının dosenti Rami Əhməd Masamreh məlumat verib.
Aztibb.az "Life" portalına istinadən yazır ki, alimin sözlərinə görə, əksər dərmanlar üçün onları qəbul edərkən ən optimal seçim adi sudur. Bununla belə, bütün dərmanların mütləq yeməkdən əvvəl və ya sonra qəbul edilməli olduğunu bildirən universal qayda yoxdur. Bu, konkret preparatın xüsusiyyətlərindən asılıdır.
Biokimyaçının sözlərinə görə, bəzi dərmanların acqarına qəbul edilərək sorulması üçün müəyyən vaxt tələb olunur. Digər preparatlarda isə əksinə, qidanın olması dərmanın orqanizm tərəfindən mənimsənilməsinə kömək edir. Bəzi dərmanların yemək zamanı qəbul edilməsi isə mədə selikli qişasının qıcıqlanmasını azaltmaq məqsədi daşıyır.
“Qəhvə, çay, süd və meyvə şirələri ayrı-ayrı dərman maddələrinin sorulmasına təsir göstərə və ya onların orqanizmlə qarşılıqlı təsirini dəyişə bilər”, — deyə Masamreh xəbərdarlıq edib.
Dərmanların qəbulunda şəraitin davamlı şəkildə eyni saxlanılması da mühüm əhəmiyyət daşıyır. Qidaya həssas olan preparat hər gün fərqli qaydada — bir gün acqarına, digər gün isə yeməkdən sonra qəbul edilərsə, onun orqanizmdəki konsentrasiyası dəyişə bilər.
Eyni vaxtda bir neçə dərman qəbul edən şəxslər isə müalicə sxeminə xüsusilə diqqətlə yanaşmalıdır. Çünki müxtəlif preparatların qəbul qaydaları bir-birindən fərqlənə bilər, eyni zamanda onların tərkibindəki aktiv maddələr qarşılıqlı təsir göstərə bilər.
Dərman qəbul etdikdən sonra narahatlıq və ya xoşagəlməz simptomlar yaranarsa, mütəxəssis qəbul vaxtını özbaşına dəyişməyi məsləhət görmür. Belə hallarda preparatın təlimatına və həkimin tövsiyələrinə müraciət etmək daha doğrudur.
Dərmanların effektivliyinə yalnız onların necə qəbul edilməsi deyil, saxlanma şəraiti də təsir göstərir. Əczaçılar daha əvvəl xəbərdarlıq ediblər ki, yüksək temperatur bəzi dərmanların xüsusiyyətlərini dəyişə bilər. Nəticədə preparat daha az təsirli ola, bəzi hallarda isə sağlamlıq üçün təhlükə yarada bilər.

