Repressiyalardan tibb elminin zirvəsinə
19.09.2026 16:30

Sankt-Peterburq şəhərinə səfərim zamanı görkəmli azərbaycanlı həkim, professor Aza Rəhmanovanın əsasını qoyduğu tibb müəssisəsini - “Y.N.Vinoqradova adına QİÇS və Yoluxucu Xəstəliklərin Profilaktikası və Onlarla Mübarizə Mərkəzi”ni ziyarət etdim. Professor Aza Rəhmanova bu tibb ocağının elmi ideoloqu və uzun illər baş məsləhətçisi olub. Mərkəzə 2000-2007-ci illərdə Aza Rəhmanovanın qızı - professor Yelena Nokolayevna Vinoqradova rəhbərlik edib (Yelena Vinoqradovanın vaxtsız ölümündən sonra mərkəzə onun adı verilib). Hazırda mərkəz Aza Rəhmanovanın nəvəsi, professor Yelena Vinoqradovanın qızı - tibb elmləri namizədi, dosent Tatyana Nikolayevna Vinoqradovanın rəhbərliyi altında fəaliyyətini davam etdirir.

 

Mərkəzdə Azərbaycandan gəldiyimi, Aza Rəhmanovanın elmi fəaliyyəti ilə maraqlandığımı öyrənən əməkdaşlar bu barədə baş həkim Tatyana Vinoqradovaya məlumat verdilər. Baş həkim “həmyerlim gəlib” deyərək məni böyük səmimiyyətlə qarşıladı. Söhbətimiz zamanı nənəsindən və anasıdan danışdı, mərkəzin  bugünkü fəaliyyəti barədə geniş məlumat verdi. O, özünü Sankt-Peterburq və Bakı tibb məktəbinin yetirməsi hesab etdiyini xüsusi vurğuladı, nənəsinin xatirələr kitabını mənə hədiyyə etdi. Elə həmin gün Sankt-Peterburqun Bolşeoxtinski qəbiristanlığında professor Aza Rəhmanovanın və professor Yelena Vinoqradovanın məzarlarını ziyarət etdim.

 

Repressiya illərində

Aza Həsən qızı Rəhmanova 17 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olub. Atası Həsən Paşa (bəzi sənədlərdə Əlipaşa) oğlu Rəhmanov (1900-1940) Azərbaycan  SSR-də bir sıra yüksək və məsul dövlət vəzifələrində çalışıb. O, Azərbaycan Atıcı diviziyasının komissarı, Xəzər Gəmiçiliyinin siyası şöbəsinin rəisi, Azərbaycan SSR-nin mədəniyyət üzrə xalq komissarı və Azərbaycan KP  Naxçıvan Vilayət Komitəsinin birinci katibi olub.

 

 

Aza xanımın əmisi Hüseyn Əlipaşa oğlu Rəhmanov (1 dekabr 1902-21 aprel 1938) əmək fəaliyyətinə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyində başlayıb, sonradan Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi (1923-1925), Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Zaqafqaziya Ölkə Komitəsinin  birinci katibi, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi, Azərbaycan KP MK-nın ikinci katibi və 1933-1937-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifələrində çalışıb. 1935-ci ildə Lenin ordeni ilə təltif edilib.

1937-ci ildə SSRİ-də başlanan kütləvi siyası repressiyalar Rəhmanovlar ailəsini də ağır sınaq qarşısında qoyub, Həsən və Hüseyn Rəhmanov qardaşları əsassız ittihamlar, böhtan xarakterli ərizə və donoslar əsasında “əksinqilabi fəaliyyət”də təqsirləndirilərək həbs olunublar. Hüseyn Rəhmanov 21 aprel 1938-ci ildə güllələnib, Həsən Rəhmanov 1940-cı ildə həbsxanada vəfat edib. Repressiyalar bununla da bitməyib. Ailənin digər üzvləri də təqiblərə məruz qalıblar (İ.Əliyeva, “Sədaqətə xəyanət”, “Azərbaycan” qəzeti, 17 dekabr 2024).

 

Həsən Rəhmanovun həyat yoldaşı Həvva Rəhmanova (Hüseynbəyova) “xalq düşməninin ailə üzvü” kimi iki azyaşlı qızı - Aza ( 9 yaş) və Tamilla (6 yaş) ilə birlikdə Sibirə - Altay vilayətinin Sintaş qəsəbəsinə sürgün edilib. Həvva Rəhmanova Azərbaycan Tibb İnstitutunu bitirmişdi, tibb elmləri namizədi, dosent idi, təhsil aldığı Tibb İnstitutunda işləyirdi; İngiltərədə dərc olunmuş elmi məqaləsi onu təkcə Azərbaycanda deyil, bütün ittifaqda tanıdırdı.

 

***

Uzaq Altayda ailəni sərt iqlim, aclıq, çətin məişət şəraiti, necə deyərlər, ağır sınaqlar gözləyirdi. Peşəkar həkim kimi Həvva Rəhmanova qızlarının sağlamlığını qorumağın hər şeydən vacib olduğunu anlayırdı. Aza Rəhmanova xatirələrində yazır ki, anası Bakıdan gətirə bildiyi son qiymətli əşyaları sataraq bir inək almışdı. Həmin inəyin südü sayəsində ailə aclığın və xəstəliklərin ən ağır nəticələrindən qoruna bilmişdi. Aza və Tamillanın oxuduqları məktəbdə bir çox uşaqlar aclıq və vərəmdən həyatını itirirdi. “Ancaq anamızın uzaqgörənliyi sayəsində bizim evimizdə həmişə süd, qaymaq və kərə yağı olurdu” (Рахманова, A. (2016) Meмoрuaл. Воспоминания, размышления, документальные свидетельства. Санкт-Петербург). Məhz bu sadə, lakin həyati əhəmiyyət daşıyan qərar Aza və Tamillanın sağlam böyüməsində mühüm rol oynamışdı.

 

Müharibə illərində sürgün şəraitinin müəyyən qədər yüngülləşdirilməsindən sonra Həvva Rəhmanova qızları ilə birlikdə Qazaxıstanın Semipalatinsk şəhərinə köçürüldü. Burada o, həkimlik fəaliyyətini yenidən davam etdirdi, yüksək peşəkarlığı və insanlara qayğıkeş münasibəti sayəsində qısa müddətdə böyük nüfuz qazandı, Semipalatinsk vilayətinin baş terapevti vəzifəsinə qədər yüksəldi. Semipalatinskdə Həvva Rəhmanova yalnız öz qızlarının deyil, repressiyalar nəticəsində valideyn himayəsindən məhrum qalmış qohum uşaqlarının da qayğısına qalırdı.

 

***

Aza Rəhmanovanın uşaqlıq illərindən başlayan təhsil yolu ailəsinin keşməkeşli taleyi ilə sıx bağlı olub. Xatirələrdində qeyd etdiyi kimi, o, ilk təhsilini Bakıda, keçmiş Baksovetin qarşısındakı məktəbin rus bölməsində alıb: “Əmim Əjdərin əlindən tutub məktəbə gedərdim... Sahil bağı boyunca gedər, gözəl bir bağdan keçərdik. Sonralar Bakıda olanda tez-tez həmin bağa gələr, uşaqlıq illərimi xatırlayardım”.

 

Ailə Semipalatinskə sürgün edildikdən sonra da Aza Rəhmanova təhsilini yarımçıq qoymur və Semipalatinsk məktəbində oxuyur. Həmin illərdən söz düşəndə o, müəllimlərini həmişə dərin minnətdarlıq hissi ilə yad edirdi: “Onların əksəriyyəti repressiya olunaraq sürgün edilmiş görkəmli alim və ziyalılar idi. Alman dili və xarici ölkələr ədəbiyyatını Henrix Solomonoviç Mann tədris edirdi, məktəbdə onun məşhur alman yazıçısı Tomas Mannın əmisi oğlu olduğu deyilirdi. Qədim dünya tarixi dərslərini isə sürgün olunmuş yazıçı Qalina Serebryakova aparırdı".

 

Belə yüksək intellektual səviyyəyə malik müəllimlərin təsiri Aza Rəhmanovanın dünyagörüşünün formalaşmasında, elmə və mütaliəyə marağının daha da güclənməsində mühüm rol oynayır. 1949-cu ildə Aza Rəhmanova Semipalatinsk şəhərində orta məktəbin buraxılış sinfini fərqlənmə ilə başa vurur. Anasının peşəsini – həkimliyi seçir. Elə həmin il Alma-Ata Tibb İnstitutuna qəbul olunur.

 

Qazaxıstanda tibb institutuna qəbul olunması onun həyatında mühüm mərhələ olsa da, elmi və elmi peşəkar inkişaf yolunun növbəti daha çətin və məsuliyyətli mərhələsi qarşıda idi. Hamıdan yaxşı oxuyub, nə qədər “əla” qiymətlər alsa da, “xalq düşməni”nin qızına Stalin təqaüdü vermirdilər.

 

Təhsilin sonrakı illərində yaranan akademik hazırlıq imkanları Aza Rəhmanovanın daha yüksək səviyyəli tibb təhsili almaq arzusunu gücləndirir. Məhz bu səbəbdən o, Birinci Leninqrad Tibb İnstitutuna (indiki akademik İ.P.Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universiteti) köçürülərək təhsilini SSRİ-nin ən nüfuzlu tibb mərkəzlərindən birində davam etdirir.

 

Leninqrad mühiti gənc Aza Rəhmanova üçün həm böyük elmi imkanlar, həm də ciddi həyat sınaqları ilə yadda qalır. Tibb İnstitutunun elmi işlər üzrə prorektoru M.D.Sreseli dəfələrlə onu uzun sorğu-suala tutur: “Siz Semipalatinskə necə gəlmisiniz? Atan kim olub? Sizin ailədə sürgün olan varmı?.. Bəs qohumların arasında?..”

 

Aza Rəhmanova bütün suallara göz yaşları ilə “yox” cavabı verirdi. Amma hiss edirdi ki, prorektor onun cavablarına inanmır.

Təhsilini və gələcək iş karyerasını davam etdirmək üçün o, familiyasını dəyişdirmək məcburiyyətində qalır. 1954-cü ildə qrup yoldaşı Nikolay Vinoqradovla  ailə həyatı qurur və onun familiyasını qəbul edir. Bu nigahdan Yelena adlı qızı dünyaya gəlir (Aza Rəhmanova ailə qurduqdan sonra Vinoqradova soyadını qəbul etsə də, boşandıqdan sonra yenidən qızlıq soyadına qayıdır).

 

Leninqradda təhsil illəri Aza Rəhmanova üçün həm elmi baxımdan, həm də həyat təcrübəsi etibarilə son dərəcə çətin və məsuliyyətli dövr idi. O, SSRİ-nin ən güclü tibb məktəblərindən birində oxumağın yüksək tələblərini dərindən hiss edir, eyni zamanda böyük şəhər həyatının mürəkkəbliyi ilə üzləşirdi. Tələbəlik illərində məişət şəraiti, maddi çətinliklər və ailədən uzaqlıq onun üzərinə əlavə yük qoysa da, Aza Rəhmanova məqsədindən geri çəkilmir.

 

Birinci Leninqrad Tibb İnstitutunda təhsilini uğurla başa vuran Aza Rəhmanova yüksək ixtisaslı həkim kimi formalaşır. İ.P.Pavlov adına Birinci Leninqrad Tibb İnstitutunun yoluxucu xəstəliklər kafedrasında klinik ordinatura keçən (1955-1957-ci illər) Aza Rəhmanovanı gənc həkim kimi xam torpaqlara göndərilir. O, yenə Qazaxıstana gəlir, 1959-cu ilə kimi Semipalatinsk şəhərində yoluxucu xəstəliklər üzrə həkim işləyir.

 

Stalinin ölümündən sonra, xüsusilə 1954-cü ildən etibarən SSRİ-də siyasi repressiya qurbanlarının işlərinə yenidən baxılmasına başlanılır, 1956-cı ildən bu proses kütləvi xarakter alır. Həsən Əlipaşa oğlu Rəhmanova ölümündən sonra, 22 mart 1955-ci ildə bəraət verilir. Rəhmanovlar ailəsinin günahsızlığı rəsmən sübut olunur. Bu bəraət kağızı onların 1959-cu ildə Bakıya alnıaçıq qayıtmasına və ölkə səhiyyəsidəki fəaliyyətlərinə yol açır...

 

***

1959-cu ildə Rəhmanovlar ailəsinin Bakıya qayıdışı onların həyatında yeni bir mərhələnin başlanğıcı olur. Bu dövrdə Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyev Həsən və Hüseyn Rəhmanov qardaşlarını yaxından tanıdığı üçün Rəhmanovlar ailəsini böyük səmimiyyətlə qarşılayır. Onun həyat yoldaşı Leyli (Leyla) xanımla birlikdə Rəhmanovlar ailəsinə göstərdikləri diqqət, qayğı və mənəvi dəstək ailənin yeni həyata inamla başlamasında mühüm rol oynayır.

 

Əziz Əliyevin rəhbərlik etdiyi Həkimləri Təkmilləşdirmə İnstitutunda Həvva Rəhmanova işlə təmin olunur. Həvva xanımın vaxtilə əlindən alınmış dosent elmi adı bərpa edilir. Bu hadisə onun uzun illər ərzində göstərdiyi elmi-pedaqoji fəaliyyə verilmış gecikmiş, lakin ədalətli qiymət idi. Bununla yanaşı, Rəhmanovlar ailəsi  mənzillə də təmin edilir. Yeni mənzilin Əziz Əliyevin yaşadığı binada yerləşməsi ailələr arasında yaranmış səmimi münasibətlərin və qarşılıqlı etimadın daha da məhkəmlənməsinə şərait yaradır.

Həvva xanım Rəhmanova ömrünün sonunadək (1988-ci il) Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti vəzifəsində çalışır, zəngin bilik və təcrübəsini gənc həkimlərin hazırlanmasına həsr edir...

 

Aza Rəhmanova 1959-1961-ci illərdə Bakı şəhərində 3 nömrəli Klinik Xəstəxanada və 11 nömrəli Poliklinikada yoluxucu xəstəliklər üzrə həkim işləyir. Onun elmi  fəaliyyətə qayıtması üçün də əlverişlı şərait yaranır və o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aspiranturaya qəbul olunur. 1964-cü ildə “Botkin xəstəliyinin anikterik və zəif formaları” mövzusunda dissertasiya müdafiə edir. Dissertasiyanın elmi rəhbəri Birinci Leninqrad Tibb İnstitutunun professoru Yevqeniya Petrovna Şuvalova idi. Bu tədqiqat Aza Rəhmanovanın infeksion xəstəliklər sahəsində müstəqil alim kimi formalaşmasının mühüm mərhələsi olur.

 

Sürgün illərinin yaratdığı uzun fasilədən sonra Aza Rəhmanovanın elmi yaradıcılıq yolu Bakıda yenidən davam edir. Məhz Bakı dövründə onun elmi potensialı tam şəkildə üzə çıxır və infeksion xəstəliklər sahəsində görkəmli alim kimi formalaşmasının təməli qoyulur.

 

***

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda namizədlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra Aza Həsən qızı Rəhmanova 1965-ci ildə Bakıdan Leninqrada - Birinci Leninqrad Tibb İnstitutuna qayıdır. Bu qərarın verilməsində onun elmi fəaliyyətini daha da inkişaf etdirmək istəyi ilə yanaşı, ailə vəziyyəti də mühüm rol oynayırdı. Həyat yoldaşı Nikolay Vinoqradov (tibb elmləri namizədi, dosent, pediator-həkim) həmin dövrdə Leninqradda yaşayır və fəaliyyət göstərirdi.

 

Leninqradda Aza Rəhmanovanı elmi rəhbəri, hələ tələbəlik illərindən sevimli müəllimi olmuş professor Yevgeniya Petrovna Şuvalova səmimiyyətlə qarşılayır və öz yetirməsinə yenidən qayğı göstərir. Professor Şuvalovanın dəstəyi sayəsində Aza xanımın Leninqrad şəhərində pasport qeydiyyatına düşməsi məsələsi öz həllini tapır, o, Şuvalovanın rəhbərlik etdiyi kafedrada əvvəlcə  baş laborant, daha sonra yoluxucu xəstəliklər üzrə müəllim vəzifəsinə təyin edilir. Elə həmin dövrdə ona doktorluq dissertasiyasının mövzusu da təsdiqlənir. “Viruslu hepatitdə qaraciyər koması” mövzusunda doktorluq dissertasiyası üzərində gərgin elmi tədqiqatlar aparan Aza Rəhmanova 1970-ci illərin əvvəllərində S.P.Botkin adına Yoluxucu Xəstəliklər Klinikasında reanimasiya və intensiv terapiya xidmətinin təşkili istiqamətində fəaliyyət göstərir. Onun təşəbbüsü ilə 1973-cü ildə SSRİ-də yoluxucu xəstəliklər uzrə ilk ixtisaslaşmış reanimasya və intensiv terapiya şöbəsi yaradılır. Bu, ağır viruslu hepatit və qaraciyər koması olan xəstələrin müalicəsində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, infeksion xəstəliklərin intensiv terapiyası sahəsində mühüm elmi-praktik yenilik idi.

 

1974-cü ildə Aza Rəhmanova akademik Yevgeniya Petrovna Şuvalovanın elmi rəhbərliyi ilə  “Viruslu hepatitdə qaraciyər koması” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edir. 1982-ci ildə professor vəzifəsinə seçilir və 1984-cü ildə professor elmi adına layiq görülür. Bununla da, o, SSRİ-nin infeksion xəstəliklər üzrə tanınmış alimləri sırasında öz layiqli yerini tutur.

 

1984-cü ildə Aza Rəhmanova Leninqrad şəhərinin baş infeksionisti vəzifəsinə təyin olunur. Bu vəzifəyə irəli çəkilməsi onun infeksion xəstəliklər sahəsində qazandığı yüksək elmi nüfuzun, zəngin klinik təcrübəsinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi idi.

 

1986-cı ilin noyabr ayında A.Rəhmanova müsabiqə yolu ilə Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə Elmi-Tədqiqatlar İnstitutunun Yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilir. Onun rəhbərliyi dövründə kafedra elmi və klinik fəaliyyəti ilə daha da inkişaf edərək SSRİ-nın HİV infeksiyası və virus hepatitləri üzrə aparıcı elmi-tədqiqat və müalicə mərkəzlərindən birinə çevrilir. Burada aparılan fundamental və tətbiqi tədqiqatlar infeksion xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində mühüm elmi nəticələrin əldə olunmasına zəmin yaradır.

 

1987-ci ildən Aza Rəhmanova  Leninqrad vilayətində QİÇS və virus hepatiti ilə mübarizə sahəsində fəaliyyət göstərən bütün elmi klinik və təşkilati qurumları birləşdirən  QİDS və QİDS-lə əlaqəli xəstəliklər üzrə Elmi-Praktik Birliyinin direktoru vəzifəsini icra edir. 1998-ci ildə A.Rəhmanovanın təşəbbüsü və rəhbərliyi ilə Sankt-Peterburq QİDS və Yoluxucu Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi yaradılır. 2002-ci ildə 10 nömrəli Yoluxucu Xəstəliklər Xəstəxanasının həmin Mərkəzin tərkibinə daxil edilməsi ilə onun fəaliyyət imkanları daha da genişləndirilir. Bunun nəticəsində  Mərkəz öz strukturunda stasional müalicə müəssisəsi olan yeganə QİDS mərkəzinə çevrilir. Bu, Aza  Rəhmanovanın infeksion  xəstəliklərlə mübarizə sahəsində uzaqgörən təşkilatçılıq fəaliyyətinin və səhiyyə sisteminin inkişafına verdiyi mühüm töhfələrin bariz  nümunəsi idi.

 

***

Aza Rəhmanovanın çoxillik elmi, pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilir, o, bir sıra nüfuzlu dövlət təltiflərinə və fəxri adlara layiq görülür. Bunların sırasında SSRİ-nin “Səhiyyə əlaçısı” döş nişanı (1986), Rusiya Səhiyyə Nazirliyinin Təşəkkürnaməsi (1992), Rusiya Federasiyasının “Əməkdar elm xadimi” fəxri adı (1998), Sankt-Peterburq Tibb Akademiyasının Fəxri doktoru adı (2002), Sankt-Peterburq qubernatorunun Təşəkkürnaməsi (2010), ”Sankt-Peterburqa xidmətlərinə görə” medalı (2012) və Rusiya Federasiyasının “Vətən qarşısında xidmətlərinə görə” II dərəcəli ordeni (2013) xüsusi yer tutur. Bu yüksək təltiflər Aza Rəhmanovanın tibb elminin inkişafına, infeksion xəstəliklərlə mübarizəyə və yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına verdiyi mühüm töhfələrin rəsmi etirafı kimi dəyərləndirilə bilər.

 

A.Rəhmanova tibb ictimaiyyətinə yaxşı tanış olan “СПИД. Секс. Здоровье” jurnalını yaradaraq ömrünün sonunadək həmin jurnalın baş redaktoru kimi fəaliyyət göstərir.

 

Professor Aza Həsən qızı Rəhmanova 11 kitabın, tibb bacıları üçün məlumat kitabçalarının, 50-yə yaxın metodik vəsaitin və 350-dən çox elmi məqalənin müəllifi, 7 dərsliyin həmmüəllifi idi.

 

Aza Rəhmanovanın zəngin elmi-pedaqoji fəaliyyəti yüzlərlə yüksək ixtisaslı həkim və elmi kadrların hazırlanmasında mühüm rol oynayıb. Onun yetirmələri dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərir, müəllimlərinin elmi məktəbini və zəngin ənənələrini layiqincə davam etdirirlər. Aza Rəhmanovanın elmi rəhbərliyi ilə 20 elmlər doktoru və 50-dən çox elmlər namizədi hazırlanıb. Onun yetirmələri arasında azərbaycanlı alim-həkimlər - V.Süleymanov, N.Mirişli və A.Ağamalıyeva da var.

 

***

Aza Rəhmanovanın yaddaşında dərin iz buraxan hadisələr sırasında Ümummilli lider Heydər Əliyevlə keçirdiyi iki görüş xüsusi önəm daşıyır.

 

Birinci görüş 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı çərçivəsində baş tutur. Qurultay zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Sankt-Peterburqdan gəlmiş nümayəndə heyəti ilə görüşür. Nümayəndə heyətinin tərkibində Aza Rəhmanova da olur.

 

Aza Rəhmanova həmin görüşü belə xatırlayır: "Heydər Əliyev Rəhmanov qardaşlarını yüksək qiymətləndirdi. O mənə dedi ki, Rəhmanov qardaşları əsl vətənpərvərlər olmuş, haqsız yerə repressiyaya məruz qalmışdılar. Bu sözlər mənim üçün böyük bir şəxsiyyət tərəfindən verilmiş ən yüksək qiymət idi".

 

İkinci görüş 2002-ci il iyunun 11-də Ümummilli lider Heydər Əliyevin Sankt-Peterburqda yaşayan azərbaycanlılarla görüşü zamanı baş verir. Çıxışı zamanı Aza Rəhmanova atası Həsən Rəhmanovun Hüseyn Rəhmanovun qardaşı olduğunu qeyd edir. Heydər Əliyev onun sözünü tamamlayaraq deyir: "Hüseyn Rəhmanov 1938-ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin sədri idi, onun qardaşı Həsən Rəhmanov da yüksək vəzifədə çalışırdı. Onlar o zaman həbs olunub repressiyaya məruz qalmışdılar. Hüseyn Rəhmanovun bir şəklini xatırlayıram. O, yaraşıqlı bir gənc idi".

 

Söhbət zamanı Aza Rəhmanova Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Əziz Əliyevi də xatırlayır. Heydər Əliyev dərhal cavab verir: "Bəli, Əziz Əliyevi nəzərdə tutursunuz? Hüseyn Rəhmanov, Həsən Rəhmanov və Əziz Əliyev eyni dövrdə birlikdə işləyiblər. Əziz Əliyev o vaxt səhiyyə naziri idi. Bilirsiniz, o, mənim rəhmətlik həyat yoldaşımın atasıdır" .

Aza Rəhmanova bildirib ki, Bakıda vəfat edən anası uzun illər Əziz Əliyevin yaxın dostlarından olub, onun məzarı da Bakı şəhərindədir.

Bu söhbət Azərbaycan dilində aparılıb, görüşün sonunda Aza Rəhmanova rus dilində Heydər Əliyevə səmimi minnətdarlığını bildirir: "Bu qədər sırf insani detallar və keyfiyyətlər haqqında danışmağınızdan çox məmnunam. Onları xatırladığınız üçün çox şadam. Sizə olan dərin hörmət və sevgimiz təsadüfi deyil. Təkcə mən deyil, bütün qohumlarımız da Sizə böyük ehtiram bəsləyirlər" (AZERTAC. 2002, 11 iyun).

 

***

Aza Rəhmanovanın həyat yolu yalnız onun şəxsi elmi nailiyyətləri ilə deyil, ailəsində yaşatdığı həkimlik ənənəsi ilə də yadda qalıb. Qızı Yelena Vinoqradova 1955-ci ildə Leninqradda anadan olub. Uşaqlıq illəri əvvəlcə Qazaxıstanda (1957-1959), sonra Bakıda (1959-1967) keçib. İbtidai təhsilini Bakıda alan Yelena Vinoqradova orta məktəbi Leninqradda bitirib, biologiya və tibbə böyük maraq göstərib, 1973-cü ildə Birinci Leninqrad Tibb İnstitutuna daxil olaraq 1979-cu ildə oranı bitirib.

 

Yelena Vinoqradova 1980-ci illərin ortalarından anası Aza Rəhmanovanın rəhbərlik etdiyi kafedrada işləməyə başlayıb. Yelena anasının yolunu davam etdirib, yoluxucu xəstəliklər mövzusunda elmi tədqiqatlar aparıb, 1984-cü ildə infeksionologiya istiqaməti üzrə tibb elmləri namizədi alimlik dərəcəsini alıb. 1998-ci ildə yoluxucu xəstəliklərin diaqnostikası, klinikası və hamilə qadınlardan uşaqlara keçməsinin qarşısının alınması mövzusunda fundamental doktorluq işini müdafiə edərək professor elmi adını qazanıb.

 

Aza Rəhimova və qızı Yelena Vinoqradova uzun illər eyni elmi ideyalar ətrafında birlikdə çalışıblar.  1987-ci ildə SSRİ-də ilk rəsmi İİV (HİV) yoluxması qeydə alındıqda, Aza Rəhmanova və Yelena Vinoqradova ölkədə bu virusla mübarızə aparan ilk mütəxəssislər kimi tarixə düşürlər.

 

Yelena Vinoqradova anasının elmi rəhbərliyi və dəstəyi ilə Sankt-Peterburq QİÇS-lə Mübarizə Mərkəzinin əsasını qoyub və ömrünün sonunadək bu mərkəzə rəhbərlik edib. Professor Yelena Vinoqradova 25 oktyabr 2007-ci ildə amansız xəstəlik səbəbindən vaxtsız vəfat edib.

 

Ailənin qurduğu həmin məşhur tibb müəssisəsi bu gün rəsmi olaraq professor Yelena Vinoqradovanın adını daşıyır və onun xatirəsini  yaşadır. Hazırda bu mərkəz həm ananın (Aza Rəhmanova), həm də onun qızının (Yelena) elmi ideyaları ilə idarə olunur və mərkəzə onların ailə davamçısı Tatyana Vinoqradova rəhbərlik edir. O, özünü Sankt-Peterburq və Baki tibb məktəblərinin yetirməsi sayır.

 

***

Professor Aza Rəhmanovanın ömür yolu təkcə bir görkəmli alimin və həkimin bioqrafiyası deyil, həm də bir ailənin dörd nəslinin təbabətə və insan sağlamlığına sədaqətlə xidmət tarixidir. Bu şərəfli yolun başlanğıcında repressiya illərinin bütün ağır sınaqlarına mətanətlə sinə gərmiş həkim, alim Həvva Rəhmanova dayanır. O, həyat yoldaşının – Həsən Əlipaşa oğlu Rəhmanovun repressiyaya məruz qalmasından sonra ailəsini qoruyub, qızı Aza və nəvəsi Yelenanı böyüdüb, onları Vətənə sədaqət, xalqa xidmət və elmə bağlılıq ruhunda tərbiyə edib.

 

Həvva xanımın yaratdığı mənəvi və peşəkar ənənələri qızı professor Aza Rəhmanova daha da zənginləşdirib, dünya şöhrətli infeksionist alim kimi bu ailənin adını tibb elminin tarixinə yazdırıb. Bu yolu professor Yelena Vinoqradova uğurla davam etdirərək elmi məktəbin formalaşmasında və inkişafında mühüm rol oynayıb. Bu gün isə həmin müqəddəs ənənəni Aza Rəhmanovanın nəvələri Tatyana və Anna yaşadırlar.

 

Bu, təkcə bir ailənin taleyi deyil, elmə, insanlığa və həkim peşəsinə sədaqətin nəsildən-nəslə ötürülən parlaq salnaməsidir.

 

İnsan ömrü başa çatır, amma elmə, xeyirxahlığa və insanlığa xidmət edən ömürlər davam edir. Həvva xanımın yandırdığı ocaq bu gün də sönmür.

 

Namaz Manafov, Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Daha bir tibb müəssisəsində kök hüceyrə transplantasiyasına başlanılacaq
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində səyyar tibbi aksiya keçirilib
Çində süni intellektin iştirakı ilə hazırlanmış ilk COVID-19 preparatının bazara çıxarılmasına icazə verilib