İnfeksionist: Kirpilər tulyaremiya, quduzluq və tetanus törədicilərini daşıya bilər
07.09.2026 14:45

Fəal olduqları indiki fəsildə kirpilər ağır, hətta ölümcül infeksiyaların daşıyıcısı ola bilər.

 

Aztibb.az "Medikforum"a istinadən yazır ki, infeksionist həkim Yelizaveta Polomoşnovanın sözlərinə görə, əsas təhlükə geniş yaraların deyil, dərin deşilmə və dişləmə xəsarətlərinin yaranmasıdır.

“İti diş və ya çirkli iynə şpris kimi təsir göstərərək toxumalara nüfuz edir və bakteriyaları onların sürətlə çoxala biləcəyi qapalı mühitə daxil edir. Xaricdən xəsarət kiçik nöqtə və ya cızıq şəklində göründüyü üçün insanlar çox vaxt tibbi yardıma müraciət etmirlər. Halbuki infeksiya artıq daxildə inkişaf etməyə başlayır”, – deyə mütəxəssis bildirib.

Əsas təhlükələr arasında quduzluq xüsusi yer tutur. Bu xəstəliyin ölümcüllüyü 100 faizə çata bilər və təmasdan sonra dərhal peyvəndlənmə tələb olunur. Peyvənd sxemi 0-3-7-14-30-90-cı günlər üzrə aparılır.

Digər təhlükəli infeksiya tetanusdur. Xüsusilə dərin və çirkli yaralar zamanı bu xəstəliyin yaranma riski artır. Əgər tetanusa qarşı peyvənd son 10 il ərzində yenilənməyibsə, təcili profilaktik tədbirlər görülməsi və anatoksinin tətbiqi tələb oluna bilər.

Tulyaremiya da kirpilərlə təmas zamanı nəzərə alınmalı infeksiyalardandır. Nadir rast gəlinməsinə baxmayaraq, müalicə olunmadıqda pnevmoniya, meningit və oynaqların zədələnməsi kimi ağır fəsadlara səbəb ola bilər.

Bundan əlavə, kirpilər üzərlərində gənələr daşıya bilər. Bu isə insan üçün gənə ensefaliti, Laym xəstəliyi, anaplazmoz və erlihioz kimi infeksiyalara yoluxma riski yaradır. Kirpi ilə təmas zamanı göbələk mənşəli dəmrov və birə vasitəsilə yayılan infeksiyalara yoluxmaq da mümkündür.

Mütəxəssis kirpi ilə təmasdan sonra yaranan xəsarət zamanı ilkin tibbi yardımın dərhal göstərilməsini tövsiyə edir. Yara 10–15 dəqiqə ərzində su və sabunla yuyulmalı, daha sonra xlorheksidin və ya hidrogen peroksidlə işlənməli və üzərinə quru sarğı qoyulmalıdır. Bundan sonra mümkün qədər tez travmatologiya məntəqəsinə müraciət etmək lazımdır.

Yaradan qanı sıxaraq çıxarmaq və ya onu yandırmaq olmaz. Bu cür müdaxilələr infeksiyanın yayılmasını sürətləndirə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır